Standartlaşdırmanın iqtisadiyyata təsiri müzakirə olundu

Türkiyədə İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya İnstitutunun (SMİİC) beşinci Baş Assambleyası və "Standartlaşdırmanın qlobal iqtisadiyyata təsiri" mövzusunda beynəlxalq simpozium keçirilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, İstanbulda keçirilən tədbirdə 30-dan çox ölkənin standartlaşdırma və metrologiya sahələri üzrə qurumlarından nümayəndələr dəvət olunub.

Azərbaycanı tədbirdə Dövlət Komitəsinin Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun rəhbərliyi iştirak edib.
Assambleyada üzv ölkələr tərəfindən standartlaşdırma və metrologiya sahələri üzrə görülmüş işlər barədə hesabatlar, standartların qiymətləndirilməsi, həmçinin təşkilatın 2014-cü il üçün büdcəsi və yeni sədrinin seçilməsi kimi məsələlər müzakirə olunub.

Beynəlxalq simpoziumun müzakirəsinə isə sənayenin və iqtisadiyyatın inkişafında, səmərəlilik və innovasiyalarda, rəqabətlilikdə standartlaşdırmanın rolu, intellektual mülkiyyət hüquqları və uyğunluğun qiymətləndirilməsi ilə bağlı mövzular çıxarılıb.

AzNews.az