- Köhnə - Cəmiyyət
- 23 Oktyabr 2013 14:38
- 5 169
Aydın Bəşirov açılan cinayət işindən danışdı
Sabiq rəis A.Bəşirov publika.az-a açıqlamasında deyib ki, sözügedən məsələ ilə bağlı araşdırma aparılması barədə prokurorluğa məlumatı 6-7 ay öncə qurum özü təqdim edib. O, açılan cinayət işinin ona və ya DXDG-yə qarşı olmadığını söyləyib: "Sözügedən məsələ barədə biz özümüz prokurlorluğa məlumatı vermişik ki, gəlib araşdırma aparsın".
A.Bəşirov vəzifəsindən vidalaşdıqdan sonra DXDG-də təhvil-təslim işinin aparılması məsələsinə də münasibət bildirib. O deyib ki, hazırda təhvil-təslim işi çox normal aparılır: "Burada heç bir problem yoxdur, təhvil-təslim normal aparılır. Burada heç bir şey ola bilməz. İki qurum birləşib və olub bir qurum. Əslində, bu qurum çoxdan yaradılmalı idi. Bunun yalnız faydası olacaq. Yəni, dənizçilik strukturu vahid olacaq. Yeni zavod və liman tikilir, bunlar da bir olacaq. Mən buna çox sevinirəm. Çoxdan istəyirdim ki, bu qurum birləşsin. Mən 19 ildir ki, işləyirəm və hər zaman dövlətçiliyə və prezidentə sadiq olmuşam, bundan sonra da sadiq qalacam. Canım Azərbaycana qurban olsun!".
Xatırladaq ki, Dövlət Xəzər Dəniz Gəmiçiliyinə məxsus "İslam Səfərli" yük gəmisindəyol verilmiş qanun pozuntularına dair Baş Prokurorluğa daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.
"İslam Səfərli" yük gəmisinin kapitanı Həşim Həsənovun, gəmi kapitanının köməkçisi Səyyad İbadullayevin və gəmi heyətinin digər üzvlərinin 7 aprel 2013-cü il tarixdə Rusiya Federasiyasının bayrağı altında üzən "Kuban" gəmisinin kapitanı ilə aralarındakı şifahi razılaşmaya əsasən 3.800 ABŞ dolları müqabilində "Kuban" gəmisinə 40 ton xam neft və 18 ton mazut yüklənməsi, həmçinin gəminin saxlanc yerindəki 6 ton dizel yanacağını 1.800 ABŞ dollarına qeyd olunan gəmi heyətinə satmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanıb.
H.Həsənov, S.İbadullayev və A.Əmiraslanov Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 206.3.2 (qaçaqmalçılıq) və 206.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam etdirilir.
AzNews.az