MSK "exit-poll" keçirmək üçün bir təşkilatı qeydə aldı

Mərkəzi Seçki Komissiyası (MSK) çərşənbə günü keçirilən iclasda bir təşkilatın Azərbaycanda keçiriləcək prezident seçkilərində "exit-poll" keçirməyinə razılıq verib.

Trend-in məlumatına görə, MSK iclasda "ELS" Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyini "exit-poll" keçirmək üçün qeydə alıb.

MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, "ELS" Müstəqil Araşdırmalar Mərkəzi İB Azərbaycanda keçirilən seçkilərdə 6 dəfə "exit-poll" keçirib və bu sahədə kifayət qədər təcrübəyə və resurslara malikdir. N.Məmmədov qeyd edib ki, "ELS" 1100 nəfərlə "exit-poll"da iştirak edəcək.

Eyni zamanda, MSK iclasında "Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" İctimai Birliyinin "exit-poll" keçirmək üçün müraciətinə baxılıb və imtina edilib. N.Məmmədov bildirib ki, "Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" İB MSK-ya təqdim etdiyi sənədlərdə, xüsusən də İB nizamnaməsində təşkilatın seçkilərdə iştirak edə bilməyəcəyi barədə bənd var.

İclasda, həmçinin Ədalət və Sosial Demokrat partiyalarının vəkil edilmiş şəxsləri qeydə alınıb.

AzNews.az