Ölülərimizi neçəyə və necə yuyurlar? Ölülərimizi neçəyə və necə yuyurlar?

Heç kim mürdəşir olmaq istəmir, bu sənət ölə bilər- ARAŞDIRMA -FOTO

Ölülərimizi neçəyə və necə yuyurlar?



Müqəddəs "Qurani–Kərim"in "Nisa" surəsinin 78-ci ayəsində Allah-Təala belə buyurur: "Harada olursunuz olun, hətta uca qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaqdır!". Hansı dinə sitayiş etməsindən asılı olmayaraq, hər kəs ölüsünü hörmətli şəkildə dəfn etməyə çalışır. Bu işdə vacib əməllərdən biri ölünü ölü sahibinin yumasıdır. Lakin müəyyən səbəblərə görə bunu etməyənlərə halallıq əldə edilərək, mürdəşirlər yardımçı olur. Onlar İslam aləmində vacib nüanslardan biri olan cənazəni layiqli şəkildə, müsəlman kimi dəfnə hazırlayırlar. Bəs görəsən bu peşəni həyata keçirən insanlar cəmiyyətdə necə qarşılanır və onlar haqqında nələr düşünülür?

"12 ildir ki, ölü yuyuram"

A.Bakıxanov qəsəbəsində yerləşən Qaraçuxur məscidinin cənazə yuyanı Məşədi Zülfüqar Hacıyev artıq 12 ildir ki, ömür gün yoldaşı Hacı Mələk Nisə xanımla birgə bu peşənin sahibidirlər. Əslən Masallıdan olan Məşədi Zülfüqar Bakıya köçdükdən sonra müxtəlif məscidlərdə ölü yuduğunu deyir. 2002-2009-cu illərdə Keşlə məscidində fəaliyyət göstərən Məşədi Zülfüqar və Hacı Mələk son 3 ildir ki, Qaraçuxur məscidində həm yaşayır, həm də cənazələri yuyurlar. Onun sözlərinə görə, hələ Masallı rayonunda (Yeyən kəndi) olarkən də o bu işlə məşğul olub: "Hələ kənddə yaşadığım zamanlarda da dünyadan köçən insanları yuyurdum. Bakıya köçdüyüm ilk andan müxtəlif məscidlərdə ölü yuyan kimi çalışmışam. Həyat yoldaşım Hacı Mələk xanım dünyadan köçən qadınları, mən isə kişiləri yuyuram. Bizim peşə Allah qarşısında savab işdir. Məhz buna görə də mövcud çətinliklər bizə əziyyət vermir. Sanki, Allah insana səbir verir. Bir ölünün yuyulması normal halda 50 dəqiqə çəkir. Lakin problemlər olduqda yəni, meyitin yarası, qanaxması olduqda bu prosesin hətta 3 saata qədər davam etdiyi zaman da olub. Xüsusən də nəqliyyat qəzasında ölənlər, bıçaq xəsarəti alanların yuyulması xeyli vaxt çəkir".

Mürdəşir kursu açılmalıdır

Qonşu Türkiyədə artıq rəsmi şəkildə cənazə yumağın qaydalarını öyrədən kurs fəaliyyət göstərir. Ərzurumun Oltu bölgəsində 2011-ci ildə təsis edilən bu kursun gələcəkdə kəndlərdə də filiallarının açılacağı gözlənilir. Maraqlıdır görəsən, ölkəmizdə bu peşəyə maraq varmı?

Məşədi Zülfüqarın sözlərinə görə insanlar mürdəşirlərə hörmətlə yanaşsalar da, bu peşəyə maraq çox azdır: "12 illik fəaliyyətimdə yalnız 2 tələbəm olub. Tələbə də belədir ki, onlar 2-3 ay yanımızda olur, ölüyuma prosesini izləyir və müşahidələrinə əsasən qavrayırlar. İki tələbəmdən hazırda biri İmam Rza məscidində, digəri isə Keşlə məscidində çalışır. Ümumiyyətlə, bizim ölkədə bu peşə elə insanların özü tərəfindən təbliğ edilir. Belə ki, əsasən yas mərasimlərində bizim haqqımızda söhbət açılır. Cənazə sahibləri öz məclislərində bizim necə işlədiyimiz, onların ölülərini necə layiqincə yuduğumuz barədə danışırlar. Lakin danılmaz faktdır ki, Bakı şəhərində mürdəşirlərin sayı azdır. Məsələn, hazırda 7-ci mikrorayonda yerləşən məscidə mürdəşir axtarılır. Amma işləyəcək bir adam tapılmır. Onu da deyim ki, bu sahədə çalışanlarında əksəriyyəti rayondan gələn adamlardır".

