Əhalinin yalnız müəyyən qismi övladlarını dövlət bağçalarına qoya biləcək Əhalinin yalnız müəyyən qismi övladlarını dövlət bağçalarına qoya biləcək

Artur Rəsizadədən bağçalarla bağlı gözlənilməz qərar

Əhalinin yalnız müəyyən qismi övladlarını dövlət bağçalarına qoya biləcək



Nazirlər Kabineti "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin təsdiq edib. Qərara əsasən məktəbəqədər təhsil sahəsində vahid dövlət siyasətini, məktəbəqədər təhsil müəssisələrinə elmi-metodiki rəhbərliyi, məktəbəqədər təhsilin keyfiyyətinə dövlət nəzarətini tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Təhsil Nazirliyi həyata keçirir. Bu müəssisələrin banklarda hesablaşma hesabı və digər hesabları ola bilər.

Məktəbəqədər təhsil müəssisəsi mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisələrinə bölünür. Bu müəssisələrin növlərinə körpələr evi, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları daxildir. Körpələr qrupuna 1 yaşlı uşaqlar da qəbul olunacaq. Xüsusi uşaq bağçaları nitq, görmə və eşitmə pozulmaları, gəqli (psixi) pozuntuları, dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları və skolioz xəstəliyi olanlar üçün fəaliyyət göstərəcək. Məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 6 yaşadək uşaqlar qəbul edilirlər.

1-2 və 2-3 yaşlı uşaqların qrupunda 15, digər qruplarda isə 20 uşaq nəzərdə tutulur. Qrupların komplektləşdirilməsi hər ilin may - sentyabr aylarında həyata keçirilir. Boş yerlərə isə uşaqların qəbulu il ərzində aparılır. Dövlət məktəbəqədər təhsil müəssisəsinə, ilk növbədə, işləyən tək valideynlərin, təhsil alan anaların, I və II qrup əlillərin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin, hərbi xidmətdə olan ataların, işsiz valideynlərin uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edilirlər.

Məktəbəqədər təhsil müəssisəsinin iş rejimi ailələrin tələbatına əsasən pedaqoji şura tərəfindən müəyyənləşdirilir. Bu müəssisələr 5, 6, 7 günlük və ya gecə-gündüz, 1 və ya 2 istirahət günü ilə, eləcə də dəyişkən qrafiklə işçilərə istirahət günü verilməklə işləyir. İş rejimi 9, 10, 10,5, 12 və 24 iş saatlıq müəyyənləşdirilir. Valideynlərlə məktəbəqədər təhsil müəssisələri arasında razılaşma əsasında məktəbəqədər təhsil müəssisələrində səhər, axşam, günüuzadılmış rejimlə, eləcə də şənbə, istirahət və bayram günləri işləyən növbətçi qruplar təşkil edilir. Uşaqların gün ərzində qidalanması 3, 4 dəfə və daha çox ola bilər.

Elnarə Əlosmanqızı
AzNews.az