Elşad Abdullayevin qardaşı barədə qərar hələ icra olunmayıb

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru olmuş Elşad Abdullayevin qardaşı Elsevər Abdullayevlə bağlı məhkəmənin çıxardığı xüsusi qərardadla bağlı məsələyə aydınlıq gətirilib.

APA-nın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin Elsevər Abdullayev barəsində çıxardığı xüsusi qərardad hələ ki Baş Prokurorluğa göndərilməyib. Buna səbəb isə iş adamı Arzu Kazımov barəsində olan hökmün qanuni qüvvəyə minməməsidir.

Həbsdə olan iş adamı Arzu Kazımovun vəkili Ramiz Zeynalov da APA-ya açıqlamasında xüsusi qərardadın hökm qanuni qüvvəyə minəndən sonra icra olunduğu bildirib. R. Zeynalov Arzu Kazımovun barəsində olan hökmdən apellyasiya şikayəti verdiklərini bildirib: "Qanunvericiliyə görə, xüsusi qərardad hökm qanuni qüvvəyə minəndən sonra, yəni apellyasiya məhkəməsinin qərarından sonra icra olunur. Arzu Kazımovun barəsində apellyasiya məhkəməsinin qərarı olmadığından Elsevər Abdullayev barəsində çıxarılmış xüsusi qərardad da icra oluna bilməz ".

Qeyd edək ki Elşad Abdullayevin işi ilə əlaqədar tutulan iş adamı Arzu Kazımov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Elsevər Abdullayevin barəsində isə xüsusi qərardad çıxarıb. Belə ki, onun əməllərinin araşdırılıb, qiymət verilməsi üçün məhkəmə qərardadın Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edib.

Onu da qeyd edək ki, Elsevər Abdullayev Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsində şöbə prokuroru vəzifəsində çalışır.

AzNews.az