- Redaktor masası
- 10:10
- 1 882
Ramiz Mehdiyev: Sağ qalmaq üçün son instinkt

Azərbaycanın siyasi səhnəsinin əsas gündəmi — Ramiz Mehdiyevin dövlət çevrilişi hazırlamaq və Vətənə xəyanət etməkdə ittiham olunması — ölkə daxilində və beynəlxalq müstəvidə rezonans doğurub.
Məsələnin bu qədər böyük rezonans doğurmasının əsas səbəbi ondadır ki, bu hadisə təkcə bir şəxsin ətrafında cəmlənməyib - dövlətin bəzən görünməz qalan qatlarında baş verən səssiz məqamları üzə çıxarıb.
Mehdiyev uzun illər ərzində dövlət aparatının ideoloji konturunu formalaşdırmağa çalışan bir fiqur kimi tanınırdı.
İndi isə o, özünü ideoloqu kimi təqdim etdiyi sistemin əleyhinə plan cızmaqda ittiham olunur.
Mehdiyev obrazının arxasında kimlər dayanır?
Ramiz Mehdiyev vəzifədə olduğu illərdə özünü daim dövlət strategiyasına yön verən, səhnəarxasındakı ideoloq kimi təqdim etməyə çalışıb. Onun məqsədi sadəcə siyasi təsir imkanlarını qorumaq deyil, həm də özünü “dövlət düşüncəsinin memarı” kimi tarixə yazdırmaq idi.
Bu məqsədə çatmaq üçün o, müxtəlif səviyyələrdə – bəzi nazirlər və müavinlər, ikinci dərəcəli partiya rəhbərləri, millət vəkili kürsüsünə yüksəlmiş siyasi rəyçilər və müəyyən biznes dairələri ilə qurduğu şəxsi şəbəkədən istifadə edirdi.
Eyni zamanda, o, yaxın çevrəsini yüksək vəzifələrə gətirməklə kifayətlənmirdi — paralel şəkildə öz ideoloji obrazını möhkəmləndirən təbliğat mexanizmi qurmuşdu. Ramiz Mehdiyevin adı ilə müxtəlif “strateji sənədlər”, “dövlət konsepsiyaları” və elmi səciyyə daşıdığı iddia olunan məqalələr hazırlanır, bu yazılar vasitəsilə onun “nəzəri beyin” imici formalaşdırılırdı.
Əslində isə bütün bu fəaliyyət reallığı manipulyasiya etmək, “intellektual” görüntü altında siyasi nəzarəti saxlamaq cəhdi idi.
“Azərbaycan” və “Xalq” qəzetlərində Ramiz Mehdiyevin səhifələrlə dərc olunan yazılarını cəmiyyət yaxşı xatırlayır. “Bakinskiy Rabochiy” qəzetində də bu tendensiya daha açıq görünürdü — bəzən qəzetin bütöv bir nömrəsi yalnız Mehdiyevin məqaləsinə həsr olunurdu. Bu şəxsi təbliğat kampaniyası idi.
Onun məqalələrinin mövzuları Qafqaz Albaniyasından tutmuş XXI əsrin ideoloji düzəninə qədər uzanırdı. Bu genişlik təsadüfi deyildi - Mehdiyev ideoloji nəzarəti yalnız siyasətdə deyil, düşüncənin coğrafiyasında da saxlamaq istəyirdi.
Ancaq həmin məqalələr, cild-cild kitablar Ramiz Mehdiyev tərəfindən yazılmırdı. O, yalnız başqalarının yazdığı fikirləri özününküləşdirərək, “ideoloq” obrazı yaratmağa çalışırdı. Bu, akademik ritualdan çox siyasi teatr idi.
Mehdiyevin şəxsi siyasi loyallıq arxitekturası
Ramiz Mehdiyevin idarəçilik tərzində ən əsas cəhətlərdən biri ona qarşı sədaqətin əsas meyar sayılması idi. Onun sistemində bu loyallıq şəxsi itaət və tabeçilik kimi qiymətləndirilirdi.
