"Müalicəm üçün mənə kömək ediləcəyi bildirildi" "Müalicəm üçün mənə kömək ediləcəyi bildirildi"

Səlim Müslümov aclıq aksiyasına başlayan qaziyə söz verdi

"Müalicəm üçün mənə kömək ediləcəyi bildirildi"




Bir neçə gün əvvəl ölüm aclığına başlayan Qarabağ qazisinə rəsmi qurumlardan cavab gəlib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlil döyüşçünün səhhəti və problemi ilə maraqlanıb, həmçinin kömək vəd edilib.

Bu barədə musavat.com-a döyüşçü Namiq Ağayev özü məlumat verib. O bildirib ki, fevralın 24-də başladığı aclıq aksiyasını bu vəddən sonra ayın 25-də axşam dayandırmalı olub: "Sosial Müdafiə Nazirliyindən mənə zəng etdilər, əlaqə saxladılar. Bildirdilər ki, nazir özü bununla maraqlanır. Mənə nazirlə görüş verəcəklər. Ayın 27-də, saat 3-də nazirlə görüşüb problemimi deyəcəm. Nazirlikdən nümayəndə evimə də gəlib problemlə, səhhətimlə maraqlandı. Müalicəm üçün, ev almağım üçün, həmçinin işləməyim üçün kömək ediləcəyi, şərait yaradılacağı bildirildi. Dedilər ki, nazir bu məsələni nəzarətdə saxlayacaq. Mən nazirlə görüşdə problemimi deyəcəm və həll ediləcəyini güman edirəm. Buna görə aclığı dayandırdım".

N.Ağayev qeyd edib ki, aclıq etdiyi iki gün ərzində Xətai rayonundakı poliklinikanın həkimləri və təcili yardımın həkimləri onun səhhəti ilə müntəzəm olaraq maraqlanıblar. O, problemini ictimailəşdirən mediaya da minnətdarlığını bildirdi.

Qeyd edək ki, ikinci qrup əlil olan Namiq Ağayev aclıq edən gün mətbuata açıqlamasında sosial problemlərinin ciddiliyindən və səhhətindən şikayətlənmişdi. Onun sözlərinə görə, illərdir ki, pulsuzluq səbəbindən müalicə belə oluna bilmir və sağlamlıqla bağlı problemləri ciddiləşib. O, illər əvvəl ev növbəsində durduğunu, lakin ona rüşvət vermədiyi üçün ev verilmədiyini də bildirmişdi, həmçinin əlillər üçün evlərin rüşvət müqabilində verildiyini vurğulamışdı.

AzNews.az