“Bir saat müddətində bütün sualları cavablandırmışdım” “Bir saat müddətində bütün sualları cavablandırmışdım”

Nərgiz Məzahirqızı: “700 bal toplamaqçün iki il ciddi şəkildə hazırlaşmışam”

“Bir saat müddətində bütün sualları cavablandırmışdım”

Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında 700 bal toplayan Nərgiz Məzahirqızının AzNews.az- müsahibəsi:

-700 balı sizə qazandıran hansı məktəbdir?

-Türkiyə Diyanət Vəqfi Bakı Türk liseyinin məzunuyam.

-Türkiyə liseylərinin təhsilini keçənlər, ondan xəbərdar olanlar təhsilin səviyyəsindən razılıq edirlər. Sənsə, paralel olaraq "Araz" kursunda da hazırlıq keçmisən...

-Təhsil aldığım liseyin kursları da vardı. Mən həm liseyin, həm də "Araz" kursunun hazırlıqlarından keçmişəm. Özüm belə istəmişdim. Hər ikisinin təhsil səviyyəsi yüksəkdir. Amma mən daha yaxşı nəticə əldə etmək üçün hər iki kursun verdiyi bilikləri mənimsəmək istədim.

-İbtidai sinifdən Türk liseyində oxumusan?

-5-ci sinifdən sonra Türk liseyinə qəbul olmuşam. Əslində özümü sınamaq üçün ora imtahan vermişdim. Orda təhsil almaq fikrim yox idi. Anam həmin məktəb haqqında məlumat aldıqdan sonra orada keçirilən imtahanda iştirak etmişdim. Qəbul olduqdan sonra yüksək səviyyədə təhsil verildiyini bildirdilər.

-Niyə Türk liseyində oxumaq istədin?

-Ona görə ki, təhsilin səviyyəsində böyük fərq var. Həmçinin şagird-müəllim münasibətlərində də vəziyyət oxşar deyil.

-Həm liseydə, həm də "Araz" kursunda dərs yükünün çox ağır olduğu bildirilir. Hər ikisinin öhdəsindən necə gəlirdiniz, vaxt bölgüsünü necə aparırdınız?

-Səhərlər liseyin dərslərinə, kurslarına, günortadan sonra isə "Araz" kursuna gedirdim. "Araz" kursunun dərsləri hər gün olmurdu, amma bütün hallarda vaxt bölgüsü baxımından çətin olurdu. Həftədə 3 gün "Araz" kursuna gedirdim və arada qalan günlərdə verilən tapşırıqları mənimsəmək kifayət edirdi. Ümumiyyətlə, hər gün 3-4 saat hazırlaşmaq üçün bəs edir. Hər bir fənnə 30-40 dəqiqə sərf edirdim.

-Hər halda asan da olmayıb. Çətinliyə öyrəşməyin sirrini davamçılarınıza açıqlaya bilərsənmi?

-Liseydə proqram əvvəldən ağır idi. Ona görə də hazırlaşanda elə də çətin olmadı. Artıq çətinliyə öyrəşmişdim.

-Yüksək nəticəyə nail olmaq baxımından neçə il lazım gəlir. Məsələn sənə neçə il bəs elədi?

-İki il ciddi hazırlaşmışam. 5-ci sinifdən, liseyə qəbul olandan dərslərimi yaxşı oxumuşam. Amma yenə də əlavə hazırlaşmağa ehtiyac duyulur. Elə fənlər var ki onları özünün sərbəst oxumağın bəs eləmir. Çünki izah olunmalı elə məqamlar var ki onları müəllimin köməyi ilə mənimsəyə bilərsən. Aşağı siniflərdə tədris olunanlar yadda qalmır, təkrar etmək zərurəti yaranır.

-Niyə II ixtisası seçdin?

- Keçən il oktyabrın əvvəlinə kimi III ixtisas qrupu üzrə hazırlaşırdım. Beynəlxalq münasibətlər fakültəsinə qəbul olmaq istəyirdim. Amma həmin fakültənin qrupu dəyişdi. Ona görə mən də qrupumu dəyişməli oldum.

-Belə yüksək səviyyəni mənimsəmək müəllimlərdən, yoxsa, abituriyentin özündən asılıdır?

-Abituriyentin özündən də bir çox şeylər tələb olunur, çalışqanlıq əsas şərtdir. Amma məncə əsas müəllimlərdir, müəllimlərin rolu daha böyükdir.

-Ali məktəbə əvvəl hazırlıq, sonra qəbul mərhələsini arxada qoyan şəxs olaraq repetetor yanında olmaq əsasdır, yoxsa bu əlavə vaxt itkisinə yol verməkdir? Orta məktəblərdə alınan təhsilin səviyyəsi ictənilənlərə cavab vermir?

-Mən deməzdim ki, repetetor yanına getmək əlavə vaxt itkisidir. Nəzərə alsaq ki, hər sinifdə 20-30 şagird təhsil alır, onda xüsusi müəlllim yanına getməyin zəruri olduğunu görərik.

-Amma 20-22 il əvvəl imtahan verənlərin heç də hamısı xüsusi olaraq müəllim yanına getmirdilər. Nadir hallarda xüsusi hazırlıq keçənlərə rast gəlinirdi...

