Gəncləri təxribata çağıran saytlar qadağan edilsin- Təklif

Dünən Azərbaycanda Gənclər Günü qeyd olunub.

Millət vəkili Fuad Muradov mərhum ölkə başçısı Heydər Əliyevin təşəbbüsü ilə qeyd edilən bu bayramla əlaqədar ölkə gənclərini təbrik edib. Onun sözlərinə görə, Azərbaycan əhalisinin 65 faizə qədəri gənclərdir: "Prezident İlham Əliyevin diqqəti sayəsində ölkədə uğurlu gənclər siyasəti həyata keçirilir. Gənclərlə bağlı dövlət proqramı qəbul edilib, gənclərin asudə vaxtının təşkili məsələsi öz əksini tapıb".

Fuad Muradov qeyd edib ki, Azərbaycan mediası sərhədi qoruyan, erməni gülləsindən həlak olan gənclərimizin şücaətini təbliğ etməlidir:

"Bu il başlayandan ermənilərin təxribatı nəticəsində bir neçə zabitimiz həlak olub. Əsl şəhid gənclər məhz onlardır. Belə gənclərimizlə fəxr edib onları təbliğ etməliyik. Yoxsa, gedib xarici ölkədə vuruşan gənclərin işini təbliğ etmək olmaz".

F.Muradovun fikrincə, internetdə gəncləri təxribata çağıran, Suriyada döyüşə dəvət edən saytları qadağan etmək lazımdır:

"Facebook"da yaradılan bir səhifə tərəfindən açıq təbliğat gedir və gənclər də oradan qeydiyyatdan keçib Suriyaya dəvət olunurlar. Bu səhifələr qapadılmalıdır. Beynəlxalq təşkilatların Azərbaycanda internetin məhdudlaşdırılması barədə bəyanatlarından çəkinməyinə dəyməz. Bu, artıq terrorçuluğa çağırışdır. Bununla bağlı ciddi addımlar atılmalı, cinayət işi açılmalı, həmin saytlar qapadılmalıdır".

F.Muradov qeyd edib ki, Azərbaycanda gənclərlə bağlı dövlət siyasətinin əsas tərkib hissəsi gənclərin firəvan həyatını təmin etməkdir: "Çalışırıq ki, gənc insanlar yaxşı yaşaya bilsin. KİV-lər daha çox bilikli, savadlı insanlara diqqət ayırmalıdır".

AzNews.az