Deputatlar Azərbaycanın xarici siyasətindən danışdı


Milli Məclisin plenar iclasında Azərbaycanın Avropa Birliyi Şərq tərəfdaşlığı proqramı ilə bağlı həyata keçirdiyi siyasət müzakirə olunub.

AzNews.az-ın məlumatına görə, deputat Zahid Oruc Vilnüs sammiti və bundan sonra yaranan vəziyyət haqda danışıb. O deyib ki, son günlərdə Ukraynada baş verən hadisələr bir daha sübut edib ki, Azərbaycanın bu sahədə yürütdüyü siyasət düzgündür.
Millət vəkili Fazil Mustafa isə deyib ki, Azərbaycanın xarici siyasəti kimi daxili siyasətində də belə uğurlu addımlar atılmalıdır:

"Bu bizə Rusiya ilə manevr etmək imkanı verdi. Amma buna baxmayaraq, Rusiya prezidenti Vladimir Putin Ermənistanda Azərbayacana yönəlik təhdid bəyanatlar və mesajlar verdi. O hətta Ermənistandakı hərbi bazanın bu ölkəyə yardım etməsini bəyan etdi". O bildirib ki, Ukraynadakı hadisələr yolumuzun Avropaya doğru olduğunu sübut etdi.

Deputat Qüdrət Həsənquliyev xarici siyasətin uğurundan danışıb: "Biz gələcəkdə Rusiya ilə siyasətimizdə ehtiyatlı olmalıyıq. Dəfələrlə bəyan etmişəm və bir daha bəyan edirəm ki, Qarabağ məsləsini ancaq Rusiya ilə həll etmək olar. Bu münaqişənin həllində Ermənistan heç kimdir. Odur ki, biz Rusiya ilə anlaşaraq, bu problemin həllinə nail ola bilərik".

AzNews.az