İslam Universitetində mürdəşir tədrisi

Məscidin axund müavini Hacı Tofiqin fikrincə isə bizim ölkədə dini mədrəsələrdə və İslam Universitetində cənazə yumaq təhsil proqramının tərkib hissəsi kimi tədris edildiyi üçün belə bir məktəbə ehtiyac duyulmur. Onun sözlərinə görə, hətta bacarmayan insan olsa belə, mollanın köməkliyilə bu dini ayini həyata keçirmək mümkündür: "Xüsusən də rayon yerlərində ölünün kişi yaxud qadın olmasından asılı olmayaraq, molla çadırın bayır hissəsində dayanaraq, cənazənin yuyulması prosesini o insana bir-bir deyir. Daha sonra cənazə kəfənlənir və qalan işlər artıq mollanın səlahiyyətində olur. Lakin Bakıda vəziyyət bir qədər fərqlidir. Belə ki, camaat çox zaman ölüsünü özü yumur. Belə olan təqdirdə isə qarşılıqlı razılaşma ilə bu işi məscidlərdə mürdəşirlər həyata keçirir. Əslində hər kəs ölüsünü özü yumalıdır, lakin bunu etmədiklərinə görə, bu işi görən bir insan haqqını ödəməklə halallıq qazanır. Və o, insanda cənazəni yuyaraq kəfənləyir. Ümumiyyətlə evində yas düşən insana yardım etmək şəriətdə xoş əməllərdən hesab olunur. Onu da unutmamlıyıq ki, şəhidlərdən başqa digər dünyasını dəyişən insanları mütləqdir ki, şəriət qanunlarına uyğun dəfn edəsən. Bu qanun dində vacibat adlanır. Meyitin üzü qibləyə doğru uzadılmalı, qusul edilməli, cənazə 3 cür su ilə yuyulmalıdır (sidir, kafur, abu xalis (təmiz su) ), ölü kəfənlənməlidir, cənazə namazı qılınmalı və dəfn edilməlidir. Bunlar hamısı vacibdir. Dəfn edildikdən sonra isə "Quran" oxumaq, yas saxlamaq ölü sahibinin şəxsi işi olsa da, edilməsi lazımı tədbirlər hesab olunur. Bütün müsəlmanlar bilməlidir ki, əgər cənazə namazı qılınmazsa, babalı onların üzərində qalır. Odur ki, hardasa bir müsəlman dünyasını dəyişibsə, mütləq tez gedib o ölünün cənazə namazı qılınmalıdır. Bir adam belə o namazı qılsa bu babaldan hər kəsi azad edir".

Meyit neçəyə yuyulur?

Məsciddə öz ailəsi ilə (özü, həyat yoldaşı və oğlu) birgə yaşayan Məşədi Zülfüqar kişi yuduğu hər cənazəyə görə 10 manat alır. Onun sözlərinə görə, bir çox hallarda cənazə sahibinin özü, yaxud qohumu bu prosesdə iştirak edərək onlara kömək edir: "Bir ölünün yuyulması üçün məscidə 45 manat haqq ödənilir. Bundan isə bizə 10 manat çatır. Çox nadir hallarda təsadüf edilir ki, ölü sahibi bizə 5, ya da 10 manat verir".

Əsas odur ki, cənazələrimizə sahib çıxaq və onları son mənzilə layiqli şəkildə yola salaq. Çünki, bu dünyada heç nə ölümsüz deyil, elə biz də...... Haqq-Təala Quranın "Ali-İmran" surəsinin 185-ci ayəsində deyildiyi kimi: "Hər bir canlı ölümü dadacaqdır".


Fəridə Abdıyeva
AzNews.az
image description image description image description