Qurban

Mərhum Aydın Məmmədovun bir sözü vardı, deyirdi ki, xalq həmişə qəhrəmanlarını göz önündə görmək istəyir – ya tribunada, ya dar ağacında, fərq eləməz. Əslində, adamı bir anın içində göylərə qaldıran da, yerlə bir eləyən də eyni təfəkkürdü. Çalış həmişə qalib ol – qalibsənsə, baş üzərində, göz üstündəsən, çalış məğlub olma – məğlubsansa, dünən sevimlisi olduğun adamların bu gün səni eyni ehtirasla yerin dibinə soxa biləcəyini də düşün. Ta sənin hansı şəraitdə, hansı qeyri-bərabər döyüşdə uduzmağın kimsənin vecinə də deyil...

"Qarabağ" uduzdu. Çox yox, beş-on gün qabaq qalib gəlmişdi. O gün qələbəyə şərik çıxan azarkeşlərin çoxu indi bu məğlubiyyəti birbaşa komandanın, onun baş məşqçisi Qurban Qurbanovun ayağına yazmağa çalışdı – "Biz qalib gəldik" nidasını "Komanda uduzdu" anti-nidası əvəz elədi. Mən "Media sektoru" deyilən yerdən izləyirdim oyunu – əksəriyyəti idman jurnalisti idi. "0:1"dən sonra komandanı təftiş eləyənlər "0:2"dən sonra beş-on gün əvvəl qəhrəman gözündə gördükləri Qurban Qurbanovu "daşlamağa" başladılar: "Filankəsi niyə çıxarmır oyundan axı?"

Oyun bitdi. Uduzduq – alman komandasına, bundesliqa komandasına, uzun illərdən bəri ənənəsi olan bir komandaya – "Ayntraxt"a uduzduq. Hamımız məyus olduq. Qurban Qurbanov yenə təmkinini pozmadı və jurnalistlər qarşısında real mənzərəni anlatdı öz düşündüyü kimi. Və bugünkü Qurban Qurbanovla beş-on gün əvvəlki Qurban Qurbanovu müqayisə eləsək, mən bugünkü Qurban Qurbanovu daha çox bəyəndim – ona görə ki, onun təsadüfi adam olmadığını gördüm, onun hardan hara getdiyini çox yaxşı bildiyini, bu yola "uzun, incə bir yol" kimi baxdığını gördüm. Qurban Qurbanov dedi ki, azarkeşləri sevindirmək üçün var gücümüzü sərf elədik, ancaq təəssüf ki, uduzduq. Qurban Qurbanov dedi ki, heç vaxt indiki kimi məyus olmayıb...

Önəmlisi budu. Bu adam neçə illərdi öz yoluyla gedir – doğru bildiyi yolla gedir, ən yaxşı bildiyi işi görə-görə gedir və bu işi hamıdan yaxşı, can-dildən, vicdanla görür. Ruhdan düşmür, təmkinini itirmir. Elə buna görədi ki, bu adam neçə illərdi hamını "Qarabağ" təəssübkeşi eləyib. Elə buna görədi ki, bu adam neçə illərdi yaratdığı komandayla Avropanı "Qarabağ", "Azərbaycan" sözlərini yanaşı çəkməyə məcbur eləyə bilib. Elə buna görədi ki, bu adam neçə illərdi minlərlə yeniyetməni, minlərlə gənci "Qarabağ"ın fanatına çevirib. Ona görə ki, o öz işini sevir. Ona görə ki, o öz işini vicdanla görür. Ona görə ki, o, gördüyü işin gec-tez uğur qazanacağına inanır. Və "Heç vaxt indiki kimi məyus olmamışdım" sözlərini də elə-belə, gəlişinə söz kimi demirdi bu adam. Bu sözləri neçə illərdən bəri çəkilən zəhmət, əzm dedizdirirdi ona. Bu oyunda da qələbəni hamıdan, hamımızdan çox istəyən elə onun özüydü...

Bu oyuna görə Qurban Qurbanovu qınayan bir xeyli adam tapıldı. Bəzən bu qınaq dərs keçmək iddiasınacan dartındı – həddini aşanlar onu düzgün taktika qurmamaqda, nə bilim, filan oyunçunu dəyişdirməməkdə suçladılar. Neçə illərdən bəri bizi qələbələrə alışdıran, bizdə qələbə vərdişi yaradan, dünyanın adlı-sanlı komandalarını Azərbaycana gətirən, ən əsası da öz işinin peşəkarı olan adama o işdən dərs keçmək şakəri – "necəsən, deyim qanmadım, atan yansın?"

