CAR Milli Kitabxanasında Heydər Əliyevə həsr edilmiş sərgi təşkil olunub - FOTO

Bu gün Cənubi Afrika Respublikasının (CAR) Milli Kitabxanasında Azərbaycanın CAR-dakı səfirliyi tərəfindən Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş Heydər Əliyev Fondunun müxtəlif dillərdə nəşr edilmiş kitablarından ibarət sərgi təşkil edilib.

Azərbaycanın CAR-dakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirə ölkədə fəaliyyət göstərən 10-dan artıq dövlətin səfiri, Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin nümayəndələri, CAR Parlamentinin İncəsənət və Mədəniyyət komissiyasının sədri, xanım Tandile Sunduza, bir sıra digər qurumların rəsmiləri, KİV və iş adamları qatılıblar.

Tədbiri açıq elan edən Cənubi Afrika Milli Kitabxanasının Rəhbəri, Milli Kitabxanalar Konfransının sədri Con Kvale Tsebe (John Kgwale Tsebe) Azərbaycanın CAR-dakı səfirliyinin Milli Kitabxanada ilk dəfə olaraq bu cür mötəbər tədbirin keçirməsindən məmnun olduğunu bildirib və bunun hər iki ölkənin milli kitabxanaları arasında əlaqələrin inkişafına mühüm təkan verəcəyini bildirib.

Səfir E. Poluxov çıxışında Heydər Əliyevin keçdiyi həyat yolu, Azərbaycan dövlətinin qurulmağında tutduğu yer, ölkənin müasir daxili və xarici siyasətinin təməlinin qoyulması və inkişafı sahəsində fəaliyyəti, 90-cı illərdə Azərbaycanı vətəndaş müharibəsindən xilas etməsi və erməni təcavüzünün qarşısının alınmasında oynadığı rol, Azərbaycanı dünya arenasına çıxarması və tanıdılması sahəsində xidmətindən danışıb.

Sonra söz CAR Parlamentinin deputatı xanım T.Sunduzaya verilib. O, bu sərginin kitabxana ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanacağına inandığını bildirib.

Tədbir çərçivəsində həmçinin Əlimərdan bəy Topçubaşovun 150 illik ildönümü qonaqların diqqətinə çatdırılıb, ona həsr edilmiş müxtəlif kitablar nümayiş edilib.

Tədbir zamanı iştirakçılar Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən ibarət sərgi, ona həsr edilmiş nəşrlər və Heydər Əliyev Fondunun çap materialları ilə tanış olublar. Qonaqlara Heydər Əliyevin həyatını əks etdirən məlumat kitabçaları da paylanılıb.

Sərgidə nümayiş edilən kitablar sonda CAR Milli Kitabxanasına ianə edilib.

AzNews.az