Başqan deputatın Xocalı ilə bağlı xahişini qəbul etdi

Millət vəkili Qənirə Paşayeva Adana bələdiyyə başqanından Xocalı Soyqırımı abidəsinin gələn ay ucaldılmasını xahiş etdi Adana bələdiyyə başqanı millət vəkili Qənirə Paşayevanın Xocalı ilə bağlı xahişini qəbul etdi


"Qafqazinfo" xəbər verir ki, Türkiyənin Adana şəhərində Xocalı soyqırımının 22-ci il dönümünə həsr olunan tədbir keçirilib. Azərbaycan Kültür Dərnəklərinin təşkilatçılığı ilə keçirilən tədbirdə, Adana Böyükşəhər bələdiyyəsi sədri Zehni Aldırmaz, Ceyhan Bələdiyyə sədri Hüseyin Sözlü, Azərbaycan Kültür Mərkəzinin sədri Yaqub Bulut, onun müavini Cahangir Zeynalov, Qardaş Mədəniyyətlər Dərnəyinin üzvləri, Adana rəsmiləri, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova, millət vəkili, Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin rəhbəri Qənirə Paşayeva və onun rəhbərliyi ilə Azərbaycandan gələn nümayəndə heyəti: Ədəbiyyat qəzetinin baş redaktoru Sərvaz Hüseynoğlu, Simsar informasiya agentliyinin rəhbəri İradə Nurəddinqızı, həmin agentliyin müxbiri Ülviyyə Cövdətqızı, Lider Televiziyasının əməkdaşı Nuranə Axundova, İşgüzar Qadınlar İctimai Birliyinin sədri Sürəyya İsmayılova, Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva,190 saylı orta məktəbin müəllimi Məlahət Hüseynova, Əməkdar artist Elza Seyidcahan, Adanada təhsil alan azərbaycanlılar və adanalılar iştirak ediblər. Tədbirə Türkiyə və Azərbaycan himnlərinin oxunması ilə start verilib.

Yaqub Buludun ardınca çıxış edən Qardaş Mədəniyyətlər Dərnəklərinin rəhbəri Halil Akyürek, ermənilərin qondarma soyqırım iddialarını dünyaya qəbul etdirərək Xocalı soyqırımını unutdurmaq istədiklərini dilə gətirib. O bildirib ki, "onlar bu məqsədlərinə nail ola bilməyəcəklər. Çünki bizlər Xocalıda gülləyə tuş gələn azərbaycanlı qardaşlarımızın ağrısını hələ də hiss edirik".

Daha sonra çıxış üçün söz Böyükşəhər Bələdiyyə başçısı Zehni Aldırmaza verilib. Z. Aldırmaz, "kaş ki, bu günləri heç yaşamasaydıq",- deyə nitqinə başlayıb. O bildirib ki, ürək ağrısı ilə il dönümünü qeyd etdiyimiz Xocalı Soyqırımının unutdurulmaması üçün tezliklə Xocalı soyqırımı abidəsinin tikiləcək və bu hadisələri törədənlərə layiqli cavab veriləcək.

Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva "22 il əvvəl 26 fevral tarixində ermənilər Xocalı sakinlərini soyqırıma məruz qoyublar. Adanada Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılacaq abidənin qısa vaxtda tikilib hazır olmasını arzu edirəm. Bu abidəni biz sizdən gözləyirik. 1918-ci ilin martın 31-də ermənilər xarici qüvvələrin dəstəyi ilə minlərlə azərbaycanlını qətlə yetirərkən Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun köməyi olmasa idi, tarixdə misli görünməmiş soyqırım baş verərdi. Hər il 31 mart azərbaycanlıların soyqırıma məruz qalmalarının ildönümü kimi qeyd olunur. "Xocalı" abidəsinin 31 mart tarixinə qədər tikilib hazırlanması həm 1918-ci il 31 martda həm də 1992-ci il 26 fevral, Xocalıda soyqırıma məruz qalan insanlarımızın ruhu qarşısında atılan böyük bir addım olar",-deyə bildirib. O qeyd edib ki, bu cür abidələrin tikilməsi gənclərin doğru yetişdirilməsi tarixlərini daha yaxşı bilməsi üçün gərəklidir.

Tədbir çərçivəsində iştirakçılara Milli qəhrəman, operator Çingiz Mustafayevin lentə aldığı Xocalı soyqırımı hadisələri nümayiş etdirilib. Sonda millət vəkili Qənirə Paşayevaya xatirə plaketi təqdim edilib.

Qeyd edək ki, Xocalı soyqırımının 22-ci il dönümünə həsr olunan tədbirdən əvvəl Çuxurova kültür mərkəzində Xocalı soyqırımını əks etdirən foto sərgi təşkil edilib. Daha sonra millət vəkili Qənirə Paşayevanın həmmüəllifi olduğu "Hocalı Soykırımı-tanıkların dilindən" kitabının təqdimat və imzalanma mərasimi keçirilib.



AzNews.az