Mir Şahin kimin adamıdır?...

Mir Şahin olmaq şansı


Mir Şahinin 50 yaşına


Bineyi-qədimdən belə olub. Kim istedadının hesabına parlayıbsa, dərhal gözümçıxdıya salınıb, haqqında hərzə-hədyan danışılıb. Lap elə Mir Şahin haqqında danışılan kimi…

Peşəsinin ustası olmaqla o, hələ çoxlarını yandıracaq. "Dindirəcək" ona görə demirəm ki, onun haqqında yazılanlar sözün həqiqi mənasında yanıq iyi verir.

Zaman-zaman jurnalistikada özünə alternativ görməyən və bunu xüsusi həzlə nümayiş etdirən Mir Şahin haqqında çoxları boyundan uca danışır. Mir Şahini qələmini satmaqda, informasiyanı gec tapmaqda qınayanlar da olub. Amma məsələnin məğzi bu deyil, indinin özündə də Mir Şahinin tərəfsiz və vicdanlı xəbər daşıyıcısı olması çoxunu qıcıqlandırır. Çünki o, sadalanan xüsusiyyətinə görə həmişə seçilib.

***

Yaddaşlı oxucunun diqqətində Mir Şahin belə bir cümləsiylə qalmalıydı ki, "hətta Allahdan qorxmuram, çünki ona inanıram və inandığından qorxmaga, qorxduguna isə inanmaga dəyməz".

Əlbəttə, nə Mir Şahinin nüfuzu kiməsə adam olmaq qədərincə kiçikdir, nə də o özünü kimdənsə əskik sayar. Hər halda, Mir Şahin nə vaxtsa kiminsə dilindən öz ünvanına "filankəs, sən həmişə mənim adamım olmusan" nidasını eşitməz və belə bir nidanın ümumiyyətlə olmaması həmin eşitməzlik üçün ən etibarlı zəmanətdir.

***

Adam dəmirçi, yazıçı, pambıqçı ola bilər, amma adamın adamçı ola bilməsi Mir Şahin üçün təhkimçiliyin bir ayrı növüdür.

Bu gün Mir Şahini iddialı həmkarlarından fərqləndirən ən qabarıq keyfiyyət onun kiməsə yox, nəyə işləməsidir. Və bu "nə" artıq bizim dilimizdə coxdan "kim" sualına cavab verən faktdır. Bu FAKT ayrı-ayrı adamlarin yox, tamındır - bütövündür.

Bu prinsip 1992-ci ilin martında Mütəllibov timsalında "istefa verilmir, alınır" formulunun sınandığı məqamda da, həmin ilin 15 mayında növbəti dəfə hakimiyyətdə qabıqdəyişmə prosesi gedəndə də, 1993-cü ilin Gəncə faciəsində də, 1995-ci ilin martında da özünü büruzə verib.

***

Məncə, doğru danışmaq kiməsə yaxşılıq etmək deyil. Adidən də adi insani keyfiyyətdir və bu yazını Mir Şahinin yarı yaşının tamamında keçib gəldiyi karyerasına yerli-yersiz söylənilənlərə cavab kimi yox, həqiqət kimi başa düşmək arzu olunardı.

Söz - inanılmaq üçün deyilir və Mir Şahin də sözə inanan adamdır. Amma unutmayaq ki, Sözü Allah səviyyəsinə qədər qaldırmayınca, ona inanan tapılmayacaq. Hələ insanlar vətəndaşdan, oxucu-tamaşaçıdan daha artıq bəndə taleyi yaşayır. Və ölkəmizdə Allaha inananlar Allahdan qorxanlardan qat-qat azdır.

Barı sözdən qorxmağa imkan verməyək!

***

"İnsan həyatında bir dəfə işıq yandırmaq haqqında fikirləşirsə, deməli, onun Mir Şahin olmaq şansı var".

Hamınıza bu şansı qaçırmamaq arzusu ilə, Mir Şahini təbrik edirəm…


AzNews.az