Həyat müəllimlərimdən birini itirdim…

Bizim yolumuz çətin və keşməkeşli bir yoldur. Azərbaycanı sevməyənlər bu yolumuzun hər zaman qaranlıq olmasını istəyiblər: əlifbamızı dəfələrlə dəyişiblər, ziyalılarımızı məhv ediblər, arxivlərimizi və tariximizi dəfələrlə saxtalaşdırıblar. Qaranlıq içində, şübhə içində, eqomuzun içində, bir-birimizə nifrətin içində, cəhalətin içində qalaq deyə, millətimizə qarşı çoxlu oyunlar oynayıblar.

Heç nəyə baxmayaraq Azərbaycanı, Türk dünyasını sevən, bu yola xidmət üçün yol gedən gənclərin işi çətindir, amma hər birimiz bundan şikayətlənməyə haqqımızın olmadığını da bilirik. Bizim qaranlıq yolumuzu işıqlandıran ziyalalılarımız, müəllimlərimiz və ustadlarımızdır. Bu gün səhər oyandığımda "Axar.az"da nəzərimi çəkən xəbəri oxuyanda gözlərimə inanmadım, sosial şəbəkədəki profilinə girdim, saysız başsağlığı mesajlarını oxuyanda ürəyimə bir qorxu düşdü: yəni doğrudanmı həmkarlarım yanılmayıb? Onun yaxınlarından birinə zəng vurdum, "Dəfni bu gün olacaq" cavabını aldım. Dünya başıma daraldı, getdiyim həyat yolumu işıqlandıran gur işıqlardan birinin söndüynü anladım... Onsuz... İşıqsız... Ustadsız... Həyatımda mənə yaşamağı öyrədən müəllimsiz... Bu yolu necə gedəcəkdim?

Mənim kimi yüzlərlə gəncə bildiyi hər şeyi öyrətməkdən bezməyən peşəkar bir ustad idi Rəhim Hüseynov. İdarəetmə, təşkilatçılıq, insan qaynaqları ilə işləməkdə peşəkar idi, biznes haqqında heç kimin bilmədiklərini bilirdi. O, işgüzar aləmin sirlərini öyrənmək istəyən gəncləri öyrədirdi. Həm də təmənnasız. Mən Rəhim müəllimin əlindən çıxmış neçə şirkət rəhbəri tanıyıram... Onun haqqında nələr bilirəm, nələr yazmazdım?..

Mən onu necə tanımışdım?! Rəhim müəllim ziyalı, yenilikçi, işgüzar, kreativ və pozitiv insan idi... "Min Ev Sədərək" adlı ilk filmimin təqdimatı onun dəstəyi ilə baş tutmuşdu. Ağlıma gələn bir çox biznes ideyalarını əvvəlcə onunla paylaşır, onun məsləhətlərini almamış heç nə etmirdim. O, fərqli biri idi, yüksək vəzifələr tutsa belə, bu, onu heç vaxt dəyişdirməmişdi. Səmimi və sadə idi. Bəzən ona zəng vurur, görüşmək istədiyimi deyirdim, o, işinin çox olmasına baxmayaraq, hər zaman mənə vaxt ayırırdı.

Bir söhbətimizdə iş dünyasında olan çətinlikləri anladanda bir az qorxdum: "Bu qədər problemi necə həll edəcəyəm, müəllim?" Güldü: "Ayıdan qorxanın meşədə nə işi?" O öz tələbələrinə bilik öyrətməklə bərabər, biliyi necə əldə etmək bacarığını da öyrədirdi. Rəhim müəllim işgüzar karyeramın hər pilləsində yanımda idi. Bir telefon zəngi qədər yaxınlığımda... Mən hər zaman onunla görüşmək, ondan yeni informasiyalar öyrənmək üçün bəhanələr axtarırdım. Bu günlərdə sosial şəbəkələrin birində rusca bir cümlə yazmışdı ki, onu ən kreativ tərcümə edənə çay dəsgahı qonaqlığı verəcəkdi. Mən o cümləni tərcümə etmək üçün çoxlu fikirlər yazdım ki, onunla yenidən söhbət etmək şansı əldə edim, gözləyirdim ki, indi zəng vuracaq və "Əla tərcümə etmisən, gəl" deyəcək. Amma ondan "gəl" sözünü eşitmədim, onun "getdi" sorağını aldım... Mən insanların ancaq fiziki ölümünə inanıram, mənəvi baxımdan insan ölmür: o, özündən sonra qoyduğu izlərdə yaşayır. Rəhim müəllim bu günə qədər yetişdirdiyi insanların gördüyü işlərdə yaşayacaq və əminəm ki, heç vaxt unudulmayacaq. Rəhim müəllim, Allah Sizin qəbrinizi nurla doldursun! Sizi itirmək çox ağırdır, bilirəm ki, yoxluğunuza alışmaq daha ağır olacaq...

AzNews.az