Jurnalist yazıları müsabiqəsinə yekun vuruldu

Bu gün Bakı şəhəri, Nizami rayonunda 2013-cü ildə sosial-iqtisadi inkişaf istiqamətində görülmüş işlərə yekun vurulub və 2014-cü-ci il üçün qarşıda duran vəzifələr müzakirə olunub.

Tədbir çərçivəsində Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri də mükafatlandırılıb. Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov qeyd edib ki, ötən ilin noyabr ayında rayon ictimaiyyətinin, icra strukturlarının nümayəndələri ilə media rəhbərləri arasında görüş keçirilib: "Görüşün yekunu olaraq fərdi jurnalist yazı müsabiqəsi elan edilib və bu gün həm də qaliblər mükafatlandırılır".

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə çıxışında əvvəlcə Nizami rayonunun sosial iqtisadi inkişafı ilə bağlı fikirlərini bildib, rayonun dinamik tərəqqi yolunda olduğunu diqqətə çatdırıb. Fondun yaradılması və fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verən Vüqar Səfərli qurumun 2009-cu ildə Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradıldığını bildirib: "Fondun yaradılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mediaya yüksək diqqət və qayğısının növbəti təzahürü olub. Ötən illər ərzində dövlət başçısının yüksək diqqətini media daim öz üzərində hiss etmişdir. Cənab Prezidentin media işçilərinə yüksək qayğısının daha bir real nümunəsi heç şübhəsiz ki, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı 2010-cu ildə verdiyi sərəncam olub. Ötən ilin iyul ayında cənab Prezidentin iştirakı ilə jurnalistlər üçün inşa olunmuş binanın açılışı keçirilmiş və burada 156 media təmsilçisinə təmirli mənzillər verilib".

Fondun mövcud fəaliyyətindən də bəhs edən Vüqar Səfərli qeyd etmişdir: "Bu gün Fond tərəfindən 34 qəzetə layihələr çərçivəsində maliyyə vəsaiti ayrılır. Bu, onların iqtisadi müstəqilliyinin möhkəmlənməsinə töhfələr verir. Fondun əsas məqsədlərindən biri də, jurnalist peşəkarlığının yüksəldilməsi məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsidir. Bu konteksdə beynəlxalq təcrübənin öyrənilməsi üçün də müvafiq addımlar atılır, jurnalistlərin müxtəlif xarici ölkələrə səfərləri təşkil olunur. Elə ötən il Türkiyəyə və Şimali Kipr Türk Cümhuriyyətinə media təmsilçilərinin səfərləri təşkil olunub".

Vüqar Səfərli Fond tərəfindən təşkil olunan fərdi jurnalist yazı müsabiqələri barədə də tədbir iştirakçılarına məlumat vermişdir: "Fond hər il bir neçə fərdi jurnalist yazıları müsabiqəsi təşkil edir. Bununla yanaşı Fond digər icra strükturları ilə birgə də yazı müsabiqələrinin təşkilini həyata keçirir. Ötən ilin noyabrında Nizami Rayon İcra Hakimiyyətində baş tutan görüşün nəticəsi olaraq "Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda müsabiqə elan olunub. Keçirilmiş müsabiqəyə ötən ilin noyabr ayının 19-dan dekabr ayının 20-dək yazılar qəbul edilib. Müsabiqəyə ümumilikdə 43 jurnalist yazı təqdim edilmiş, yazılar ekspertlər tərəfindən qiymətləndirildikdən sonra, 1-ci yer üçün 1 nəfər, 2-ci yer üçün 2 nəfər, 3-cü yer üçün 3 nəfərdən ibarət qaliblər müəyyənləşdirilib. Bundan əlavə 11 jurnalist isə həvəsləndirici mükafata layiq görülüb". Qaliblərin mükafatlandırılmasından öncə, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov media ilə fəal əməkdaşlığına görə, KİVDF-nin xüsusu diplomuna layiq görülüb. Daha sonra qaliblər mükafatlandırılıb.(Musavat.com)