“Sığorta olunanların sayı 2 milyon 630 min nəfəri ötüb”


"İşləyənlərin sosial sığortaya cəlb olunması məqsədilə onların qeydiyyatının aparılması ilə yanaşı, mövcud iş yerlərində ödənilən əmək haqlarının tam leqallaşdırılması da vacib şərtdir".

AzNews.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev işləyənlərin sosial sığortaya cəlb edilməsi ilə bağlı mövcud vəziyyəti şərh edərkən bildirib.

DSMF-nin sədri vurğulayıb ki, qeyd olunan problemlərin həlli məqsədilə Azərbaycan prezidenti tərəfindən ötən il konkret tapşırıqlar verilib və fondun müvafiq orqanlarla birlikdə həyata keçirdiyi tədbirlər nəticəsində 600 mindən çox şəxs əlavə qeydiyyata alınıb, bununla da sığorta olunanların sayı 2 milyon 630 min nəfəri ötüb. Lakin burada digər mühüm bir məqam da nəzərə alınmalıdır ki, əmək haqlarının tam leqallaşdırılması problemi daha çox işəgötürən və işçi arasındakı sövdələşmədən irəli gəlir və bazar iqtisadiyyatı şəraitində dövlətin buna inzibati müdaxilə imkanları geniş deyildir.

Məhz bu səbəbdən beynəlxalq təcrübədə problemin başlıca həlli yolu sığortaolunanların fərdi uçotu sisteminin inkişafı hesab edilir. Başqa sözlə, hər bir işləyən şəxs qəbul etməlidir ki, sosial sığorta haqqı onun əməyinin dəyərinin bir hissəsidir və işçi qüvvəsinin təkrar istehsalı, sosial risklərdən qorunması məqsədilə xüsusi fərdi hesabda toplanır, hər il indeksləşdirilərək artırılır.

E.Mehdiyev nəzərə çatdırıb ki, ötən dövrdə Azərbaycanda aparılan islahatlarla fərdi uçota və təkmil pensiya alqoritminə əsaslanan belə bir sistemin qurulması uğurla təmin edilib.

Müxtəlif təbliğat vasitələrindən istifadə, eləcə də fondun internet səhifəsi vasitəsilə hər bir şəxsə öz fərdi hesabında toplanan pensiya kapitalı barədə məlumatı maneəsiz əldə etmək imkanının yaradılması bu prosesin mühüm tərkib hissəsidir. DSMF sədrinin fikrincə, bütün bunlar perspektivdə işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətə təşviq edilməsini daha da gücləndirəcək.

AzNews.az