Bəzi ixtisaslara qəbul imtahansız aparılacaq

"2015-ci ildən etibarən qəbul qaydalarına ediləcək dəyişiklərə əsasən, buraxılış imtahanlarında fənlərin sayı artırılacaq. Buraxılış imtahanlarında fənlərin sayının artırılması ilk növbədə qəbul imtahanlarında fənlərin sayının azalmasına təsir göstərəcək. Sonradan isə Azərbaycanda bəzi ixtisaslara qəbul imtahansız, yalnız attestat qiymətləri ilə qəbul aparılacaq".

Bu barədə apa-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, gələcək illərdə müəyyən ixtisaslara-xüsusilə kənd təsərrüfatına buraxılış imtahanlarının nəticələrinə əsasən qəbul olmaq mümkün olacaq.

TQDK sədrinin sözlərinə görə, bu yeniliklər yalnız həmin ilin məzunlarına tətbiq olunacaq: "Nəzərə almaq lazımdır ki, hər il imtahanda 100 min nəfər iştirak edirsə, onlardan 50 mini əvvəlki illərin məzunları olur. Əvvəlki illərin məzunlarının qiymətlərini isə bu prosesdə nəzərə ala bilməyəcəyik. Çünki onların nəticələri həmin ilin məzunlarının nəticələrinə uyğun olmayacaq. Ona görə də əvvəlki illərin məzunları ali məktəbə qəbul üçün mütləq qəbul imtahanı verməlidir".

M. Abbaszadə qeyd edib ki, attestat qiymətlərinin ali məktəbə qəbul zamanı nəzərə alınması mütəmadi olaraq həyata keçiriləcək. Bu proses ilk növbədə ölkə iqtisadiyyatında tələbat olan, lakin müsabiqə vəziyyəti aşağı ixtisaslarda tətbiq ediləcək: "Azərbaycanda kənd təsərrüfatı sahəsində mütəxəssis çatışmır. Bu il ali məktəblərdə həmin ixtisaslar üzrə 500-ə yaxın yer boş qalıb. Bu da çox ciddi nöqsandır. Gənclər həmin sahəyə getmirlər. Abituriyentlər ilk növbədə müsabiqə vəziyyəti aşağı olan ixtisaslara attestat qiymətləri ilə qəbul olunsa, bəlkə onları bu ixtisaslara cəlb edə bilərik".

AzNews.az