“Yaşar Cəfərlinin ciddi müayinəyə ehtiyacı var”- Eldar Sabiroğlu

Müdafiə Nazirliyinin keçmiş mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlunun "Qafqazinfo"ya müsahibəsi:


- Ehtiyatda olan polkovnik-leytenant Yaşar Cəfərli Müdafiə Nazirliyində kadr islahatları ilə bağlı mövqeyini açıqlayıb. Siyahıdan, yəqin ki, məlumatlısınız. Buna münasibətiniz necədir?


- Mən onun siyahısına baxdım, həqiqətən çox təəssüfləndim. Özünə hörmət edən adamın işinə heç oxşamır. Mən onun haqqında bəzən tənqidi fikirlər səsləndirəndə yan yörəsindəkilər məni top atəşinə tuturlar. Bu dəfə onlara müraciət edirəm. Səmimi, obyektiv olaraq götür-qoy edib qiymətləndirsinlər. Görün hansı "təşəbbüslə" çıxış edir? Kimisə vəzifə qoyur, kimisə vəzifədən azad edir.

Doğrudanmı, bunda inam var ki, bunun dediyi "kadr siyasəti" həyata keçəcək və ya hardasa nəzərə alına bilər. Yazıqlar olsun. Onun həqiqətən ciddi psixoloji müayinəyə ehtiyacı var. Çünki bu normal adamın işi deyil. Yəqin, gecələr yatmamış gözünün qabağına belə şeylər gəlir və inanır ki, kadr dəyişikliyini təqdim edər-etməz dərhal işə düşəcək.

- Bəyanatda sizin də adınız çəkilir. Yaşar Cəfərli sizin ehtiyata göndərilmənizi təklif edir...


- Mənim də adımı çəkərək deyib ki, Eldar Sabiroğlu ehtiyata buraxılsın. Hələ indiyə qədər xəbəri yoxdur ki, mən iki aydır ki, ehtiyata buraxılmışam. Başqa deyəcək söz tapa bilmirəm. Onu bu vəziyyətə salan və şirnikləndirən adamlar düşünsünlər ki, insanı gör nə cür vəziyyətə çatdırıblar. O da hansı fikirlər, xülyalarla yaşayır.

- Son günlər eks-müdafiə naziri Səfər Əbiyev haqda mətbuatda müxtəlif yazılar yazılır. Bu yazılarla bağlı nə düşünürsünüz?


- İstərdim ki, mətbuatda olan o anonim yazılar aradan götürülsün. Gedənin dalınca bu qədər söz- söhbət olmasın. Bu bizim cəmiyyətin ümumi bəlasıdır. Ancaq Səfər Əbiyev müdafiə naziri olaraq dövlətə, ulu öndərə, prezident İlham Əliyevə sədaqətlə xidmət edib. Və orduda islahatlar aparılması, Silahlı Qüvvələrimizin inkişafı barədə müəyyən etdikləri siyasəti həyata keçirməklə məşğul olub. Mən bunu belə görmüşəm. Başqa deyəcək sözüm yoxdur.

AzNews.az