MSK: “Seçici fəallığı 72,31 faiz olub”-YENİLƏNDİ

- YENİLƏNDİ

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən prezident seçkiləri ilə bağlı seçici fəallığının yekun nəticələri açıqlayıb.

AzNews.az-ın məlumatına görə, "Seçkilər" İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, yekun məlumata görə, seçicilərin 3 720 643 nəfəri səsvermədə iştirak edib.

Ölkə üzrə ümumi seçici fəallığı isə 72,31 faiz təşkil edib.


***
19:02

Səsvermə başa çatdı

Prezident seçkilərində səsvermə başa çatıb.
Saat 8.00-da start verilən səsvermə prosesi saat 19.00-da yekunlaşıb.

Qeyd edək ki, ölkə üzrə 5 milyon 145 min 643 nəfər səsvermə hüququna malikdir. Seçicilər 125 Seçki Dairəsi üzrə 5491 seçki məntəqəsində səs veriblər. Seçki məntəqələrinin 5273-nün fəaliyyəti daimi, 219-nun fəaliyyəti isə müvəqqəti xarakter daşıyır.

Səsvermə prosesi 119 Seçki Dairəsi üzrə 1000 seçki məntəqəsində quraşdırılan veb-kameralar tərəfindən izlənilib.

Seçkilərdə "exit-poll" təşkil olunub. Yerli təşkilatlarla yanaşı, beynəlxalq təşkilatlar da "exit-poll" keçirib. "Exit-poll" keçirən təşkilatlardan biri ABŞ-ın nüfuzlu AJF şirkətidir. Bu şirkət "exit-poll"u "APA Holding" MMC-nin dəvəti əsasında keçirib.


***
17:55

Bakı vaxtı ilə saat 17:00-a Azərbaycan Prezidenti seçkilərində 3 439 629 seçici səs verib.

Bu barədə Mərkəzi Seçki Komissiyasının yaydığı məlumatda bildirilir.

Bu da ümumi seçicilərin 66,84 faiz faizidir.


***
15:36

Bakı vaxtı ilə saat 15.00-a Azərbaycan prezidenti seçkilərində 2 987 213 seçici səs verib.

Bu barədə Mərkəzi Seçki Komissiyasının yaydığı məlumatda bildirilir.

Bu da ümumi seçicilərin 58,05 faizidir.

Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.


***
15:22
Sosial şəbəkələrin imkanlarından istifadə edib yalan yazmaq əxlaqsızlıqdır.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

M.Pənahov qeyd edib ki, hansısa monitorinq qrupunun hazırladığı məlumatları MSK adından yayıblar:

"Guya komissiya əvvəlcədən nəticələrlə bağlı məlumat yerləşdirib. Onlar elə fikirləşirlər ki, dəvəquşu başını quma salsa da, heç kim onu görmür".

MSK sədri deyib ki, təxribat xarakterli addım atanlar çox ciddi şəkildə xəbərdarlıq edilməlidir: "Ancaq bütün bu məsələlər bizim işimizə kölgə sala bilməz".



***
14:57
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında gün ərzində dairə seçki komissiyalarından (DSK) hüquq pozuntuları ilə bağlı daxil olan məlumatları açıqlayıb.

MSK sədrinin sözlərinə görə, yerlərdən bildiriblər ki, bəzi məntəqələrdə qanun pozuntuları baş verib.

Onun bildirib ki, Cəbrayıl DSK-da çöldə dayanıb seçicinin məntəqəyə daxil olmasına mane törədən şəxs olub:

"Ağdaşda bir nəfər özünü mətbuat işçisi kimi təqdim edib və sonradan seçki prosesinə müdaxiləyə cəhd edib. Cəlilabad rayonunda isə bir şəxs 10 bülleten götürərək qaçıb. Digər faktlar - seçicilərin etirazına baxmayaraq, seçki məntəqəsində çəkiliş aparılıb".

