Qurban Yetirmişli: “... dağıntılar çox ola bilərdi“

"Azərbaycan ərazisində baş verən zəlzələdən sonra zəif təkanlar qeydə alına bilər. Ancaq bunun problemi yoxdur. Yəni 55 km dərinliyində olan zəlzələnin avtoşokları olmalıdır".

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, geologiya-minerologiya elmləri doktoru Qurban Yetirmişli deyib.

Q.Yetirmişli bildirib ki, Rixter cədvəli ilə zəlzələnin maqnitudası 5,7 olub: "Zəlzələnin dərinliyi 55 km olduğuna görə respublikanın demək olar ki, bütün ərazilərində hiss olunub. Ancaq zəlzələ çox dərində olduğundan, dağıntı əmələ gətirməyib. Əgər bu zəlzələ 8-10 km dərinlikdə olsaydı, dağıntılar çox ola bilərdi".

Onun sözlərinə görə, 55 km dərinlikdə olan zəlzələ episentrdə və digər rayonlarda dağıntılar əmələ gətirməyibsə, bu o deməkdir ki, elə də qorxulu bir şey yoxdur.

Q.Yetirmişli zəlzələ ilə bağlı yayılan şayiələrin düzgün olmadığını söyləyib: "Zəlzələ haqqında şayiələr yayırlar. Bu işlə məşğul olmayanlar müxtəlif şayiələr yayır, artıq-əskik danışırlar. Zəlzələ 3-5 bal gücündə bütün ərazilərdə hiss edilib".

Qeyd edək ki, bu gün yerli vaxtla saat 16:07-də Saatlıdan 41 km şimal-şərqdə, Hacıqabul ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunub. Zəlzələnin maqnitudası 5,70, dərinliyi isə 55 km olub.

AzNews.az