Dünya həkimləri Bakıya gələcək

Oktyabrın 31-dən noyabrın 2-dək Bakıda ənənəvi Azərbaycan Beynəlxalq Səhiyyə sərgisi (BİHE) keçiriləcək. ANS PRESS-in məlumatına görə, Xəzər regionunun ən böyük sərgi və konfranslarının təşkilatçısı "Iteca Caspian LLC" şirkətindən bildirmişlər ki, regionda yeganə tibb və səhiyyə sərgisi olan BIHE dövlət təşkilatlarının nümayəndələri, tibbi təyinatlı avadanlıq və məhsulların istehsalçıları, terapevtlər və tibb sənayesi mütəxəssislərinin mühüm görüş yerinə çevrilmişdir.

BIHE sərgisi ilə yanaşı, eyni gündə VIII Azərbaycan Beynəlxalq stomatologiya və VII Azərbaycan Beynəlxalq gözəllik və estetik tibb sərgiləri ("Beauty Azerbaijan 2013") də keçiriləcək. Sərgilər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatoloji Assosiasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir.

BIHE sərgisi ənənəvi olaraq tibbi məhsul və xidmətlərin geniş spektrini təqdim edəcək. Bu il sərgidə Azərbaycan, ABŞ, Almaniya, Belarus, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən olan şirkətlər də iştirak edirlər. Çexiya Respublikası isə ilk dəfə olaraq bu ölkənin Sənaye və Ticarət Nazirliyinin təşəbbüsü ilə milli ekspozisiya ilə çıxış edəcək. Həmçinin, Türkiyədə fəaliyyət göstərən klinikalar da bu il növbəti dəfə sərgidə iştirak edirlər.

Sərgini müşayiət edəcək işgüzar proqram çərçivəsində tibbi turizm mövzusunda seminar keçiriləcək.

"Beauty Azerbaijan 2013" sərgisi gözəllik salonları, fitnes klublar, spa mərkəzləri və bərbərxanalarda geniş istifadə olunan məhsul və texnologiyaları təqdim edəcək. Sərgi aşağıdakı bölümləri ehtiva edir: peşəkar kosmetika, bədən, dəri və saça qulluq üçün vasitələr, gözəllik və spa salonları üçün avadanlıqlar, müalicəvi kosmetika, sərfiyyat materialları. Yerli iştirakçıların sırasına isə "Gazelli", ZNK və s. kimi şirkətlər daxildir.

AzNews.az