M.Pənahov əlavə edib ki, Zərdabda Cəmil Həsənlinin müşahidəçisi telefonla qeyri-qanuni çəkiliş aparıb və bunu istəməyən seçiciyə söyərək onu təxribata cəlb edib. Gəncədə isə şəxsiyyət vəsiqəsində ata adı səhv olan şəxs səs vermək istəyini bildirib:

"Bir sıra şəxslər eyni üsulla qarşısındakıları təhqir edərək, onları çaxnaşmaya təhrik edib, məntəqə komissiyasının üzvlərini hədələyiblər".

***
14:11
Oktyabrın 9-da prezident seşkilərində səsvermə zamanı Xətai 2-ci dairə seçki komisiyasının 7 saylı seçki məntəqəsində Milli Şuranın müşahidəçisi Südabə Səlimova Məntəqə Seçki Komissiyasının binasında yerləşən masadan 4 ədəd seçki bülletenini götürüb və qaytarmayıb.

Bu barədə MSK-nin Müstəqil Mətbuat Mərkəzindən daxil olan məlumatda bildirilir.

Həmçinin bildirilir ki, baş vermiş bu qanunazidd hərəkət Məntəqə Seki Komissiyası tərəfindən aktlaşdırılıb.

Buna bənzər hal saat 10:30 radələrində Cəlilabadda da baş verib. Cəlilabad şəhər sakini, Müsavat partiyasının üzvü Məmmədov Hacı Səfər oğlu 67 saylı dairə seçki komisiyasının 19 saylı məntəqəsindən təxminən 10 ədəd bülleteni götürərək seçki məntəqəsindən qaçaraq uzaqlaşıb. Bu insident də Məntəqə Seçki Komissiyasında aktlaşdırılıb.

***
12:42
Bakı vaxtı ilə saat 12.00-a Azərbaycan prezidenti seçkilərində 1 894 050 seçici səs verib.

Bu barədə Mərkəzi Seçki Komissiyasının yaydığı məlumatda bildirilir.

Bu da ümumi seçicilərin 36,81 faizidir.


***
10:36
AzNews.az xəbər verir ki, Seçkilər İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov səsvermənin gedişi, seçici aktivliyi ilə bağlı saat 10:31-ə olan ilkin nəticələri açıqlayıb.

Bu saata qədər 937 min 465 nəfər səsvermədə iştirak edib.

Ölkə üzrə ümumi seçici fəallığı isə 18, 2 faiz təşkil edib. Ən yüksək aktivlik dərəcəsi 24,72 faizlə 116 saylı Qəbələ, ən passivi isə 9, 29 faizlə 33 saylı Xətai birinci seçki dairəsində olub.



***
10:10
Dövlət başçısı İlham Əliyev prezident seçkilərində səs verib.

APA-nın məlumatına görə, İ. Əliyev 29 saylı Səbail Seçki Dairəsinin 6 saylı seçki məntəqəsinə gəlib.

Dövlət başçısı həmin məntəqədə səs verib.

***
09:54
Avropa Şurası Parlament Assableyasının (AŞPA) müşahidə missiyasının üzvləri Azərbaycanda keçirilən prezident seçkilərini izləməyə başlayıb.

APA-nın xəbərinə görə, missiyanın rəhbəri, İngiltərə parlamentinin üzvü Robert Valter öncə 16 saylı Yasamal ikinci Dairə Seçki Komissiyasının 12 saylı məntəqəsində olub. R. Valter məntəqədə açılış prosesini izləyib, məntəqə komissiyasının sədrinə suallar ünvanlayıb.

AŞPA müşahidə missiyasının rəhbəri daha sonra dairənin 14, 9 və 10 saylı məntəqələrində olub. R. Valter bu məntəqələrdə də prosesin müşahidə edib, veb-kameraların olub-olmaması, seçkilərin təşkili, hazırlıq prosesi ilə maraqlanıb.

AŞPA missiyasının rəhbəri jurnalistlərə açıqlamasında bildirib ki, məntəqələrdə hər şey qaydasındadır, hələlik heç bir problemlə rastlaşmayıblar. O, müşahidə nəticələrinin seçkilər başa çatandan sonra yayacaqları bəyanatda öz əksini tapacağını açıqlayıb.

***
08:00

Azərbaycanda prezident seçkisi artıq başladı.

Səhər saat 08:00-da açılan seçki məntəqələri axşam saat 19:00-da bağlanacaq.

Səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumatlar gün ərzində beş dəfə (saat 10:00, 12:00, 15:00, 17:00, 19:00) veriləcək. Bu, Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin nəzdində fəaliyyət göstərən İnformasiya Mərkəzin vasitəsilə həyata keçiriləcək.

Gecə saatlarında namizədlərin topladığı səs faizləri barədə ilkin məlumat açıqlanacaq.

Səsvermənin nəticələri haqqında məntəqə və dairə seçki komissiyalarının yekun protokolu barədə məlumatlar isə İnformasiya Mərkəzinin internet saytında seçki günündən başlayaraq yerləşdiriləcək. MSK seçkinin ilkin nəticələrini dairə seçki komissiyaları tərəfindən protokol təqdim edildikdən dərhal sonra seçki dairələri üzrə ümumiləşdirilmiş cədvəl şəklində və MSK-nın internet saytında yerləşdirəcək.

Azərbaycanın Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmamaqla prezident seçkilərinə yekun vurur və nəticələri təsdiq olunmaq üçün Konstitusiyanın 102-ci maddəsinə uyğun olaraq, Azərbaycanın Konstitusiya Məhkəməsinə təqdim edir.

Konstitusiya Məhkəməsinin bu barədə qərarı qətidir. Konstitusiyanın 101-ci maddəsinin II hissəsinə əsasən, prezidentliyə namizədə səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu səs verdikdə, o, Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır. Prezident seçkisinin nəticələri haqqında protokol imzalandıqdan sonra 24 saat müddətində dərc edilir. Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, prezident seçilmiş şəxs prezident seçkilərinin yekunları haqqında məlumat Konstitusiya Məhkəməsi tərəfindən rəsmən elan olunduğu gündən başlayaraq üç gün ərzində and içir.
Prezident seçkisində 10 namizəd mübarizə aparır.

Onlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Prezident seçkisi ilə əlaqədar Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən 5273 daimi, 219 müvəqqəti seçki məntəqəsi yaradılıb.

119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Əvvəlki illərdən fərqli olaraq bu dəfə smartfon tipli mobil qurğular vasitəsilə də səsvermənin gedişini izləmək mümkün olacaq.
Seçkiləri izləyəcək müşahidəçilərin ümumi sayı 52 min nəfərdir. Onlardan 1400 nəfərə yaxını beynəlxalq müşahidəçidir.

Seçkiləri işıqlandırmaq üçün 20-dən çox beynəlxalq KİV-in 70-ə yaxın nümayəndəsi Mərkəzi Seçki Komissiyasında akkreditə olunub.

Ölkənin səsvermə hüququ olan 5 milyon 145 min vətəndaşı bu gün ümumilikdə 5 min 491-dən artıq məntəqədə səs verəcək. Həcc ziyarətində olanlar da bu seçkidə iştirak edə biləcəklər ki, onların da sayı 3200 nəfərdir.

Bundan başqa, Azərbaycanın 12 minə yaxın vətəndaşı da oktyabrın 9-da ölkə xaricində səs verə biləcək. Azərbaycanın xaricdəki diplomatik missiyalarında bu məqsədlə 38 seçki məntəqəsi yaradılıb. Ən çox seçici MDB ölkələrində qeydə alınıb.

Seçki qutularının olduğu məkanların demək olar ki, 20 faizinə kameralar nəzarət edir. Bu kameralar vasitəsilə səsvermə və sayma prosesi canlı olaraq izləniləcək.

Bu seçkiyə beynəlxalq diqqət də kifayət qədərdir.

MSK-da akkreditə olunmuş KİV-lərin sırasında Türkiyənin TRT, Almaniyanın ARD, Rusiyanın "Russian Today" telekanllarının, Bloomberg News, Reuters, İTAR TASS, Sinxua, Avropa Pressfoto, Cihan xəbər agentlikərinin, "Vesti Seqodnya", "Exo Planetı", "New- York Times" kimi qəzetlər də var.

AzNews.az-ın əməkdaşları bu seçki prosesini yaxından izləyəcək və istər paytaxt, istərsə də bölgələrdə baş verən hadisələri anındaca oxuculara təqdim edəcək.


AzNews.az

Copyright © 2021