Ramiz Mehdiyevin cinayət işi: Azərbaycanın Karen Karapetyanı kimdir?

İstər mərhum Heydər Əliyevin, istərsə də İlham Əliyevin dövründə hakimiyyəti zorla ələ keçirməyə çalışan qüvvələr olub. Xarici himayədarları rəngarəng olsa da, bu qüvvələrin xeyli hissəsi Rusiyaya bağlılığı ilə diqqət çəkib. Ancaq heç zaman öz məqsədlərinə çatmayıblar, çata da bilməzdilər, bilməzlər. Çünki dövlət qurulduqca müstəqillik möhkəmlənir, müstəqilliyi möhkəmlənən dövlət xalqa yeni nailiyyətlər bəxş edir, toplum tarixi bəhrəni gördükcə öz qurucu liderlərini qoruyur.

Bu dialektik proses məhz Heydər Əliyevin və İlham Əliyevin istedadı, intellekti, fitri liderlik keyfiyyətləri hesabına baş verib və verir. Ona görə də Dövlət və Lider identifikasiya olunur. Bu kontekstdə İlham Əliyev Azərbaycan, Azərbaycan isə İlham Əliyev deməkdir. Ölkəmizdə hakimiyyəti zorla ələ keçirməyə istənilən cəhd Azərbaycanın müstəqilliyinə balta çalmaqdır. Odur ki, mübarizəmiz bir istiqlal savaşıdır əslində.

Günümüzün istiqlal savaşları da hibriddir. Azərbaycan Hava Yollarına məxsus təyyarə Qroznı səmalarında vurulanda uçağın bələdçisi- milli qəhrəmanımız Hökumə Əliyevə "Hər şey yaxşı olacaq" demişdi. Sanki xalqın təhtəlşüurundan qopmuş bu nida bir neçə gün əvvəl Azərbaycan prezidenti İlham Əliyevin özünü Rusiyanın neo-imperatoru zənn edən Vladimir Putini qarşısında üzrxah görkəmdə əyləşməyə sövq etməsi ilə bir daha təsdiqini tapdı. Putinin qarşısında Azərbaycanın Dövlət iradəsi, Müstəqillik əzmi, Suveren tərəqqi modeli vardı. İlham Əliyev öz qətiyyəti, prinsipiallığı, iradəsi və inamı ilə Azərbaycanın haqqaniyyətini təmsil etməklə yanaşı, xalqımızın ləyaqət və təhlükəsizlik meyarlarını da ifadə edirdi.

Bəli, İmişlidə Rusiyanın imperiya simvollarından olan "Georgi lenti"ni yaxasına taxaraq müstəqil Azərbaycan dövlətinə mesaj verməyə çalışanlar, obrazlı desək, başlarına qara torba keçiriləcəyi günlərdən qaça bilməzdilər. Azərbaycan öz milli maraqlarını nə hansısa neft alverçisinin sabotojlarına, nə də düz yolda əsasız 2 metr addımlaya bilməyəcək bir qocanın hikkəsinə qurban verəcək ölkədir. Bunu anlamayanlar ya reallıq hissini itirmiş xəstədirlər, ya da görünür, xarici güclərdən asılılıqları ölkəsinə asiliyə lap çoxdan çevrilmişlər xislətlərini dəyişə bilmirlər.

Saleh Səmədovun, Adnan Əhmədzadənin, Ramiz Mehdiyevin cinayət işləri arasında birbaşa bağlantı varmı? Əminəm ki, Dövlət Təhlükəsizlik Xidmətinin peşəkar kadrları bu sualı ətraflı araşdıracaq, üstəlik, Azərbaycanda son zamanlar sosial və ideoloji qarşıdurma yaratmaq cəhdlərini, xüsusilə Rusiya prezidenti Vladimir Putinin vaxtilə Kremlin saytında yayımlanmış anti-Ukrayna tezislərinin "anti-Azərbaycan versiyası"nı ictimai rəyə daxil edənləri də diqqətdən qaçırmayacaqlar. Odur ki, bir siyasi analitik olaraq mən diqqəti başqa bir müstəviyə çəkmək istəyirəm- Ermənistana!