Müşahidələrə görə, Mehdiyev özünə tam sədaqət göstərməyən və ya fikirlərinə şübhə ilə yanaşan şəxsləri müəyyən bir zamanda sistemdən uzaqlaşdırırdı. Etibara kölgə düşən kimi müxtəlif bəhanələr – idarəetmə səhvləri və ya “dövlət maraqlarına zidd davranış” kimi səbəblər – tapılır, həmin adamlar vəzifədən çıxarılır və ya nüfuzdan salınırdı.
Bu prosesdə informasiya sızmaları, məlumatın idarə edilməsi xüsusi rol oynayırdı. Mehdiyevin əlaltıları tərəfindən axşam çayxanalarda görüşlər və mətbuat tezislərinin hazırlanması, sonra gizli məlumat ötürmələri və məqsədli media xəbərləri bir çox şəxsi gözdən salmaq üçün istifadə olunub. Bəzi mənbələr bildirir ki, xarici qurumlara göndərilən məlumatlar sonradan eyni kanallar vasitəsilə geri qaytarılır və daxildə siyasi hücumların əsasına çevrilirdi.
Nəticədə Mehdiyevin qurduğu sistem sadəcə kadr nəzarəti deyildi — o, bütövlükdə informasiya manipulyasiyası strukturuna çevrilmişdi.
Akademiyanın qaranlıq dövrü
Ramiz Mehdiyevin “akademik” obrazının əslində siyasi motivlər üzərində qurulduğunu ən aydın göstərən nümunə onun Azərbaycan Milli Elmlər Akademiyasına rəhbərlik etdiyi dövrdə yaşanan hadisələrdir. Həmin illərdə Akademiya elmi mərkəzdən çox, siyasi ambisiyaların və şəxsi təsir dairələrinin cəmləşdiyi bir məkan təsiri bağışlayırdı.
Mehdiyev rəhbərlik etdiyi müddətdə AMEA-nı faktiki olaraq siyasət yuvasına, daha dəqiq desək, siyasi keçmişi olan veteranların klubuna çevirmişdi. Bu dövrdə institutlarda ardıcıl kadr dəyişiklikləri həyata keçirilirdi – bir çox təcrübəli alimlər müxtəlif bəhanələrlə vəzifələrindən uzaqlaşdırılır, onların yerinə isə Mehdiyevə yaxınlığı ilə tanınan şəxslər gətirilirdi. Bu da öz növbəsində Akademiyanın nüfuzuna və elmi mühitin sağlamlığının qorunmasına ciddi zərbə vurdu.
Ramiz Mehdiyevin rəhbərliyi dövründə AMEA-da elmin ikinci plana keçməsi, siyasətin isə ön mövqeyə çıxması artıq təkcə ictimai müşahidə deyil, bir çox tanınmış alimlərin açıq şəkildə dilə gətirdiyi fakt idi.
Akademiyanın əsas vəzifəsi olan elmi tədqiqat və intellektual inkişaf istiqamətləri arxa plana keçmiş, diqqət daha çox şəxsi loyallıq və siyasi uyğunluq üzərində cəmlənmişdi.
Bir sıra görkəmli alimlər — o cümlədən institut rəhbərləri və akademik dairələrin nüfuzlu nümayəndələri — Mehdiyevin dövründə elmə deyil, itaətə dəyər verildiyini, fərqli fikrə sahib olanların isə “akademik” tərəfindən zərbələrə və təzyiqlərə məruz qaldığını vurğulayıblar.
Beləliklə, AMEA-nın o illərdəki mənzərəsi aydın idi: elmi müzakirələrin yerini şəxsi intriqalar, intellektual azadlığın yerini isə qorxu mədəniyyəti tutmuşdu.
Mehdiyev üçün əsas prioritet elm yox, şəxsi idarəçilik və təsir imkanlarını qorumaq idi.
Ramiz Mehdiyevin rəhbərlik dövrü cəmi 2 il 4 ay davam etdi.
Çevriliş planın xəritəsi
Görünən qədərilə, Mehdiyev AMEA-dakı “gərgin” fəaliyyətindən sonra heç də boş dayanmayıb. Daha böyük planın kontrlarını cızmağa başlayıb.
Məlumatlara görə, Ramiz Mehdiyev bir qrup şəxslə birlikdə dövlət rəhbərliyinə qarşı koordinasiyalı çevriliş planı hazırlayıb. Planın məqsədi ölkənin ali siyasi rəhbərliyini zərərsizləşdirmək və hakimiyyətin idarəetməsini ələ keçirmək idi.
