Zavallı insan, azad it

TV-də bir yeniyetmənin iti necə döydüyünə sonadək baxa bilmədim. Oğlanın bunu hansı ağılla etməsi bir yana, internetə hansı düşüncəylə yerləşdirməsi heç başa düşülən deyil. İnsanlığını itirmiş özünü qəhrəmanmı sayır? Yoxsa qəhrəman sayılacağını düşünür?..

Buralarda ol, indi yaxana bir orden sancacaqlar...

Üç ildir qapımıza bir it bağlamışıq. Həyətə gətirərkən idarəolunmaz bir küçük idi. İndi yekəlib, boyu qurşağımdandır. Əvvəllər ipini açıb tez-tez çölə buraxırdım. Sevincək atılıb-düşür, qonşu uşaqlarının dövrəsində onlarla min bir oyun çıxarırdı. İndi adamı yeməyə belə hazırdır. Onu ipdən açmaq olar... Sonuncu dəfə zəncirin halqasını özü qırıb qaçmışdı. Həyətdə bir haray-həşir qopmuşdu ki! Qonşuların səsi, uşaqların çığırtısı...

Güclə öhdəsindən gəldik. Amma o gündən qurdbasana oxşayan it günbəgün arıqlayır. Həm də itaətkar, məzlum olub. O qədər zavallı görünür ki, adam dəsmal götürüb itin gününə ağlamaq istəyir. Damına da girmir Günün altında qovurulur, dilini çölə çıxarıb ləhləyir. Nə illah edirəmsə, damda qalmaq istəmir. Uzaq başı özünü verəcək keçən payız əkdiyim söyüdlərin kölgəsinə, hərdən bir hürəcək, sonra acı-acı zingildəyəcək. Xüsusən gecələr. Qabağına yalaq qoysan da xeyri yoxdur. İt ipindən açılmaq istəyir. Pəncərədən çölə baxmağa da peşmansan. Səni gördümü, başlayacaq məzlum gözləriylə ürəyini dəlməyə. Bilmirsən nə edəsən, məişət qayğılarından dumanlanmış başını üstündə gəzdirdiyin bədəninin, dərddən ağrıyan canının hayına qalasan, yoxsa itin halını düşünüb, istəyinə boyunu əyəsən...

Onu zəncirdən açmaq çətin iş deyil. Dərd odur ki, qapıdan uzağa getməyəcək. At kimi dördnala ora-bura qaçacaq, gedib gəzəcək, ətrafdakı zibil yığınlarını eşəcək, torbaları dişində tutub həyətə daşıyacaq. Onda da öz evimizdə hay-həşir qopacaq. "Apar azdır onu!" Hər dəfə həyət-baca zibil qalaqlarından üfunət qoxuduqda bu sözü eşidirəm. İti də, iti həyətimə gətirəni də bir dəfə lənətləyib içimdə söyür, dişimin dibindən çıxanı mızıldayıram. Amma... elə ki iş iti həyətdən çıxarıb azdırmağa yetişdikdə "qoruyucu mələklər" qarşımı kəsir.

"Aparma! Yazıqdır, ac-susuz qalar..." TV-də döyülən iti görəndə həyətdəki itim yadıma düşdü. Sonadək baxa bilmədim o vəhşi səhnəyə. İxtiyarsız çölə çıxdım. Əvvəlki kimi söyüdün altında oturmuşdu. Başını yazıq görkəmlə aşağı sallamışdı. Məni görəndə bircə dəfə laqeyd halda başını qaldırıb üzümə baxdı. Elə bil "çıx get" demək istəyirdi dilsiz heyvan. Yaxınlaşıb başını sığalladım. Burnunu ayağıma sürtüb zingildədi... Vəfalı heyvan, sabah buxovlarını açacağam, səni bu mənfur həyatdan xilas edəcəyəm. Buna söz verirəm. İnsan kimi. Biz it günündə yaşayırıqsa, heç olmasa sən azad insan kimi yaşayıb-dolan...

AzNews.az