Jurnalist: “Hacıbala Abutalıbov mənə qarğış elədi…” – MÜSAHİBƏ

Femida.az portalının yaratdığı "Müsahibə Klubu" facebook qrupunun növbəti qonağı Publika.Az xəbər portalının parlament jurnalisti Vasif Həsənli olub. Həmkarlarının Vasif Həsənliyə ünvanlandığı maraqlı sualları və onun cavablarını diqqətinizə çatdırırıq:

Orxan Əli (Dini Qurumlarla İş üzrə Dövlər Komitəsinin mətbuat katibi): – Bəlli olan o məşhur arzuna 2015-də çatmağı planlaşdırırsan, ya hələ gözləmə mövqeyindəsən?


- Bəlli olan hər bir imkan arzu və istəklərə çatmaq üçün bir vasitədir. Əsas odur ki, qarşına çıxan hər bir imkandan məqamındaca istifadə etməyi bacarasan. Hətta, nəticəsi necə olursa-olsun. Lap nəticəsi sənin ürəyincə olmasa belə, bu, optimist insan üçün gələcəyə açılan yeni bir pəncərədir.

Mirvari Nəcəf (Azvision.az): – Parlament müxbirlərimiz Milli Məclisin qapısından girər-girməz deputat olmaq eşqinə düşür. Bu işin sirrindən bizi agah edərdiniz.


- Əlbəttə ki, bu dediklərinizi hamıya aid etmək olmaz. Ona görə də mən hamının adından danışa bilmərəm. Fikirlər fərqli olduğuna görə bu məsələyə baxış da fərqlidir. Səmimi deyim ki, bu istək məndə hələ jurnalist olmamışdan illər əvvəl olub. Məhz, bu arzuma da gec-tez çatacağıma ümid etmişəm. Halbuki, heç o zamanlar jurnalist olmağı da düşünmürdüm.

İlkin Piralı (Modern.az): – Vasif, 2015-ci il parlament seçkilərində namizədliyini irəli sürəcəksən?


- Bu haqda indidən qəti fikir söyləmək çox tezdir. Hələ qarşıda iki ilə yaxın müddət var, lakin namizədliyimi irəli sürməyi də istisna etmirəm. Düşünürəm ki, seçki prosesində iştirak etməyin özü də bir təcrübədir.

Elnur Məmmədli ("Qafqazinfo.az"): – Bir aralar aktyorluğa başlamışdın. Sonra qarşını kim kəsdi?


- Elədir, telekanallardan birində yayımlanan "Həkimlər" serialına dəvət almışdım. Bu dəvət mənə həmin serialın rejissorlarından biri olan Natiq Axund tərəfindən edilmişdi. Ancaq serialın 10-cu seriyasına kimi çəkilsəm də, jurnalist fəaliyyətimlə əlaqədar işlərim çox olduğu üçün aktyorluğumu davam etdirə bilmədim. Buna baxmayaraq əlbəttə ki, həmin serialda baş rol alan Nurəddin Mehdixanlı kimi tanınmış aktyorlarla tərəf müqabili olmaq mənim üçün çox qürurverici idi.

Günel Musa (Publika.Az): – Yuxarıda da deyildiyi kimi bir ara aktyorluq edirdin. Deyilənə görə, rolunu da yaxşı oynamışdın. Bəs həyatda necə, rolunun öhdəsindən gələ bilirsən?


- Təbii ki, həyatda rolun öhdəsindən gəlmək daha çətin olur. Çünki filmdə canlandırılan obrazda sənin yalnız bir neçə xarakterin ortaya çıxır. Amma real həyatda isə bu tamam fərqli olur. Həyatın yolları düz olmur, əksinə ziq-zaqlı və daha çətin olur. Mən də daim çalışıram ki, çətin olan real həyatda öz rolumun öhdəsindən lazımınca gələ bilim.

Kəmalə Quliyeva (Lent.az): – Əksər hallarda kreslolarda şəkillər çəkdirirsən. Yəqin ki, vəzifə istəyirsən. Vəzifəyə belə hərissən?


- Birincisi, mən vəzifəyə həris deyiləm, sadəcə istəkliyəm. Digər tərəfdən isə hər bir inkişaf etmək istəyən kəsin gələcək fəaliyyət istiqamətləri, hədəfi və məqsədləri olur. Ona görə də buna normal baxıram və səmimiyyətdən irəli gələrək bəziləri kimi bunu gizlətmirəm.

Ramil Məmmədli: (Aznews.az): – Sənin üçün futbol nədir?


- Ramil Məmmədli, mənim üçün futbol ilk növbədə sənin dayandığın qapını topla silkələməkdir. Futbol həm də mənə həftənin stressini atmağa yardım edir, sənin kimi dostlarla bir araya gəlməyə imkan yaradır. Həftənin bir gününü bu cür əyləncəli keçirməyin başqa bir keyfi var.

Niyaz Niftiyev ("Azadinform" İA): – Vasif Həsənli nə zaman evlənirsən?


- İndi bu barədə daha çox düşünməyə başlamışam. Açığı deyim ki, buna səbəb də var. Son vaxtlar yaxınlar və dostlardan da ən çox eşitdiyim suallar bu barədə olur. İnşallah, bu məsələ ilə bağlı qəti qərarı ən yaxın zamanda verməyi düşünürəm.

- Anar Məcidzadə (Lent.az): – Yerlin salyanlılardan kimsə bir jurnalist olaraq sənə problemi ilə bağlı müraciət edirmi?


