Zibil yeşiyində tapılan xəbər

Düzü, jurnalistlər yazmağa bir şey tapmayanda köşə yazarları da mövzu sarıdan qıtlıq çəkir.

Dərdinizə şərikəm, xəbərçilər! Çünki sizin "zibil yeşikləri"ndən tapdığınız "artıqlara" biz də şərik oluruq.

O gün bir jurnalist tanışım ala-babat bir həmkarıyla olan söhbətini mənə danışdı. Deyir, bu dostum özünü dahi sayır. O dahidirsə, bəs mən kiməm...

Təsəlli verdim ki, indi hamı dahidir. Bircə dühanın təcəssümünü görmürük. Yəni lap loru dildə desək, lampa var, amma işıq yoxdur.
Pis niyyətlə demirəm, xəbər jurnalistikasında as qələm sahibi olmaq mümkündü. Amma indilərdə kimin yazdığı bircə xəbərlə hansısa nazirin bədəninə birə salan jurnalist tanıyırsız?

Azərbaycan jurnalistikasının hazırkı faciəsi də ondadır ki, xəbərçilikdən oyana gedə bilmir.

Bəyəm yalandı?!

Mənə qalsa, Elşad Abdullayev hamıdan zirək xəbərçidir. Bircə
videoyla YAP-ın ən mühüm simalarından birini – Gülər Əhmədovanı türməyə göndərə bilirsə, bütün xəbər jurnalistikası keçmiş rektorun ətəyinə düşüb ona səcdə etməlidi. Çünki hansımız elə bir yeniliyə imza ata bilmişik...

Aynur Elgünəşin bir yazısına görə şəhər rəhbəri hansısa uşaq bağçasının müdirini işdən çıxarırsa, bu başqa məsələ. Əllərindən öpürəm. Halaldı!..

Başqa?

Özünə güvənən irəli addım atsın görək!..

Nəsə qulağıma səs gəlmir...

Mənə minnətdarlıq duyğusunu heç zaman gizlətməyən İlhamə Qasımlının xəbər jurnalistikasında həmişə as saymışam. Elə indi də fikrimdə sabitəm.

Xatırlanası adlar çox deyil. Amma var.

Qəribə budur ki, yaşadığımız bu bozluqda xəbər yarışması görmək özü gülüncdür. Bapbalaca Azərbaycanda gün ərzində bir hadisə ola, ya olmaya. Yerdə qalan xəbər deyil, möhtərəm həmkarlar, tozanaqdı, vəssalam.

Mən hələ də bu "as jurnalistlər"ə başa sala bilmirəm ki, Siyavuş Novruzovdan tutmuş Zahid Orucun açıqlamalarına qədər qələmin ucundan kağıza damcılanan sözlər əsla xəbər deyil. Qardaşım, anam, bacım, kiminsə açıqlaması yalnız şərh ola bilər, daha xəbər yox.

Xəbər, yəni yenilik odur ki, tufan qopa, Bakının yarısını su apara... Artur Rasizadə istefa verə... İlhamə Quliyeva özünün saysız-hesabsız titullarından imtina edə... Mir Şahin AzTV-yə sədr təyin oluna... və s. və i.a.

Bunu oxumayınca tozanağı udmağa məcburuq. Üstəlik, "dahilər"in düha yarışını izləyə-izləyə...

P.S. Düzü, bu həftə yazmaq istədiyim bir mövzu da vardı. İlqar Fəhminin ssenarisi ilə çəkilmiş "Aktrisa" filmi haqda. Sadəcə, filmə yarıdan baxdım. Qeydlərimdə ala-yarımçıqlıq olmasın deyə fikrimdən vaz keçdim. Amma deyim ki, film məni heç açmadı. Xüsusən aktrisanın monoloqu. Lap köşə yazarları kimi danışırdı. Mən bu yaşımacan o cür savadlı aktrisa görməmişəm...

AzNews.az