Unikal əməliyyatın tətbiqinə başlanılıb - TVT - O ilgəyi

Azərbaycanda ilk dəfə olaraq qadınlar üzərində "TVT-O" ilgəyin qoyulması" əməliyyatı həyata keçirilib.

Trend-in məlumatına görə, əməliyyatı Respublika Diaqnostika Mərkəzində Belarusun Azərbaycanda səfərdə olan tanınmış ginekoloqu, alim Aleksandr Barsukov azərbaycanlı həmkarları ilə birgə həyata keçirib.
A.Barsukov Trend-ə bildirib ki, Belarus və Azərbaycanın Səhiyyə nazirlikləri arasında əldə edilmiş razılıq əsasında belaruslu həkimlər master-klassların təşkili, iş yerində təlimlərin keçirilməsi məqsədilə Azərbaycana gəlirlər. Azərbaycana 5-ci dəfə baş tutan bu səfəri zamanı o, ilk dəfə olaraq sidik orqanının disfunksiyası, o cümlədən gərginlik zamanı sidik ifrazını saxlaya bilməmək halında tətbiq edilən "TVT-O" ilgəyin qoyulması" əməliyyatını həyata keçirib.
Onun sözlərinə görə, bu problemə bütün dünyada rast gəlinsə də, qadınlar bununla əlaqədar həkimə müraciət etməyə utanırlar: "Bu, bütün dünyada çox incə mövzu kimi qəbul edilir. Məsələn, Avropa İttifaqında qadınların 30-35 faizində bu problemə təsadüf edilir. Onlar bu səbəbə görə ginekoloq və ya uroloqlara müraciət edirlər. Rusiyada belə əməliyyatların göstəricisi 1,5 faiz təşkil edir. Bizim ölkəmizdə də bu, çox "ədəbli" problem hesab edilir. Belarusda bununla əlaqədar təbliğat aparmağa, o cümlədən telekanalların sağlamlıq verilişlərində bu mövzunu qabartmağa başladıqdan sonra insanlar başa düşməyə başladılar ki, problemə reaksiya verilməlidir. Nəhayət, müraciət etməyə başladılar və belə əməliyyatları daha çox etməyə başladıq".
A.Barsukov deyib ki, Belarusun statistikasına görə, ginekoloqa müraciət edən hər 5-ci qadının problemləri sidik ifrazı, qadın çanaq orqanlarının disfunksiyası və disfunksiya öncəsi vəziyyətlə bağlıdır.
Onun sözlərinə görə, sadalanan problem Azərbaycan qadınları üçün daha aktualdır: "Bu, sizin ölkənizin qadınları üçün xüsusilə aktualdır. Doğuş aktı və yaşla əlaqəli olaraq, 40 yaşdan sonra onlarda belə bir problem yaranmağa başlayır. Qadın reproduktiv funksiyasını yerinə yetirməklə yanaşı, cəmiyyət üçün yaxşı, yararlı işçi ola, həyatdan tam həzz ala, uşaqlarını böyüdə bilər. Amma qadın çanaq orqanlarının disfunksiyası onun cəmiyyətdən qaçması ilə nəticələnir, onu ətraf aləmdən çəkindir. Bu problem onun sosial imkanlarını məhdudlaşdırır. Çünki müalicə almazsa, ondan sidik qoxusu əskik olmayacaq. Bu da onun hər kəsdən kənarlaşmasına səbəb olur".


AzNews.az