Moskva Dövlət Linqvistik Universitetində Azərbaycan dili ikinci xarici dil kimi tədris edilir

Ölkəmizin mədəni həyatında mühüm əhəmiyyət kəsb edən III Beynəlxalq Humanitar Forum çərçivəsində Azərbaycana səfər etmiş xarici ölkə nümayəndələrinin bir qismi Bakı Slavyan Universitetinin qonağı olublar, müəllim və tələbə kollektivi ilə görüşüblər.

AzNews.az xəbər verir ki, Rusiyanın tanınmış ədəbiyyatşünası və tərcüməçisi, Moskva Dövlət Linqvistik Universitetinin Ədəbiyyat kafedrasının müdiri, Rusiya yazıçılar birliyinin üzvü, filologiya elmləri doktoru, prof. A.P.Bondarevlə maraqlı görüş baş tutub.

Qonağı salamlayan Tərcümə fakültəsinin dekan əvəzi dos. K.Hacıyev onun universitetimizə gəlişindən çox şad olduğunu bildirib. Çıxış edən prof. A.P.Bondarev Bakıda dəfələrlə olduğunu qeyd edib: "Bu dəfəki gəlişimin səbəbi III Beynəlxalq Humanitar Forumdur. Forumda çıxış edəcəyim mövzu "Polisentrizm- çoxmədəniyyətliliyin dialoji forması kimi". Nizami Gəncəvinin "Leyli və Məcnun" əsəri haqqında yazdığım məqalə sizin universitetin dərc etdiyi "Русский язык и литература в Азербайджане" jurnalında çap olunmuşdur.

Qonaq MDLU-da fəaliyyət göstərən Azərbaycan dili və və mədəniyyət mərkəzindən danışıb. Vurğulayıb ki, bu gün MDLU-da Azərbaycan dili ikinci xarici dil kimi tədris edilir. Bu görüşlər çərçivəsində Rusiyanın Ural Federal Universitetinin professoru Aleksandr Nesterov, Rusiya Elmlər Akademiyasının Dünya Tarixi İnstitutunun professoru Mixail Talalay və Piemonte Şərq Universitetinin (İtaliya) professoru Stefania Sini də Bakı Slavyan Universitetində olublar. Qonaqların iştirakı ilə "Azərbaycanlılar II Dünya müharibəsində" mövzusunda dəyirmi masa keçirilib. Mixail Talalay İtaliyada işıq üzü görmüş "Azərbaycanlılar II Dünya müharibəsində" kitabı haqqında məlumat verib və bildirib ki, II Dünya müharibəsi illərində əsir düşmüş azərbaycanlıların taleyindən bəhs edilir.

Kitabda həmvətənlərimizin faşizmə qarşı Müqavimət hərəkatında İtaliya partizanlarına köməkliyindən və kütləvi şəkildə qırğına məruz qalmalarından danışılır. Prof. A.P.Nesterov çıxışında bu kitab haqqında öz müsbət fikirlərini açıqlayaraq onun aktuallığından söz açıb.

Eyni zamanda vurğulayıb ki, yaxın gələcəkdə Yekaterinburqun Ural Federal Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin yaradılmasını səbirsizliklə gözləyir və bu mərkəzin fəaliyyəti Azərbaycançılığın inkişafına daha da böyük təkan verəcəkdir. Hər iki görüş maraqlı keçib. Qonaqlar iştirakçıların çoxsaylı suallarını cavablandırıblar və gənclərlə faydalı görüş imkanı əldə etdiklərinə görə Beynəlxalq Forum çərçivəsində bölməyə həmsədrlik edən BSU-nun rektoru, prof. K.M.Abdullayevə təşəkkürlərini bildiriblər. Sonda qonaqlara BSU-nun xatirə hədiyyələri təqdim edilib.

Rəhim Qədirov
AzNews.az
image description image description