AMEA-da yeni kadr dəyişiklikləri

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bəzi kadr islahatları aparılıb. APA-nın xəbərinə görə, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında bir sıra kadr məsələlərinə də baxılıb.

AMEA Rəyasət Heyətinin qərarı ilə Əminə Cəfərova AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının I Xüsusi şöbəsinin rəis müavini, Svetlana Kərimova və Roza Əliyeva Mərkəzi Aparatın Təhsil və kadrlar şöbəsinin rəis müavinləri, Aida Abasquliyeva Mərkəzi Aparatın Ümumi şöbəsinin rəis müavini vəzifələrinə təsdiq olunublar.

AMEA Rəyasət heyətinin iclasında "AMEA-nın elmi tədqiqat institutu və ona bərabər statuslu elmi müəssisə haqqında Əsasnamə", "AMEA-nın elmi tədqiqat institutu və ona bərabər statuslu elmi müəssisənin rəhbəri vəzifəsinə seçkinin keçirilməsi Qaydaları", o cümlədən AMEA üzrə vəzifələr nomenklaturası təsdiq olunub.

Daha sonra iclasda AMEA-nın "Xəbərlər" jurnalında aqrar elmin müxtəlif sahələrində aparılan tədqiqatların nəticələrinin nəşr olunmasına ehtiyac olduğu da qeyd edilərək AMEA-nın "Xəbərlər" (aqrar elmlər seriyası) jurnalının təsisi və redaksiya heyətinin tərkibinin təsdiq olunmasına qərar verilib. "AMEA-nın Məruzələri" jurnalının redaksiya heyətinin yeni tərkibinin təsdiqi məsələlərinə də baxılaraq müvafiq qərarlar qəbul edilib. Tədbirdə həmçinin artıq ilk nömrələri çapdan çıxmış AMEA-nın elmi-kütləvi nəşri olan "Elm dünyası" jurnalından başqa, "Elm və həyat" dərgisinin də nəşr edilməsinə qərar verilib.

AzNews.az