Əldə olunan məlumatlar göstərir ki, məqsəd yalnız fiziki hücum deyil, həm də hakimiyyətin idarə mexanizmini iflic vəziyyətinə salmaq, sonradan isə “keçid şurası” adı altında idarəetməni öz nəzarətinə götürmək idi.
Bu plan, görünür, keçmişdə qalmış bir düşüncənin təzahürü idi. Mehdiyev sanki dövlət mexanizmini hələ də redaktə olunan bir məqalə kimi görürdü. Lakin bu dəfə qələmin ucu onun özünə tuşlandı. Qəhrəman olmaq istəyən Mehdiyevin xəyanətkar siması aşkarlandı...
Xarici faktorların izi
Hadisənin beynəlxalq aspekti diqqətdən kənarda qala bilməz. İddialara görə, çevriliş planında Rusiya istiqamətində əlaqələr də olub. Bəzi məlumatlara görə, Moskva bu plan barədə məlumat əldə etdikdən sonra Bakını xəbərdar edib. Bu, iki ölkə arasında münasibətlərin etimadla nəzarət arasında tarazlıqda saxlanıldığını göstərir.
Bu həm də onu sübut edir ki, Cənubi Qafqazda böyük güclərin səssiz rəqabəti yeni mərhələyə keçib. Artıq informasiya sızmaları diplomatik notalar qədər təsirli silaha çevrilib.
Planın siyasi və təhlükəsizlik ölçüsü
Əgər plan gerçəkləşsəydi, nəticə təkcə daxili dəyişiklik deyil, həm də regionun təhlükəsizlik arxitekturasını silkələyəcək zəncirvari reaksiyalar olardı.
Mənbələrin bildirdiyinə görə, planın qarşısının alınması dövlətin müvafiq institutları arasında qurulan dəqiq koordinasiyanın nəticəsi olub. Bu, dövlətin müdafiə instinktlərinin canlı və çevik olduğunu göstərir.
Çin strateqi Sun Tzu “Müharibə sənəti”ndə yazırdı: “Ən yüksək qələbə döyüşsüz qazanılandır.” Vətənə xəyanətin və dövlət çevrilişinin qarşısının alınması da, məhz belə bir qələbə kimi tarixə düşəcək — görünməyən mübarizənin görünən nəticəsi kimi.
Mehdiyevin marağı və motivlər
Baş verənlər fonunda ortaya çıxan əsas sual budur: Niyə Ramiz Mehdiyev ömrünün payızında çevrilişə cəhd etmək fikrinə düşdü?
Əslində bu sualın cavabı Ramiz Mehdiyevin şəxsiyyətində, daha dəqiq desək, onun düşüncə tərzində gizlənir. Mehdiyev hələ də sovet dövrünün ideoloji qəliblərindən qopa bilməmişdi, köhnə metodlarla yeni reallığı idarə etməyə çalışdı.
O, cəmiyyətin dəyişməsini sistemə xəyanət sayırdı. Məhz bu səbəbdən də Mehdiyev utopik sosialistlərin təfəkkürü ilə, reallıqdan uzaq bir xain plan qurmağa cəhd etdi.
Amma zaman dəyişib.
Artıq ölkədə yeni texnokratik nəsil formalaşıb — qərarları ideoloji dogmalarla deyil, praktik nəticələrlə ölçən bir nəsil. Bu mərhələdə şəxsi ambisiyalar, köhnə sovet tipli idarəetmə və o dövrlərin məşhur “ictimai-siyasi şöbə” üslubunda intriqalar üçün artıq yer qalmayıb.
Prezident İlham Əliyevin qurduğu dövlət idarəetməsinin əsas prinsipi nəticəyə hesablanmış metodlardır — effektivlik, şəffaflıq və hesabatlılıq. Bu sistemdə vəzifə deyil, fayda önəmlidir; təmtəraq deyil, performans dəyərlidir.
Bu transformasiya Ramiz Mehdiyev kimi bir adam üçün, əsl mənada, faciəvi zərbə idi. Çünki Ramiz Mehdiyevin köhnəlmiş fikirləri sistemin inkişaf ritmindən geri qalmışdı.
