- Müşahidə məntəqəsi
- 24 Mart 23:20
- 1 441
"Ali məktəblərdə ingilis dilində tədris qlobal problemə çevrilib" - Ramin Nurəliyev
"Hazırda dünyada əsas prioritet xarici dil biliklərinin inkişafıdır. Orta ümumi təhsil məktəblərində də, ali təhsil müəssisələrində də bu tendensiya müşahidə olunur. Dünyanın inkişaf etmiş ölkələri xüsusilə dil biliklərinə üstünlük verir. Tədrisin İngilis dilində aparıldığı ixtisaslar, həmçinin Çin, Alman, Fransız və digər dillərdə tədris olunan proqramlar gələcək perspektiv baxımından yüksək qiymətləndirilir. Bizim ölkədə isə orta ümumi təhsil məktəblərində və ali təhsil müəssisələrində xarici dillərin tədris səviyyəsini yüksək qiymətləndirmək çətindir. Orta məktəblərdə İngilis dili biliklərinin səviyyəsi xarici ölkələrlə müqayisədə orta qiymətləndirilə bilər, lakin ali təhsil müəssisələrində bu vəziyyət daha zəifdir".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Xatırladaq ki, son illərdə təhsil sahəsində qlobal və milli dəyişikliklər dil və ədəbiyyat təhsili sahəsində də özünü göstərir. Məktəb və universitetlərdə xarici dillərin öyrədilməsi yalnız kommunikasiya bacarıqlarını artırmaqla kifayətlənmir, eyni zamanda tələbələrin beynəlxalq əmək bazarında rəqabət qabiliyyətini yüksəldir. Paralel olaraq, Azərbaycan ədəbiyyatının və klassik dil biliklərinin müasir metodlarla tədrisi, gənclərin mədəni və intellektual inkişafında vacib rol oynayır.
Ekspert bildirib ki, tədrisi İngilis dilində olan ixtisasların əslində tam İngilis dilində aparılmaması diqqət çəkir.
"Bir neçə istisna universitetlər (məsələn, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, İqtisad Universiteti) xaricində, digər ali təhsil müəssisələrində İngilis dilində tədris qlobal problemə çevrilib. Bu, tələbələr və valideynlər tərəfindən ciddi narahatlıqla qarşılanır.Ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıqları, ikili diplom proqramları və s. əsasən İngilis dilində tədris olunan ixtisaslarda dilin düzgün istifadəsini tələb edir. Təəssüf ki, bu sahədə arzu olunan səviyyə hələ təmin olunmayıb. Nəticədə, tələbələr ixtisası İngilis dilində oxuyur, amma tədris yarımçıq şəkildə aparıldığı üçün dil bilikləri kifayət qədər inkişaf etmir və tələbələr imtahanlarda çətinlik yaşayır. Bu səbəbdən, xüsusilə orta səviyyəli tələbələrin bəzi universitetlərdə İngilis dilində ixtisas oxumasının tərəfdarı deyiləm. Tədris uşaq üçün anlaşılmaz və yarımçıq olduqda, o ixtisas üzrə peşəkar mütəxəssis yetişə bilmir və gələcəkdə əmək bazarında çətinliklərlə üzləşir. Mənim yanaşmam belədir: tələbə Azərbaycan dilində ixtisası mənimsəməli və İngilis dili biliklərini əlavə olaraq inkişaf etdirməlidir. Bu, gələcəkdə tələbənin karyerasına müsbət təsir göstərə bilər. Xüsusilə tərcümə ixtisasında İngilis dilində tədrisin tərəfdarı deyiləm. Hazırda bu ixtisas üzrə İngilis dilində oxuyan tələbələrin böyük hissəsi əmək bazarında çətinlik çəkir, çünki işə götürənlərin 70–80%-i onsuz da İngilis dilini bilir. Bunun əvəzinə, tərcümə Alman, Çin, Fransız və Ərəb dillərində aparılarsa, perspektiv daha yüksək olur, çünki bu dilləri bilən peşəkar mütəxəssis kifayət qədər yoxdur. Beynəlxalq təcrübəyə əsasən, tələbələr filoloji və regionşünaslıq ixtisaslarını, məsələn, Almaniyada və ya digər ölkələrdə magistratura səviyyəsində davam etdirməklə, gələcək karyeraları üçün daha böyük üstünlük əldə edirlər. Dünya inkişaf etmiş ölkələri xarici dil biliklərinə xüsusi önəm verir. SET, IELTS, TOEFL kimi imtahanlarda yüksək səviyyədə dil bilikləri tələb olunur. Təəssüf ki, Azərbaycanda orta məktəblərdə və ali təhsil müəssisələrində bu sahədə arzu olunan səviyyə hələ təmin olunmayıb. Bəzi ali təhsil müəssisələrində İngilis dilində tədris aparılsa da, kifayət qədər peşəkar müəllim heyəti olmadığı üçün tələbələr yarımçıq tədris alır, ixtisası tam mənimsəyə bilmir və dil bilikləri inkişaf etmir. Bu da onların ali təhsilini başa vurduqdan sonra əmək bazarında ciddi problemlərlə üzləşməsinə səbəb olur".
Rəfiqə Namazəliyeva,
AzNews.az