Mənim adım...

İnsan təfəkkürü maddi aləmlə o qədər bağrıbadaş olub ki, düşündüyümüz hər şeyi gerçəkləşdirmək mümkündür. Filosofların yəqinliklə söylədiyi bu fikri el yaddaşı ilə ifadə etsək, belə də demək olar: ağıla gələn başa gəlir.

Əgər ağıla gələn başa gəlirsə, yəni gerçəkləşirsə, bənzətmələrin reallıq göstəriciləri nə qədərdir? Şair təxəyyülünün imkan verdiyi genişlik material ağılın hüdudlarından kənarda deyilsə və hər bir mifoloji parçanın nüvəsində gerçəklik yaşayırsa, onda... Onda Şəmslə Qəmər (Günəşlə Ay) hansı mifoloji reallığın təhtəlşüuri assosiasiyası ilə bənzətmə üçün təxəyyülə yol tapıb?

Əslində, fərqinə varmadığımız bu münasibətlər həyatımızın ifadəsi kimi ayrı-ayrı söz birləşmələrilə bizi əhatələyir. Məsələn, "gün görməmək" – sözü hansı düşüncənin cilalanmış bənzətməsidir?

...Günlərin necə gəlib keçdiyini neon lampası ("iliç" olsun, nə fərqi var!) altında, Günəş şüasını zərərsizləşdirən qalın və rəngli şüşə arxasından müşahidə etmək özünü düşünülmüş surətdə Gündən məhrum etməkdir. Gündən məhrum olursan ki, gününü yaşamaq üçün fürsət qazanasan. Beləcə, günlərə parçalanmaqla ayı da, günləri də yaddan çıxarırsan. Hamısı təqvimə çevrilir və bu təqvimlər bir-birindən fərqlənməyən günləri "boz ayın kəsmək bilməyən küləkləri" ilə qabağına qatıb qovur. Və "gün görməmək" başlayır.

Gün – təkcə Günəşin görülməsi ilə yaşamaq meyarına çevrilməz. Bizim düşüncəmizdə gün özündə ona görə Günəşi ifadə edir ki, Şəms həm də gözəllik və sevgi simvoludur. Günəşi görməmək – gözəllikdən məhrum olmaq, sevgisiz yaşamaq, özünü maddi aləmin qayğılarının girovuna çevirmək və gilyotinə məhkum adam kimi Sonu gözləməyə bərabərdir. Yalnız bu zaman "Əsrə bərabər gün" başlayır: əgər hər an edam kötüyünə sürüklənmək xofu ilə Günəşsiz günlər keçirirsənsə, başqa necə olmalıdır ki?


Bəlkə də bu baxışla "gün görməməyi" təsəvvür etmək olar. Ancaq əgər sənin inisialın A.Y-dırsa, onda bu mistikaya daha bir çalar əlavə olunur.

Bütün hallarda Günəşsiz olmaz, hətta mifik inamla heç vaxt "Gün" görməsə də, AY məhz Günəşin eşqilə doğur – İşığını Günəşdən aldığı kimi...

Günəşimiz mübarək!

lent.az