Mikayıl Cabbarov imtahanlarla bağlı əmr verdi

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr verib.


AzNews.az Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, əmrin verilməsində məqsəd ali və orta ixtisas təhsili müəssisələrində 2013/2014-cü tədris ilinin payız semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etməkdir.

Əmrə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etməli, rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratmalı və qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə operativ şəkildə araşdırılmasını təmin etməlidirlər.

İmtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Əmrdə bildirilib ki, rektorlar rəhbərlik etdikləri təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar.

AzNews.az