Belarus səfirliyinin yeni binasının açılışı oldu

Noyabrın 20-də Bakıda Belarus Respublikasının Azərbaycandakı səfirliyinin yeni binasının açılış mərasimi keçirilib. APA-nın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev və Belarus prezidenti Aleksandr Lukaşenko mərasimdə iştirak ediblər.

Mərasimdə Azərbaycanın və Belarusun dövlət himnləri səsləndirilib, Belarusun dövlət bayrağı qaldırılıb. Prezidentlər səfirliyin binasının rəmzi açılışını bildirən lenti kəsiblər.

Məlumat verilib ki, səfirliyin binasının inşasına 2012-ci ilin iyununda başlanıb. Dörd mərtəbədən ibarət yeni binada həm səfirlik, həm də konsulluq idarəsi yerləşəcək. Binada səfirliyin əməkdaşlarının səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. Ərazidə diplomatik korpusun nümayəndələri üçün beşmərtəbəli yaşayış binası da inşa edilib.

Prezidentlər səfirliyin binasında yaradılmış şəraitlə tanış olublar. Sonra dövlət başçıları səfirliyin həyətində ağac əkiblər.

Daha sonra İlham Əliyev və Aleksandr Lukaşenko Gəncə avtomobil zavodu ilə Belarusun traktor və avtomobil zavodunun birgə istehsalı olan müxtəlif təyinatlı texnika və avtomobillərlə tanış olublar.

AzNews.az