- Köhnə - Cəmiyyət
- 10 Aprel 2015 13:45
- 4 858
Hacı İbrahim KİV rəhbərləri ilə görüşüb - FOTO
“Avesta Concern”in prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli Azərbaycanda fəaliyyət göstərən aparıcı kütləvi informasiya vasitələri (KİV) rəhbərləri və nümayəndələri ilə görüşüb.
"Khazar İslands" ("Xəzər adaları") şəhər-kompleksinin ərazisində baş tutan görüş zamanı çıxış edən iş adamı Hacı İbrahim Nehrəmli KİV nümayəndələrinə Xəzər dənizi sahilində inşa olunan möhtəşəm layihə haqqında geniş məlumat verərək bildirib ki, "Xəzər adaları" ümumilikdə 78 süni adadan ibarət olacaq ki, hazırda onlardan beşi yaradılıb, birində binalar inşa olunur. Bu günə kimi layihənin həyata keçirilməsinə 1 milyard 157 milyon dollar vəsait xərcləndiyini bildirən iş adamı bu vəsaitin cəmi 57 milyon dollarının Azərbaycan Beynəlxalq Bankının verdiyi kredit olduğunu, qalan məbləğin isə özünün şəxsi vəsaiti olduğunu bəyan edib.İbrahim Nehrəmli qeyd edib ki, "Xəzər adaları"nda salınan şəhərin birinci mərhələsini başa çatdırmaq üçün əlavə 2 milyard dollara ehtiyac var: "Əgər 2 milyard dollar da olarsa, ən geci 2020-ci ilədək birinci mərhələdə nəzərdə tutulan tikinti işləri başa çatacaq. Birinci adadakı mənzillərin və obyektlərin satışından 7-10 milyard dollar gəlir əldə ediləcəyi gözlənilir. Birinci adanın satışından əldə olunan gəlir ilə növbəti adalar tikiləcək. Bu isə o deməkdir ki, "Xəzər adaları"nda işləri davam etdirmək və tamamlamaq üçün cəmi 2 milyard dollara ehtiyacı var".
Ümumilikdə layihənin 100 milyard dollar başa gələcəyini bildirən Hacı İbrahim Nehrəmli bu vəsaitin bir dəfəyə deyil, mərhələli şəkildə, bir adadan qazanılan pulun növbəti adanın tikintisinə sərf edilməsi ilə işlərin davam etdirilməsinin nəzərdə tutulduğunu söyləyib. "Aveta Concern"in Prezidenti deyib ki, hazırda tikinti işləri aparılan birinci adada gələn ildən yaşayışa başlanılacaq: "Hazırda binaların fasadının şüşələnməsi işləri aparılır. Gələn il birinci adada 6-7 min nəfər yaşaya biləcək. Birinci adada hazırda tikilən binalardan başqa tikiləcək digər binaların 50 faizinin özülü qoyulub. Hazırda tikilməkdə olan binalar başa çatdıqdan sonra özülü qoyulan binaların tikintisi başlayacaq. Birinci adada gələcəkdə 60 min insanın yaşaması nəzərdə tutulub".
Hacı İbrahim Nehrəmli nəyin bahasına olursa-olsun layihəni tikib başa çatdıracağını bəyan edib və binalar ucaldıqca layihəyə inamın artdığını deyib: "Hələ də bəzi insanlarda inamsızlıq və qısqanclıq var. İndiyə qədər çoxları bu şəhərin tikəcəyimə inanmırdılar. Lakin bu gün dənizdə həyata keçirilən işləri görənlər fikirlərini dəyişirlər. Digər tərəfdən isə hamı anlamalıdır ki, Hacı İbrahim özünə villa tikmir. Bu yeni bir şəhərdir və vətənimizdə qalacaq. Mən də milyardımı götürüb Türkiyəyə gedib otellər alıb yaşaya bilərdim. Amma mən bunu etmədim. Hər zaman da düşünmüşəm ki, Azərbaycan dövləti üçün çalışıb, iz qoyub gedəcəm. Biz iş adamları hər zaman dövlətin və dövlət başçısının həyata keçirdiyi siyasətin yanında olmalıyıq".
İş adamı Hacı İbrahim Nehrəmli yerli iş adamlarını çəkinmədən "Xəzər adaları"na sərmayə yatırmağa çağırıb: "Bizim bəzi iş adamları əllərində olan pulu aparıb Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində və başqa dövlətlərə yatırırlar. Arzu edərdik ki, onlar da öz vəsaitlərinin bir hissəsini bu layihəyə yatırsınlar. Biz burada 50 faiz qazanc olacağına zəmanət veririk. Biz Bakı şəhərində də bina tikirik, amma bu qədər qazanmırıq".
Şəhərdəki binalardan mənzillərin satışına başlanıldığını söyləyən şirkət Prezidenti qeyd edib ki, hazırda mənzillərin 1 kvadrat metri 5000 dollara satılır: "Burada yaşayan evindən bulvara, ticarət küçəsinə çıxa biləcək. Şəhərdə bütün infrastruktur qurulacaq. Qranitdən salınacaq yolların altı qaraj olacaq. Hər məhəllənin məktəbi, bağçası, idman zalı, çimərliyi və digər infrastrukturları olacaq. Tikilən mənzillər təmirli, mebeli ilə birlikdə təhvil veriləcək. Bu işlərə görə qiymət 5000 dollardır. Belə bir şərait heç bir yerdə yoxdur. Bu gün qiymətlər 5000 dollardır, iki ildən sonra isə ən azı 7000 dollar olacaq. Hazırda 200 ev satılıb. Layihəyə xaricilər daha çox maraq göstərirlər, 200 evdən 180-ni də məhz xaricilər alıblar".
Hacı İbrahim Nehrəmli bildirib ki, mənzillər şirkət üzərindən illik 4 faiz dərəcəsi ilə 15 ilədək ipoteka ilə də satılır.
Daha sonra tanınmış iş adamı Hacı İbrahim Nehrəmli şəhər ərazisində görülən işlərlə media təmsilçilərini yaxından tanış edib.