“Azərbaycan mürəkkəb beynəlxalq şəraitdə çevik və balanslı xarici siyasət aparır” – Pərvanə Vəliyeva

"Hazırda mürəkkəb beynəlxalq konyunkturada Azərbaycan bütün həssaslıqları nəzərə alaraq xarici siyasət aparır. Bütövlükdə Yaxın Şərq çətin dövrdən keçir. Azərbaycanın diplomatik çevikliyi regionda baş verən proseslər fonunda milli maraqlarımız naminə zamanında, düşünülmüş və strateji şəkildə atılan addımlarda özünü göstərir. Bu münaqişədə Azərbaycanın mövqeyi hər zaman məsələnin danışıqlar və diplomatik yollarla həll edilməsindən ibarət olub. Bununla yanaşı, xarici siyasət prioritetlərimizdən biri də qonşuluğumuzda münaqişə və ya müharibənin olmamasıdır".

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

Qeyd edək ki, Yaxın və Orta Şərqdə davam edən silahlı qarşıdurmalar, böyük dövlətlər arasında güclənən rəqabət və enerji marşrutları uğrunda mübarizə regionda gərginliyi daha da artırır. Bu proseslər yalnız təhlükəsizlik mühitinə deyil, eyni zamanda qlobal enerji bazarlarına və nəqliyyat dəhlizlərinə də birbaşa təsir edərək qeyri-müəyyənliyi dərinləşdirir. Belə mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın balanslı və praqmatik xarici siyasəti ölkənin həm təhlükəsizlik potensialını artırır, həm də diplomatik imkanlarını daha qabarıq şəkildə ortaya qoyur.

Deputat qeyd edib ki, qonşuluğumuzda baş verən müharibə ölkəmizə də təsirsiz ötüşməyib.

"Təcrübə göstərir ki, Cənubi Qafqazda təhlükəsizlik imkanlarının genişləndirilməsi vacibdir. Bu sahədə ölkəmiz Türk Dövlətləri Təşkilatı ilə müzakirələr aparıb. Ölkəmizin hərbi və müdafiə imkanları nəzərdən keçirilərək hazır vəziyyətə gətirilib. Lakin qonşu İranla münasibətlər hazırda normaldır. Belə ki, dövlətimiz tərəfindən artıq ikinci dəfədir ki, İrana humanitar yardım göndərilir. İranın yeni ali dini rəhbərinə Dövlət Başçımız tərəfindən təbrik məktubu ünvanlanıb. Dövlətimiz bütün həmsərhəd ölkələrlə normal qonşuluq münasibətlərində maraqlıdır. Hazırda Hörmüz boğazının bağlanması ilə əlaqədar dünyanın enerji təhlükəsizliyində çətinliklər yaranır. Rusiyanın sanksiyalara məruz qalması və İranda müharibə səbəbindən dünyada neft təchizatında fasilələr yaranıb. Qlobal enerji bazarlarında yarana biləcək böhran bu sahədə qeyri-müəyyənlikləri artırır. Belə olan halda Azərbaycanın enerji resurslarına tələbat artır. Ölkəmizin həm alternativ və bərpa olunan enerji ehtiyatları, həm də ənənəvi enerji resursları Avropa üçün maraqlıdır. Avropa Şurası Prezidenti Antonio Koştanın ölkəmizə səfəri və aparılan müzakirələr də Azərbaycana ehtiyacın artdığını göstərir. Bu isə Aİ ilə enerji sahəsində əməkdaşlığın daha da genişlənəcəyinə işarə edir. Təkcə enerji təhlükəsizliyi sahəsində deyil, həm də logistika və bağlantılarla bağlı Azərbaycana artan tələbat müşahidə olunur. Bütövlükdə Avrasiya regionu üçün mühüm nəqliyyat dəhlizi olan Azərbaycan dünyada yeganə ölkələrdən biridir ki, həm Rusiya, həm də İranla həmsərhəddir. Hər iki istiqamətdə baş verən geosiyasi gərginliklər fonunda alternativ marşrutlara ehtiyac artır. Bu baxımdan Şərq-Qərb marşrutu üzrə Azərbaycan logistika və tranzit baxımından ən əhəmiyyətli, təhlükəsiz, sürətli və səmərəli marşrut kimi qiymətləndirilir".

Rəfiqə Namazəliyeva,

AzNews.az