-Onda imtahanlar bu qədər çətin olmayıb. Indi isə imtahanlar ildən-ilə çətinləşir. Ona görə də repetetor yanına getməyə ehtiyac yaranır. Mənə elə gəlir ki, mənə bilet çəkib, imtahan vermək çətinlik yaradar, nənki test üsulu. Çünki yazılıda daha çox fikrimi cəmləyə, daha uğurlu nəticələr əldə edə bilərəm.

-Bəlkə bunun fikirlərini ifada etmək baxımından mənfi nəticələri də var?

-Hər halda mənfi nəticələri ola bilər. Son iki ildə-hazırlıq müddətində belə öyrəşmişəm. Bəlkə də şifahi hazırlığa hızırlaşsaydım o mənə asan görünərdi. Mənə elə gəlir ki, insan şifahi imtahan zamanı daha həyacanlı olur, nəinki yazılıda. Buna baxmayaraq, özümüzü ifadə baxımından şifahi nitq gələcəkdə bizə daha çox lazım olacaq. Bunu kiçik qüsur sayıram və düşünürəm ki, bu problem universitetdə təhsil aldığımız zaman həllini tapacaq.

-İxtisas seçimində kiminsə müdaxiləsi olub, yoxsa, sənin fikrin əsas cayılıb?

-Mənim seçimimə heç bir müdaxilə olmayıb. əvvəldən necə istəmişəmsə elə də olub.

-Amma əvvəlcə beynəlxalq münasibətlər fakültəsində təhsil almaq istəsən də sonradan seçimini dəyişmisən. Fakültəni dəyişməyinə səbəb nə oldu?

-Bu da öz seçimim olub. İndi dünya iqtisadiyyatı fakültəsində təhsil almaq istəyirəm. Fikirləşirəm ki, bu mənim üçün daha uyğundur. Bu sahənin perspektivli olduğunu və daha çox uğur qazanacağımı düşünürəm.

-Hansı universitetdə?

-Qafqaz Universitetində.

-Xaricdə təhsil almaq istərdinizmi?

-Xaricdə təhsil almaq istərdim, amma öyrəşmək mənim üçün çətin olar. Ona görə də hələlik istəmirəm. Əlbəttə ki, sonra xaricdə təhsilimi davam etdirə bilərəm.

-Hansı ölkədə təhsil almaq istərdin?

-Almaniyada təhsilimi davam etdirməyi çox istərdim.

-Bütün məktəblərdə təhsil Türk liseylərində olduğu kimi deyil, çox böyük fərqliliklər olduğunu hamı etiraf edir...

-Çox istərdim ki, belə olmasın. İlk növbədə nizam-intizam qaydalarına, müəllim-şagird münasibətlərinə əməl olunmalıdır. Şagirdlər də öz məsuliyyətlərini dərk etməlidir. Türk liseyləri şagirdlərə öz məsuliyyətlərini dərk etdirirlər. Başqa məktəblərdə buna nə dərəcədə əməl olunur bilmirəm. Hər halda belə olarsa, onun şagirdlərə daha çox xeyri ola bilər.

-Valideyninin bu uğurda nə dərəcədə payı var?

-Mənim rahat çalışmağım üçün hər bir imkanı yaradıb. Son bir ayda xüsusilə mənim dediklərimə əməl olunub. Ondan əvvəl istirahətə daha çox vaxt sərf edirdim. Görünür, bir ay əvvələ kimi məsuliyyətimi lazımınca dərk etməmişdim.

-700 bal toplayacağınıza əminlik necə?..

-Bir ay əvvəl 680-690 ballıq nəticə əldə edə biləcəyimi düşünürdüm. Sonuncu sınaq imtahanında 652 bal toplamışdım. Amma qəbul imtahanında 700 bal toplamağı istəyirdim və ona görə də əlimdən gələni edirdim. Görünür son sınaq imtahanından çox vaxt keçdiyi üçün mənim daha yaxşı nəticə zldə etməyimə şans yaranmışdı. Ona görə də qəbuldakı suallar mənə daha asan gəldi.

-Sual kitabçasındakı sualları cavablandırmaq üçün bilənə bir saatın kifayət etdiyi fikri ilə razılaşırsınız?

-Sualları cavablandırmaq baxımından bir saat bəsdir. Amma cavabların karta köçürülməsi vaxt aparır. Mən də bir saat müddətində bütün sualları cavablandırmışdım. Sonrakı saatda cavabları yoxladım. Ən nəhayət, sonuncu saatda imtahan suallarının cavabını əsas karta köçürdüm və imtahanın başa çatmasına 10 dəqiqə qalmış yekunlaşdırdım.

-Ali məktəbə qəbul olmaq istəyənlər nə etməlidirlər ki, yüksək nəticə göstərsinlər?

-Hərə özünün çatışmayan cəhətlərini bilir. Ona görə də ilk növbədə onların üzərində çalışmalı, aradan qaldırmalıdır. Şübhəsiz, istirahət etmək də lazımdır, amma çox yox.

Gültən Bəylərqızı
AzNews.az