“Trampın bəyanatları təsadüfi deyil” - Həşim Səhrablı

“Trampın bu sözləri onun 12 günlük münaqişə zamanı İranın nüvə obyektlərinə vurulan zərbədən sonra dilə gətirdiklərinin məntiqi davamı kimi qiymətləndirilməlidir. Bu o deməkdir ki, ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almaq siyasətinə qarşı qabaqlayıcı addımları davam etdirəcək. Yəni ABŞ bundan sonra da İranın nüvə silahı əldə etməsinin qarşısını mənalı şəkildə almağa çalışacaq. Bu addım regional təhlükəsizliyi təmin etmək məqsədilə atılmış kimi qiymətləndirilməməlidir. Eyni zamanda bunu ABŞ-ın dünya sabitliyini qorumaq üçün etdiyi “xeyirxah” hərəkət kimi də qiymətləndirmək düzgün olmaz. ABŞ İsrailə dəstək göstərərək Yaxın Şərqdə yeni geosiyasi balans yaratmağa çalışır və bu addımlar həmin siyasətin möhkəmləndirilməsinə xidmət edir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Knessetdə çıxış edərək vurğulayıb ki, İranın nüvə silahı əldə etməsinin qarşısı ABŞ-ın qabaqlayıcı hərbi əməliyyatları ilə alınmışdır. Tramp bildirib ki, pilotlar 22 il ərzində İranın nüvə obyektlərini izləyib, 14 hədəfə bomba endirərək bu obyektləri məhv ediblər və bu addım regionda nüvə təhlükəsinin qarşısını almağa xidmət edib. Onun sözlərinə görə, əgər İran nüvə silahına malik olsaydı, indiki vəziyyət çox fərqli olardı.

Siyasi şərhçi bildirib ki, hazırkı reallıq ondan ibarətdir ki, ərəb dövlətləri ABŞ-dan asılı vəziyyətdədir, eyni zamanda İraqda, Suriyada və digər Yaxın Şərq ölkələrində çaxnaşmalar davam edir.

“Bu şəraitdə ABŞ-ın İsrail vasitəsilə bölgədə öz nüfuzunu qurmaq niyyətinə qarşı çıxacaq hansı dövlətlər var? Biz real siyasi və hərbi gücə malik, strateji əhəmiyyət daşıyan dövlətlərlə qarşılaşırıq. Birincisi Türkiyə, ikincisi isə İran. ABŞ anlayır ki, bu ikisini eyni anda zərərsizləşdirmək mümkün deyil. Ona görə də əvvəlcə zəif olanlardan başlayaraq, tədricən güclülərə doğru yaxın şərqdəki rəqibləri sıradan çıxarma strategiyası yürüdülür. Qəddafinin devrilməsi, Hüsnü Mübarəkin devrilməsi, Suriyada Əsəd rejiminə qarşı ABŞ-ın fəaliyyətləri, beynəlxalq koalisiyalar və regionda baş verən digər dəyişikliklər məhz bu domino effektinin nümunələridir. İndi növbədə İran və daha sonra Türkiyənin sıradan çıxarılması ilə yaxın şərqdə İsrailə əlverişli bir nizam formalaşdırmaq məqsədi güdülür. Lakin ABŞ anlayır ki, İranı tamamilə nizamsızlaşdırmaq doğru addım deyil — bu, Türkiyənin oyanmasına, regionda millətçi reaksiyaların artmasına və nəticədə daha geniş regional dinamikanın Türkiyənin ətrafında cəmləşməsinə səbəb ola bilər. Eyni zamanda ABŞ İranın nüvə silahı əldə etməsinə imkan vermək də istəmir; bu, Vaşinqtonun nüfuzuna zərbə ola və ya əks tərəflərlə razılaşma yolu aça bilər. Buna görə Trumpun və ondan əvvəlkilərin bəyanatlarını ciddi qəbul etmək lazımdır — bu, ABŞ-ın hər halda İranın nüvə silahı əldə etməsinə qarşı sona qədər mübarizə aparacağının göstəricisidir. Regionda yeni, genişmiqyaslı hərbi qarşıdurma ehtimalı varmı? Hazırlıqlar bunun mümkün olduğunu göstərir: İranı dəstəkləyən Rusiya və Çinin strateji yardımının davam etməsi, İsrailin sürətlə silahlandırılması və Qərb hərbi qüvvələrinin bölgədə mövqelərinin güclənməsi bu ehtimalı artırır. Bütün bunlar tərəflərin günlük səviyyədən daha ciddi, genişmiqyaslı qarşıdurmaya — hətta müharibəyə — hazırlaşdıqlarını göstərə bilər. Müharibənin baş verib-verməyəcəyi isə əsasən İranın ABŞ qarşısında nə qədər kompromisə getməyindən asılıdır. Əgər Tehran müəyyən razılaşmalar əldə edib Vaşinqtonla dialoq qura bilsə, qarşıdurmanı önləmək mümkündür. Əks halda, İranın növbəti zərbələrə əl atması qaçılmaz olacaq”.

Rəfiqə Namazəliyeva,

AzNews.az