Rövnəq Abdullayev informasiya agentliklərini çökdürür

Azərbaycan Dövlət Neft Şirkətinin maliyyə dəstəyi ilə (SOCAR) report.az adlı yeni informaisya agentliyinin yaradılması prosesinə başlanılıb.


Etibarlı mənbənin "Qafqazinfo"ya verdiyi xəbərə görə, sayt artıq qeydiyyatdan keçib. Onun təsisçisi open.az portalının rəhbəri Məmməd Ələkbərovdur. Məlumata görə, M. Ələkbərovun yeni layihəsinə rəhbərlik edən şəxslər ölkənin aparıcı informaisya agentliklərinin əməkdaşlarına yüksək maaşlar vəd edərək yeni layihəyə cəlb etmək istəyirlər. Onlara vəzifədən asılı olaraq 3-5 min manat civarında əmək haqqı vəd olunur. Bildirilir ki, SOCAR bu layihə ilə hər hansı bağlılığını qəti şəkildə inkar etsə də, aparılan araşdırma bu məsələnin SOCAR-n inkar etdiyi kimi olmadığını üzə çıxıb. Belə ki, yeni layihənin əsas sponsoru SOCAR-ın məhsullarının xaricə satışını təşkil edən SOCAR Traiding SA şirkətinin rəhbəri Anar Əliyevdir.

Qeyd edək ki, ötən ilin sonunda İngiltərənin Global Witness təşkilatının apardığı arasdırma nəticəsində məlum olmuşdu ki, SOCAR-ın ən azı 48 sövdələşməsində adı keçən şirkətlərlə Anar Əliyevin bağlılığı var. Bunlardan yalnız birində Azərbaycan neftinin xaricə satışı ilə məşğul olan Socar Trading SA şirkətindən Anar Əliyevin qazancı 100 milyon dollardan artıq olub.

Maraqlıdır ki, SOCAR öz yeni layihəsini artıq Azərbaycanın informasiya məkanında yer tutmuş və ictimai rəyə ciddi təsir göstərən bir neçə aparıcı informasiya agentliyinin kadr potensialı hesabına reallaşdırmağı hədəf götürüb. Bu isə həmin agentliklərin çökdürülməsi anlamına gəlir. O da bəllidir ki, bu agentliklər güclü hakimiyyət qruplarının himayəsindədir və SOCAR-ın bu həmləsi heç də nəticəsiz ötüşməyəcək.

Onu da xatırladaq ki, R.Abdullayevin və onun rəhbərlik etdiyi SOCAR-ın adı son günlər nurçuları maliyyələşdirən əsas qurum və şəxs kimi hallanır.


AzNews.az