Bu, sadəcə nüfuz itkisi deyildi — həm də varlıq itkisi idi...
Ona görə də Mehdiyevin marağı, bir mənada, öz varlığını sübut etmək — “mən hələ də sistemin taleyini dəyişdirə bilərəm” mesajını vermək cəhdi idi.
Bu, ambisiyanın sonuncu müdafiə refleksi— sağ qalmaq üçün son instinkt idi.
Qocalıqda yaranan bu ehtiras bəzən siyasətdən çox psixoloji bir refleksə çevrilir: insan elə bilir ki, əgər sükan onun əlində deyilsə, deməli, maşın gedə bilməz.
Gələcək xətt
Ramiz Mehdiyevin adı ilə bağlı hadisə, əslində, dövlət idarəçiliyində fikir intizamı və ideoloji loyallığın nə dərəcədə vacib olduğunu göstərən ciddi bir siqnaldır.
Bu hadisə xatırlatdı ki, dövlət strukturlarında intellektual azadlıq məsuliyyətlə, fikir müxtəlifliyi isə sistemə sədaqət prinsipi ilə balanslaşdırılmalıdır.
Hadisədən sonra baş verə biləcək mümkün rotasiyalar göstərəcək ki, idarəetmədə səriştə vacib meyardır, lakin ölkənin gələcəyini müəyyən edən əsas amil siyasi loyallığın sabit şəkildə qorunmasıdır.
Tarixin Son Sözü
Ramiz Mehdiyev illərlə özünü “dövlət düşüncəsinin” daşıyıcısı kimi təqdim edirdi. Lakin son hadisələr göstərdi ki, o, əslində həmin sistemin ən köhnəlmiş elementi, inkişafın qarşısında duran “intellektual” baryer imiş.
Bir zamanlar başqalarına istiqamət verən Mehdiyev, sonda özü istiqamətini itirdi.
Ramiz Mehdiyev heç vaxt özünü təqdim etməyə çalışdığı obrazın — strateq və ideoloji beyin obrazının — real daşıyıcısı ola bilməzdi. Onun fəaliyyəti çox zaman zahiri “intellektual” görüntünün arxasında gizlənən manipulyativ və intriqaya əsaslanan taktikalardan ibarət idi.
Liderlik Dəmir İradə ilə Ölçülür
Ümummilli Lider Heydər Əliyevin qurduğu müstəqil dövlətçilik modeli Azərbaycanın gələcək uğurlarının möhkəm təməlini yaratdı.
Ulu Öndərin müəyyən etdiyi bu strateji yolun ardıcılı kimi Prezident İlham Əliyev uzaqgörən siyasəti ilə Azərbaycanın taleyini dəyişdi — ölkəmizi regionun aparıcı gücünə, beynəlxalq aləmdə isə sözünü deyən dövlətə çevirdi.
Prezident İlham Əliyev yalnız siyasi rəhbər deyil, həm də milli iradənin və dövlət müdrikliyinin təcəssümüdür. Onun rəhbərliyi ilə Azərbaycan uzun illər ədalətsizlik mövzusuna çevrilmiş münaqişəni cəmi 44 gün ərzində həll edərək, ərazi bütövlüyünü bərpa etdi. Bu tarixi Qələbə – xalqın qəhrəmanlıq salnaməsinin zirvəsi və dövlətin güc simvolu kimi yadda qaldı.
İlham Əliyevin “Dəmir yumruq” iradəsi sayəsində Azərbaycan təkcə torpaqlarını azad etmədi, həm də regionun geosiyasi mənzərəsini dəyişdi, ölkəmizi qlobal miqyasda nüfuzlu aktora çevirdi. O, müstəqil Azərbaycanın yeni mərhələsini – güclü dövlətçilik, qürurlu xalq və qalib dövlət dövrünü başlatdı.
Bu fon qarşısında Ramiz Mehdiyev təbii ki, tarixdə qalacaq – lakin öz arzuladığı salnamə ilə deyil, dövlətə xəyanət və hakimiyyəti ələ keçirməyə yönəlmiş əməllərlə.
Ona qarşı irəli sürülən ittihamda olduğu kimi dövlətə xəyanət, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməlləri ilə...
Anar Tahirov
Bizim.Media-nın Baş redaktoru