Polis Bakıda mitinq ab-havası yaratdı – FOTO

Yol polisinin qaçdı-tutdu oyunun qəribə sonluğu

Avqustun 6-dan 7-ə keçən gecə, gecə saat 01:00 radələrində Bakının mərkəzində Dövlət Yol Polisinin və Post-Patrul xidmətinin əməkdaşları ilə qadın sürücü arasında insident yaranıb.

AzNews.az-ın olaya şahidlik edən əməkdaşının sözlərinə görə, qalmaqala səbəb yol polisi işçilərinin qadın sürücünün idarə etdiyi 90-KR-551 dövlət nömrə nişanlı, "Nissan Mikra" markalı maşını dayandırmağa çalışması olub. Buna müvəffəq ola bilməyən YPX əməkdaşları sürücünü "Azneft" dairəsindən Rəşid Behbudov küçəsinə qədər təqib edib. Sürücü xanım isə polisin israrlı tələblərinə baxmayaraq, maşını saxlamayıb.

Rəşid Behbudov küçəsinə doğru hərəkət edən maşının qarşısı burada YPX və Post-Patrul Xidmətinə məxsus 199 və 191 nömrəli maşınlarla kəsilib. Bunun ardınca məcbur qalaraq maşını yolun ortasında saxlayan qadın sürücü pəncərələri bağlayaraq, maşının salonundan çıxmaqdan imtina edib. Yol polisi əməkdaşları isə elə qadın sürücü maşının salonunda qala-qala maşını aparmaq üçün əraziyə evakuator çağırıblar. Ancaq hadisəyə şahidlik edənlər polisi bu fikrindən daşındırmaq istəyiblər.

Əməkdaşımız bildirir ki, maşının mühərriki söndürülmüş olduğu üçün kondisionerini də işlədə bilməyən qadın uzun müddət avtomobilin isti salonunda qaldığı və həyəcanlandığı üçün halı pisləşib. YPX əməkdaşları isə qadının vəziyyətini nəzərə almayaraq, maşını evakuatorla aparmaqda israr ediblər.

Qeyd edək ki, əraziyə çağırılan post-partul xidməti əməkdaşlarının və izdihamla maraqlanan sürücülərin maşınlarını saxlaması hadisə baş verən küçədə nəqliyyatın hərəkətini iflic edib. Gecə gəzintisinə çıxan şəhər sakinləri, eləcə də yaxınlıqda yaşayanların hadisə yerinə toplanması vəziyyəti bir qədər də qəlizləşdirib.

Uzun müddətdən sonra isə nəhayət, sürücünün qohumları olduğu güman edilən bir neçə maşın əraziyə gəlib. Gələnlərdən bir neçəsi polislərlə kənarda söhbət aparıb. Qısa müddət davam edən söhbətdən sonra polis avtoxuliqalıqda ittiham etdiyi qadın sürücünün sənədlərinə belə baxmadan ərazidən uzaqlaşmasına şərait yaradıb.

Bayaqdan heç cür "ipə-sapa yatmayan", sürücünün səhhətində yarana biləcək problemləri, sakinlərin xahişini, hətta şəhərin mərkəzi yolunun bağlanmasını nəzərə almayan polisin kiminsə bir dəqiqəlik "söhbətindən" niyə belə "incəldiyi" hamı tərəfindən maraqla, bir az da təbəssümlə qarşılanıb.

Elnur
AzNews.az

image description image description image description