Binəqədidə küçədə yeni “palçıq göl“- Reportaj

Binəqədi rayonu paytaxtın ən abad, ən müasir rayonlarından olsa da, təəssüf ki, bu rayonun adını daşıyan qəsəbənin bəzi küçələri hələki gözdən-könüldən uzaq qalıb.

Binəqədi qəsəbəsinin M. Ələkbərov döngə 1 ünvanında yaşayan sakinlər küçədə kanalizasiya probleminin yağış yağan kimi yolu keçilməz etdiyindən narazıdırlar.

Movqe.az-a ünvanlanan məktubda sakinlər bildirirlər ki, M. Ələkbərov küçəsində kanalizasiya yağış yağan kimi daşıb yola tökülür. Üstəlik küçədə yağış barmaqçıqlarının olmaması üzündən bu küçənin sakinləri divarların dibi ilə özlərinə cığır salmaq məcburiyyətində qalıblar. Küçənin Esmira Nuriyeva adlı sakini bildirir ki, məktəblilər küçədən keçmək üçün öncə küçənin ortasında yaranmış gölməçəni keçməlidirlər:

"Bu gölməçəni keçmək üçün uşaqlar çətinlik çəkirlər. Valideylər uşaqlarını qucaqlarına alıb gölməçəni keçirtməli olurlar. Yağış suları evlərin altına dolur. Camaat qapısını açıb içəri keçə bilmir. Nəcis axıb yola tökülür. Allah eləməsin küçədən keçəndə bir maşın keçsə yanımızdan üstümüz çamura bulaşır".

Küçənin sakinləri məsələ ilə bağlı Binəqədi qəsəbə nümayəndəliyinə və bələdiyyəsinə müraciət etdiklərini, amma hələki məsələnin müsbət həllini tapmadığından gileylənirlər:

"Bizim rayonumuz Bakı rayonları arasında ən abad rayondur. Rayonumuza yeni icra başçısı Xaləddin İsgəndərov təyin olunandan sonra rayonumuz abadlaşıb, gözəlləşib. Elə qəsəbəmizdə də yeni Mədəniyyət Evi, uşaq bağçası, yeraltı keçid tikilib. Yol kənarları abadlaşdırılıb. Di gəl bizim küçəmizdə su dizə çıxsa da əncam edən tapılmır. Məsələdən başçının da xəbəri var.

Tapşırıq verib ki, bizim küçədə kanalizasiya problemi həll olunsun. Qəsəbənin icra nümayəndəsi və bələdiyyə başçısı ilə birgə Su Kanal idarəsinin rəisi də gəlib vəziyyətlə tanış oldu. Bizə dedilər kanalizasiyanın üstünü özünüz açın, biz də gəlib düzədək. Bəzi qonşular razılıq versələr də bu işi görən olmadı.

Bircə başa düşmədik ki, kanalizasiya xətini düzəltməyi üzərinə götürən qurumun kanalizasiya xətini küçə sakinlərinə qazıb çıxartdırmasında məqsəd nə idi? Qonaq gələnlər inanmırlar ki, belə gözəl rayonun qəsəbəsində yaşayanların problemi olar. Ümidimiz şəxsən Xaləddin İsgəndərovadır. Neçə dəfə 1646 sakinlərin müraciət xidmətinə də məlumat vermişik. Sağ olsunlar problemimizi ətraflı dinləyirlər, amma hələki əncam çəkən yoxdur".

Sakinlər onu da bildiriblər ki, qəsəbə nümayəndəliyindən bu küçənin kanalizasiya xətinin çəkilməsinin və yolun təmirinin dövlət proqramında olduğunu söyləyiblər.

AzNews.az
image description image description image description image description image description