Ombudsmandan Orxan Zeynalovla bağlı açıqlama

"Bu barədə Rusiya Ombudsmanına müraciət edilib"




Rusiyada həbs olunan azərbaycanlı miqrant Orxan Zeynalovun istintaqının gedişini nəzarətdə saxlayırıq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Ombudsman Elmira Süleymanova deyib.

E.Süleymanova qeyd edib ki, bu barədə Rusiya Ombudsmanına müraciət edib: "Burada dəyərli bir təklif çıxdı ki, ümumiyyətlə miqrantlarla bağlı məsələ Rusiya Parlamentində müzakirəyə çıxarılsın. Bundan əvvəl də Rusiyada miqrasiya haqqında qanuna dəyişiklər olanda mən oraya getmişdim. Sənədləri düzgün olmayan miqrantların saxlandığı yerdə soydaşlarımızla görüşdük. Bu günədək əlaqələr saxlayırıq".

Qeyd edək ki, Rusiya vətəndaşı Y.Şerbakovu qətlə yetirməkdə təqsirləndirilən O.Zeynalov Rusiya Cinayət Məcəlləsinin 105.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törətməsində ittiham olunur. Onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Moskvanın Qərbi Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçi rayondakı "Biryuza" ticarət mərkəzi və "Pokrov" meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asiyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusitəyinatlı polis dəstələri yeridilib. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin xəsarət alıb.

Hadisə baş verən gündən sonra Moskvada hərəsindən biri olmaqla Azərbaycan və Özbəkistan vətəndaşları xüsusi amansızlıqla qətlə yetiriliblər. Həmçinin, Orxan Zeynalovun tutulması zamanı ona qarşı işgəncə faktlarının yer aldığı görüntülər yayılıb.

AzNews.az