- Hə, müraciət edənlər olur. Mən də çalışıram ki, onların problemlərinin həllində hər hansı faydam olsun. Ümumiyyətlə, mən Salyan və digər bölgələrdən olanlar arasında heç bir fərq qoymuram. Bu mənim peşə borcumdur.

Azər Mustafayev ("Ülfət" qəzeti): – Hazırda işlədiyin sahə səni qane edirmi?


- Təbii ki, qane edir. Əgər qane etməsəydi, o zaman mən bir yerdə çox qala bilməzdim. Hazırda çalışdığım Publika.Az-ın kollektivi mənim üçün doğmadır və indiki halda buradan ayrılmaq fikrim də yoxdur.

Rəna Əkbərova ("Salamnews.Org" İA-nin direktoru): – Həyatı deformasiyaya uğramış sevgi nüanslarının nostalji hislərinə etinasız yanaşan eqoist və qeyri-səmimi insanlara qarşı münasibətin necədir?


- Eqoist və qeyri-səmimi insanlara qarşı münasibətim heç zaman yaxşı olmayıb. Məncə, insanın başının ucalığı ilk növbədə onun sadəliyində və səmimiliyindədir. Şillerin də söylədiyi kimi, sevgi insanı birliyə, eqoizm isə təkliyə aparır. İnan ki, eqoist və xudbin insanlar həyatda hər zaman tək qalırlar. Mən belələrini bədbəxt sayıram.

Kərəm Ələsgərov (ATV): – Sənə niyə hamı deputat deyir?


- Ay Kərəm, yəqin ki, hamı məni deputat gördüyü üçün deputat deyir. Zarafat bir yana, ancaq mən klassik geyimə daha çox üstünlük verirəm. Yəqin elə buna görədir ki, bu görkəmim insanlarda mənə qarşı sənin söylədiyin fikirləri yaradır. Səmimi deyim ki, klassik geyim tərzim jurnalist kimi də mənim çox işimə yarayır. Yəni, mən müsahiblərimi daha tez ovsunlaya bilirəm.

Simnarə Həmidqızı ("Space" TV): – Vasif, jurnalist qalmaq fikrin var, yoxsa çoxları kimi sən də bu sahədən tramplin kimi istifadə etməyi düşünürsən?


- Əgər ürəyimcə olan iş təklifi gələrsə, jurnalistikadan uzaqlaşmağı düşünə bilərəm. Mən bunu heç zaman da gizlətməmişəm.

Aytən Əhmədova (ATV): – Deputat, nazir, yoxsa hansısa qurumda sıravi işçi olmaq istəyirsən?


- Maraqlı sualdır. Amma mən hər zaman təmsil olunduğum yerdə işə faydalı biri olmağa can atmışam. İş barədə mənim bir prinsipim var: Hansı işdə olursan ol, ancaq hər zaman öndə olmalısan. Ona görə də dediyin vəzifələrin hər birində ola bilərəm. Yetər ki, onun öhdəsindən layiqincə gəlim.

Aytən Əhmədova (ATV): – Növbəti maraqlı müsahibin hansı hakimiyyət nümayəndəsi olacaq?


- İnan ki, onu hələlik heç özüm də bilmirəm. Özün də bilirsən ki, bu, gündəmdən asılı olan məsələdir. Ancaq yaxın vaxtlarda tanınmış şəxslərdən gündəm yaradacaq müsahibələrimi gözləyin!

Zaur Zahidoğlu (jurnalist): – İnsan həyatının və məsləkinin öz "qızıl qaydaları" olur. Sənin qaydaların hansılardır?


- Doğrudan da hər bir insanın həyatının "qızıl qaydaları" var. Mənim həyatımın "qızıl qaydaları" isə dürüstlük, sadiqlik, səmimilik, prinsipiallıq və məğrurluqdur. Eyni zamanda bu qaydalar mənim məsləkimə də aiddir.

Amid İsbəndərov ("İnteraz" TV): – Bu günə kimi jurnalistika həyatında sənə ən maraqlı gələn hadisəni danışmağını rica edirəm…


- Maraqlı hadisələr çox olub, amma indi yadıma düşəni Hacıbala Abutalıbovla bu yaxınlarda etdiyim qısa müsahibədir. Deməli, bu yaxınlarda zəng edib Hacıbala Abutalıbovdan, onun vəzifədən çıxarılması barədə mediada yayılan məlumatların nə qədər doğru olub-olmamasını soruşuram.

Bu an Hacıbala müəllim mat-məətəl qalıb mənə sual verir: Doğrudan da, məni çıxarıblar? Sonra da qayıdıb mənə qarğış edib deyir: "Əgər siz bu məlumatlara inanırsınızsa, o zaman doğrudan da məni çıxarıblar. İnanmırsınızsa, o zaman nə üçün bu iftiraları oxuyursuz? Vallah sizin eviniz yanacaq, heç kəs inanmayacaq". Bax belə bir hadisə yadımda qalıb.

Məlahət Nəsibova (APA TV): – Səncə insanlar, xüsusilə də jurnalistlər sənin haqqında nə düşünür, yəni necə insan olduğunu fikrləşir? Səncə görünmək istədiyin kimi görünürsən, yoxsa nəsə uğursuz alınıb?


- Yox, qətiyyən hansısa uğursuzluqdan söhbət gedə bilməz. Mən necə istəyirəmsə, o cür də yaşayıram. Həyatda olduğum kimi görünməyə çalışıram. Məncə, süni insan təsiri bağışlamağa heç bir gərək yoxdur. Elə buna görədir ki, bu gün ətrafımda sadiq və yaxşı dostlar var. İndiyədək qazandığım dostlar söylədiyim bu fikirlərə əyani sübutdur.

AzNews.az