Eldar Həsənov Orxan Zeynalovun həbsindən danışdı

“Törətdiyi əməldən asılı olmayaraq o, azərbaycanlımızdır”




"Yeni Müsavat" Azərbaycanın sabiq baş prokuroru, hazırda ölkəmizin Serbiya, Bosniya-Herseqovina və Monteneqrodakı səlahiyyətli səfiri Eldar Həsənovun Rusiyada qətldə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovla bağlı baş verənlərə bir təcrübəli hüquqşünas, uzun müddət prokurorluq sistemində çalışan bir şəxs olaraq münasibətini öyrənib.

"Məkandan və törətdiyi əməldən asılı olmayaraq o bizim azərbaycanlımızdır, Azərbaycan vətəndaşıdır. Biz onun hüquqlarının qorunmasına borcluyuq. Hansı ki, bu tədbirlər də dövlətimiz, Rusiyadakı səfirliyimiz tərəfindən həyata keçirilir. Mən mətbuatı izləyirəm, bu tutulma şəraitinin özü, təkcə azərbaycanlılara deyil, ümumiyyətlə, xarici vətəndaşlara münasibət heç bir insani davranış qaydasına, normalarına sığmır. Bunun özü əlbəttə ki, Rusiyanın müvafiq dövlət qurumlarını düşündürməlidir"-deyə, sabiq baş prokuror bildirib.

Saxlanılan zaman O.Zeynalova qarşı efir vasitəsilə nümayiş etdirilən davranışları dəyərləndirən E.Həsənov deyib ki, orada nə Rusiyanın mövcud qanunvericiliyi, nə beynəlxalq normalara, nə də insani davranış qaydalarına cavab verməyən bir üsulla hərəkətlər həyata keçirilib:

"Bu, bir fakt, reallıqdır. O istiqamətdə Azərbaycan tərəfindən gərəkli addımlar atılır və düşünürəm ki, nəhayət qonşu Rusiya da siyasi, həm tarixi, həm ənənəvi, həm də digər məqamları nəzərə alaraq bizim vətəndaşlara qarşı münasibətini dəyişməlidir".

Azərbaycan öz vətəndaşının bu qədər aşağılanması, işgəncəyə məruz qalması faktından çıxış edərək beynəlxalq məhkəməyə müraciət edə bilərmi? E.Həsənov: "Müraciət haqımız var. İstənilən zaman müraciət edə bilərik. Amma beynəlxalq hüquq normasından yanaşanda da əvvəl Rusiyanın öz qanunvericiliyində bu məsələyə baxılmalıdır.

O davranış qaydaları, işgəncə, rəftar qaydaları hansı ki, dünya ictimaiyyətinə bəllidir, sözsüz ki, bundan şikayət etmək hüququmuz var. Yəqin ki, bu istiqamətdə lazımi işlər də görülür. Amma subyekt kimi baxılması nöqteyi-nəzərindən, sözsüz ki, bu, Rusiya hakimiyyətinin qərarından sonra ola bilər. Əgər o qərar ədalətsiz, qeyri-obyektiv olarsa, o halda növbəti addımı atmaq olar. Deyir görünən kəndə bələdçi lazım deyil. Bu mənada ilk gündən bu davranışların özündə aqressivlik, heç bir qanuni, hüquqi müstəviyə sığmayan metodla davranış bəllidir.

Düşünürəm ki, Azərbaycan hər zaman olduğu kimi, bu məsələdə də öz vətəndaşının taleyinə sahib çıxacaq və sonadək bizim tərəfimizdən mübarizə aparılmalıdır ki, onun qanunla qorunan hüquqları təmin olunsun".

AzNews.az