Xalq şairindən “Valentin Günü”nə etiraz: “Əsl sevgi günü 30 iyundur”

"Biz 14 fevralı bayram kimi qəbul etmirik"





"Azərbaycanın Fərizə kimi sevən, sevgisinə bütöv qadını olub. Fərizə əsl məhəbbəti uğrunda həlak oldu".


Bunu AzNews.az-a açıqlmasında xalq şairi Nəriman Həsənzadə Azərbaycanda xristian-katoliklərin 14 fevral Müqəddəs Valentin Gününün "Sevgililər günü" kimi qeyd olunmasına münasibət bildirərkən deyib.

O bildirib ki, 20 yanvar şəhidi İlham Allahverdiyevin yenicə ailə həyatı qurduğu Fərizə xanımın sevgisi uğruna atdığı addım, Azərbaycan qızlarına, qadınlarına nümunə olmalıdır: "14 fevral beynəlxalq müstəvidədir. Amma bununla belə biz onu bayram kimi qəbul etmirik. Biz 30 iyunu qeyd etməliyik".

N. Həsənzadə İlhamla Fərizənin toları keçirilən 30 iyun tarixinin "Sevgililər günü" kimi qeyd olunması ilə bağlı Azərbaycan prezidentinə müraciət ünvanlandığını da qeyd edib:

"Niyə, belə insanları təbliğ etməyək? Bəli, müraciət etmişəm. Amma bu müraciətə neçə nəfərin imza atdığını deyə bilmərəm. Hər halda bu müraciət dəstəklənməlidir. Fərizə də şəhid olub. O, İlhamı sevdiyinə görə, özünü şəhid edib".

Xatırladaq ki, 30 iyun "Sevgililər günü"nün rəsmiləşməsi üçün bir qurup ziyalı ölkə prezidentinə müraciət edib. Onların arasında xalq artisti Aygün Kazımova, deputat Qənirə Paşayeva, xalq şairləri Nəriman Həsənzadə və Zəlimxan Yaqub, o cümlədən xalq artisti Arif Babayev və xalq yazıçısı Çingiz Abdullayevin də adı var.

Bahar Rüstəmli
AzNews.az