İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədrləri görüşdü

İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfindən həmsədri, professor Nərgiz Paşayeva Cəmiyyətin Böyük Britaniya tərəfindən yeni seçilmiş həmsədri, Parlamentin Lordlar Palatasının üzvü Lord German ilə görüşüb. Parlament üzvü bu vəzifədə mərhum Lord Freyzeri əvəz edib.
Böyük Britaniya Parlamentinin Lordlar Palatasında keçirilmiş görüşdə, həmçinin ölkəmizin Birləşmiş Krallıqdakı səfiri Fəxrəddin Qurbanov və İngiltərə-Azərbaycan Cəmiyyətinin icraiyyə komitəsinin üzvləri iştirak edib.

Görüşdə Cəmiyyətin hazırkı fəaliyyəti və inkişaf perspektivlərinə dair həmsədrlər arasında ətraflı fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı İngiltərə-Azərbaycan Cəmiyyətinin ölkələrimiz arasında mədəniyyət və humanitar sahələrdə münasibətlərin inkişafına töhfə verdiyi qeyd olunub, bu fəaliyyətin gələcəkdə də uğurla davam edərək daha yeni sahələri əhatə edəcəyinə əminlik ifadə olunub. İki ölkənin vətəndaşları səviyyəsində təmasların gücləndirilməsi və işgüzar dairələr arasında əlaqələrin təşviqi sahələrində geniş potensial olduğu vurğulanıb.

İngiltərə-Azərbaycan Cəmiyyətinin fəaliyyətini müsbət qiymətləndirən professor Nərgiz Paşayeva, qurumun ölkələrimiz arasında münasibətlərin genişləndirilməsində mühüm xidmətlərinin olduğunu qeyd edib. Lord Germanı İngiltərə-Azərbaycan Cəmiyyətinin Böyük Britaniya tərəfindən həmsədri vəzifəsinə seçilməsi münasibətilə təbrik edən Nərgiz Paşayeva, onun Cəmiyyətin işinə böyük töhfə verəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.

Lord German İngiltərə-Azərbaycan Cəmiyyəti tərəfindən ona göstərilmiş bu yüksək etimada görə təşəkkürünü bildirib, Cəmiyyətin fəaliyyətinin daha da genişləndirilməsi üçün Azərbaycan tərəfindən həmsədr, professor Nərgiz Paşayeva ilə sıx əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb. (AzərTAc)