Əkrəm Əylisli gileyləndi: “Sanki əllərinə fürsət düşüb”


"Azərbaycan ədəbiyyatında artıq "İsa Hüseynov tarixi" var və bu danılmaz faktdır. Bizim münasibətlərimiz olub. Təəəsüf ki, İsa Hüseynovla bağlı fikirlərimi başqa yerə yozurlar. Sanki əllərinə fürsət düşüb". Bunu AzNews.az -a açıqlmasında tanınmış yazıçı Əkrəm Əylisli bəzi media vasitələrində onun İsa Hüseynovu tənqid etməsi ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib. O deyib ki, İsa Hüseynovu həmişə böyük yazıçı hesab edib: "Həmin verilişdə tənqidçi Əsəd Cahangirin fikirlərinə münasibət bildirərkən bəzi məqamları açıqlamışam. Əsəd Cahangir deyib ki, nə yunan antik mədəniyyəti, nə Aristotel, nə Platon, nə də antik ədəbiyyatda olan insanların heç biri olmayıb: "Nə yunan-türk fəlsəfəsi, nə mədəniyyəti, nə də səmavi "İncil" kitabı yoxdur. Bir elm var, o da saf-ağ elmidir. Bu elmi də biz tanımışıq. Bundan sonra bəşəriyyəti inandıracayıq ki, bunlar hamısı, hətta sivilizasiya, dinlər da yalandır. Bütün bunları biz qəbul etməliyik və bu məzmunda əsərlə dünya qarşısına çıxmalıyıq. Gəlin hər şeydən kənarlaşıb, bundan yapışaq". Mən də buna dözmədim və öz fikirlərimi dedim".

Ə. Əylisli vurğulayıb ki, İsa Hüseynova olan münasibətini Allah da bilir, bəndə də...

Qeyd edək ki, aprelin 3-də "Azadlıq radiosu"nda İsa Muğannanın (Hüseynov) əsərləri müzakirə olunub. Bəzi media vasitələrində bildirlib ki, verilişdə yazıçı Əkrəm Əylisli İsa Muğanna (Hüseynov) və onun əsərləri barədə mənfi fikirlər səsləndirib.

Bahar Rüstəmli
AzNews.az