Öz bildiyi və sevdiyi işi görmək istəyən, başqa heç bir iddiası olmayan bir adamı hədəf seçib bütün məsuliyyəti onun üzərinə yükləmək, hər şeyi ondan tələb eləmək azarı son on illərin tanış psixologiyasıdı. Ellikcə o adamı təftiş eləmək, onu "Sən niyə qəhrəman olmursan?" ədasıyla günahlandırmaq bizə keçid dövründən miras qalmış xasiyyətdi. Amma bir az özümüzlə səmimi davranıb düşünsək, görərik ki, hər birimiz bildiyimiz işin qulpundan yapışsaq və işimizə vicdanla yanaşsaq, kimdənsə qəhrəman düzəltməyə ehtiyac qalmaz, ümumiyyətlə, cəmiyyətin qəhrəmana ehtiyacı olmaz.

...Jurnalist dostumun təxminən 12-13 il əvvəl elədiyi bir söhbəti, daha doğrusu, səfər təəssüratını son vaxtlar tez-tez xatırlayıram. Dostum Cənubi Koreyadan səfərdən gəlmişdi. Cənubi Koreya hökumətinin təşkil elədiyi bu səfərə Azərbaycandan bir qrup jurnalist dəvət olunmuşdu, biri də mənim dostum. Səfərdən qayıdandan sonra o, çox şeydən danışdı – bu ölkənin necə böyük bir inkişaf yolu keçdiyindən, insanların gülərüz, mehriban münasibətindən, kimsənin çöhrəsində qəzəb, nifrət, kin görmədiyindən... və daha nələrdən danışdı.

Bir məqam məni daha çox təsirləndirdi. Dostum deyirdi ki, dövlət qurumlarından birində keçirilən görüşdə Cənubi Koreyanın bu inkişafa necə nail olduğu haqda suala qəribə bir cavab alıblar. Deməli, müharibədən sonra ölkə iki yerə bölünüb – Şimali Koreya və Cənubi Koreyaya. Koreya torpağının təxminən üçdə biri Cənubi Koreyada qalıb. Cənubi Koreyanın da üçdə ikisi dağlıqdı. Ölkənin heç bir təbii sərvəti yoxdu – neft yox, qaz yox, iqtisadiyyat da bərbad. Ölkə səfalət içindədi. Bəs bu müşküldən necə çıxmalı? Ölkənin başbilənləri çox düşünüb-daşınandan sonra dövlət proqramı səviyyəsində bir sənəd qəbul olunub. Sənəddə göstərilib ki, ölkədə birinci təhsilin səviyyəsini qaldırmaq lazımdı, hər bir koreyalı öz övladına yaxşı təhsil verməyə borcludu. Nəticə göz önündədi – ağlın, zəkanın qurub yaratdığı ölkə. Bu gün Koreya öz iqtisadiyyatı, sənayesiylə dünyaya meydan oxuyur.

Heç nə birdən-birə yaranmır. Yaranan nə varsa, kökündə zəhmət, əziyyət dayanır. Min illər qabaq insan övladı bir dəmir parçasını itiləyib bıçaq düzəltdi. Amma bu dəmir parçasının ikisini birləşdirib qayçı yaratmaq üçün bəşər sivilizasiyası, nə az-nə çox, düz 500 yüz il inkişaf yolu keçməli oldu.

Ən böyük səmimiyyət insanın özünə qarşı səmimiyyətidi. Həm də ən çətini budu. Mən nədə səhv eləyirəm, nəyi bacarıram, mən bu mərtəbəyə doğrudanmı layiqəm? Hər birimiz bunları düşünüb doğru cavabı tapsaq və özümüzlə dürüst davransaq, yəqin ki, heç vaxt qarşımızdakı adamla prokuror kimi danışmarıq, heç kimi ittiham eləmərik, kənarda qəhrəman axtarmarıq, kiməsə "Sən qəhrəman olmalısan" deyib onun da həyatını cəhənnəmə döndərmərik, üzləşdiyimiz bəlaları başqasının üstünə yıxıb ondan qurban düzəltməyə çalışmarıq. Və nəhayət, öz bildiyi yolla səbirlə, təmkinlə, addım-addım gedən insanın zəhmətini bir günün, bir anın içində heç eləmərik. Necə ki, dünən Qurban Qurbanovun timsalında bunu eləmək istədik. Amma belə adamlar özlərinə güvənirlər, gördükləri işə inanırlar və öz inandıqları yoldan dönmürlər. Əslində heç elə adamların kənardan deyilən bu saçmalara qulaq verməyə vaxtları da olmur; onlar yol adamlarıdı, öz yolunun yolçularıdı və onlar üçün harda olmaq önəmli deyil – ya tribuna olsun, ya dar ağacı, fərq eləməz...

AzNews.az