Ukraynada daha bir elmlər doktorumuz

Noyabrın 27-də Ukraynanın paytaxtında həmvətənimiz Aydın Salmanov "Epidemiologiya" ixtisası üzrə tibb elmləri üzrə doktorluq dissertasiyasını uğurla müdafiə edib. Müdafiə Ukrayna Milli Tibb Elmləri Akademiyasının (Ukrayna MTEA) L.V.Qromaşevski adına Epidemiologiya və Yoluxucu Xəstəliklər İnstitutunun İxtisaslaşdırılmış Şurasında keçirilib.
Aydın Qurban oğlu Salmanov 1957-ci ildə Şəmkirdə anadan olub, 1981-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib.
1982-ci ildən 2005-ci ilədək Ukrayna paytaxtının sanitariya-epidemiologiya xidməti sistemində işləyib. 2006-cı ildən 2011-ci ilədək Ukrayna Səhiyyə Nazirliyinin baş mütəxəssisi olub. 2011-ci ildən indiyədək bu ölkənin Dövlət sanitariya-epidemiologiya xidmətinin baş mütəxəssisi vəzifəsində işləyir, "Ukrayna Səhiyyə Nazirliyinin elmi jurnalı"nın məsul katibidir, Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosunda Ukraynadan olan milli əlaqələndiricidir.
A.Salmanov Ukrayna Nazirlər Kabinetinin və bu ölkənin Səhiyyə Nazirliyinin fəxri fərmanları ilə təltif edilib. O, 175 elmi əsərin, 6 monoqrafiyanın, dərs vəsaitinin və ali tibb məktəbləri üçün dərsliyin müəllifidir.
Gərgin işlədiyinə baxmayaraq Aydın Salmanov diasporumuzun fəallarından biridir, Ukraynada Azərbaycan diasporunun Elmi Şurasının üzvüdür.
Aydın Salmanov AzərTAc-ın müxbirinə verdiyi müsahibədə deyib: "Fürsətdən istifadə edib Ukraynada yaşayan həmvətənlərimizə daimi qayğısına, mənə göstərdiyi mənəvi dəstəyə və doktorluq dissertasiyasının müdafiəsi ilə əlaqədar təbriklərinə görə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətliyə dərin minnətdarlığımı bildirmək istəyirəm. Həmçinin öz elmi məsləhətçim, tibb elmləri doktoru, professor Viktor Mariyevskiyə və hüquq elmləri doktoru, Milli Aviasiya Universitetinin (Ukrayna) beynəlxalq münasibətlər kafedrasının professoru Arif Quliyevə təşəkkür edirəm.

AzNews.az