Ermənistanda revanşist qüvvələrin olması heç kimə sirr deyil. İkinci Qarabağ savaşında İlham Əliyevin Ali Baş Komandanlığı ilə qazandığımız tarixi qələbə Azərbaycanı münaqişə buxovundan azad etdiyi kimi, Ermənistana da for-post statusundan imtina etmək, müstəqil dövlət olmaq imkanı verib. Ermənistanın Baş naziri Nikol Paşinyan da bunu dəfələrlə etiraf edib. Rusiya Ermənistanı öz təsir dairəsində saxlamaq üçün revanşist qüvvələri təmərküzləşdirir, onlara maddi, ideoloji, siyasi dəstək verir. Bütün bunlar təkcə Azərbaycanda hər bir təhlilçinin sezə və görə biləcəyi tendensiyalar deyil, İrəvan mediasında bu barədə hər gün onlarla material dərc olunur.

Xatırlatmağa xüsusi lüzum yoxdur ki, Moskvadakı məlum dairələr əvvəlcə Ruben Vardanyanı Xankəndiyə göndərmişdilər. Yəqin ki, orada populyarlaşdırıb Ermənistanda hakimiyyətə gətirmək istəyirdilər. Başına qara torba keçirib Bakıya gətirdik. Daha sonra Erməni Apostol Kilsəsinin baş yepiskopu Baqrat Qalstanyana “Müqəddəs Mübarizə” adlı müxalif hərəkat yaratdırdılar. Onun da başına Ermənistan xüsusi xidmət orqanları qara torba keçirdi. İndi isə Ermənistanın sabiq Baş naziri, Xankəndidə doğulmuş (yəni, "Qarabağ klanı"nın nümayəndəsi), "ArmRosQazProm"-un sabiq rəhbəri Karen Karapetyanı ortaya atıblar. Azərbaycan və Ermənistan "Ağ ev"də ABŞ prezidenti Donald Trampın şahidliyi ilə Sülh Müqaviləsini paraflayandan sonra Kremlin kontrolunda olan Karen Karapetyanın Nikol Paşinyana "alternativ" kimi önə çıxarılması Rusiyanın Cənubi Qafqaz planlarını faş etmirmi?

Qayıdaq Azərbaycana. Dünən Səbail rayon məhkəməsinin Ramiz Mehdiyev haqqında seçdiyi qətimkan tədbiri göstərir ki, o, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə barəsində açılmış cinayət işi üzrə təqsirləndirilən şəxsdir. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 154.3 bəndinə görə, ev dustaqlığı qətimkan tədbiri ancaq təqsirləndirilən şəxs barədə seçilə bilər. Ramiz Mehdiyevə qarşı irəli sürülən ittihamlara əsasən deyə bilərik ki, 87 yaşlı sabiq PA rəhbəri təhlil etdiyimiz ssenarinin sifəti qaralmış kardinalı ola bilər. O zaman, başqa bir sual meydana çıxır: Bəs, Azərbaycanın "Karen Karepetyan"ı kimdir? Başqa sözlə, Ramiz Mehdiyev kimi hakimiyyətə gətirmək istəyirmiş? Bu isim, eləcə də hakimiyyəti zorla ələ keçirməkdə təqsirləndirilən Ramiz Mehdiyevin çevrəsində dövlətə və konstitusiyaya xəyanət edənlər yəqin ki çox yaxın günlərdə üzə çıxarılacaq, şübhəli şəxslər kimi istintaqa cəlb olunacaqlar. Zira, bir məsələ gün kimi aydındır: Rusiyanın əsarət zəncirinin son həlqələri də sökülməlidir və sökülür!!!

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru