Elektron mediada tez-tez ciddi şəkildə dil xətalarına rast gəlmək mümkündür. Elektron mediada tez-tez ciddi şəkildə dil xətalarına rast gəlmək mümkündür.

Dil qaydaları hansı saytlarda daha çox pozulur... - SORĞU

Elektron mediada tez-tez ciddi şəkildə dil xətalarına rast gəlmək mümkündür.

Bu xətalar həm leksik, həm də qrammatik xarakter daşıyır. Korrektə xətalarından isə danışmağa dəyməz. Bir müddət öncə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun nəzdində fəaliyyət göstərən Monitorinq Şurası da bu istiqamətdə saytlarda araşdırmalar aparıb. Doğrudur, informasiya bazarında əsas rol oynayan, ölkə gündəmini müəyyənləşdirən saytların bir neçəsi həmin monitorinqdən kənarda qalsa da, digərləri ilə bağlı aparılan araşdırmalar dil amilinin vacibliyini üzə çıxardı.

Modern.az saytı artıq söz içində bərkiyən və dil normalarının gözlənilməsinə daha çox diqqət verən jurnalistlərə "hansı saytlarda dil qaydalarına daha yaxşı riayət edilir" sualı ilə müraciət edib. Bəzilərinin fikrincə, dil normalarına riayət edən ciddi saytlar var, bəzilərinin fikrincə, çoxunda bu məsələ bərbad vəziyyətdədir:

AzNews.az saytının baş redaktoru Elçin Zahiroğlu düşünür ki, saytların hamısında dil problemi var. Amma o, bunu həmin saytlarda redaktə işinin zəifliyi ilə də əsaslandırmır:
"Populyar saytların hamısında dil xətaları var. Bunu saytlarda redaktə işinin zəif olması ilə əlaqələndirmək düzgün deyil. Çünki operativ saytlarda redaktorlar redaksiyada hazırlanan materiallara baxır. İstinadla verilən material yalnız adminlərin insafına buraxılır. Hansı saytda daha çox səhvin olmasını və oradakı peşəkarlığı müəyyənləşdirmək, sonra da müqayisə etmək üçün gərək, məhz saytın öz materialları üzərində təftiş aparasan. Bütün materialları redaktor süzgəcindən keçirmək çətin məsələdir, vaxt sənin ziyanına işləyir. Əlbəttə, material saytda yayımlanandan sonra redaktorların oxuması yaxşı olardı, amma bu, çox vaxt mümkün olmur. Onu da deyim ki, xəbər saytları içərisində dil məsələlərinə xüsusi önəm verən sayt kimi, Mediaforum.az-ı xatırlayıram. Onun da "dili" bir neçə ay öncə, ümumiyyətlə, kəsildi.

Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlının fikrincə, bəzi saytlar üçün dil normalarını pozmaq artıq çoxdan adiləşib:
"Bəzən ən peşəkar hesab etdiyim saytlarda da texniki səhvlər görürəm. Tanıdıqlarıma zəng edib deyirəm. Bunu texniki səhv kimi qəbul edirəm. Amma elə saytlar da var ki, dilin üslubunu, qaydalarını pozmaq onlara adi hal kimi gəlir. Onların çoxu necə danışırsa, elə də yazırlar. Aralarında yaxından tanıdıqlarım da var. Arada iradlarımı deyirəm, amma görürəm xətrinə dəyir. Mənə "filan şeyi səhv etmisən" deyəndə, dilçi alimlərdən, mütəxəssislərdən soruşub dəqiqləşdirirəm. Səhvimi varsa, düzəldirəm. Əksinə, mənə səhv tutanın səhvi varsa, o zaman ona zəng edib deyirəm ki, məsələ belədir.
Bu gün saytlarda ən böyük çatışmazlıq korrektor ştatının ləğv edilməsidir. Amma korrektor lazımdır, vacibdir. Ehtiyac görməyənlər hesab edir ki, xəbəri hazırlayıb korrektora verənə kimi vaxt gedir, ona görə də necə gəldi yayırlar".

"Yeni Müsavat" qəzetinin əməkdaşı Elşad Paşasoy yarızarafat-yarıciddi düşünür ki, onlayn mediada dil xətalarına görə belə getsə, "dil polisi" yaradıla bilər:
"Elektron KİV-in sayı çox olduğundan müqayisə edib ad çəkmək bir az çətin məsələdir. Amma elektron medianın əksəriyyətinin dili olduqca bərbad vəziyyətdədir. Belə getsə, internet media üçün "dil polisi"nin yaradılması məsələsi gündəmə gələ bilər".

Modern.az saytının redaktoru Azər Hüseynbalanın fikrincə, dil normalarına riayət edən saytlar bunlardır: Azertag.az, APA.az, Trend.az, Modern.az...

Yeni Media Jurnalistləri İctimai Birliyinin sədri Xaqani Səfəroğlu da onlayn mediada dilə olan münasibətdən narazıdır:
"İnternet mediada klassik dil qaydalarına riayət etməkdə müəyyən problemlər var. Bu daha çox yeni medianın hələ oturuşmamasından irəli gəlir. Çaparaq xəbərlər, tez yazıb birinci olmaq prinsipləri ədəbi dil qaydalarını bir sıra hallarda pozur. Digər tərəfdən, bir sıra sayt rəhbərlərinin qəzetçilik məktəbindən deyil, elə birbaşa onlayn media sektoruna gəlməsi məsələni bir az çətinləşdirir. Ədəbi dilin qorunması üçün dövlət resursları və məsuliyyət olmadığından dil qaydalarında pozuntulara yol verilir. Amma vəziyyət elə də faciəvi deyil. Peşəkar jurnalistlərin rəhbərlik etdiyi saytlarda ədəbi dil normalarına riayət olunur. Əsas problem gənc yazarların işlədiyi internet resurslardır. Məncə, ədəbi dil qaydalarının tətbiqi ilə bağlı effektiv maarifləndirici layihələr olmalıdır. Əsas məsələ isə savaddır. Əgər rəhbərlikdə savadlı insanlardısa, o zaman səhvlər minimum olur".

Yazıçı-jurnalist Faiq Balababəyli Axar.az saytının dil normalarına düzgün əməl etməsinə görə digərlərindən fərqləndirir. Amma ümumən o, da narazıdır:
"Bəzi saytlar valideynsiz uşağa bənzəyir. O saytlarda həm dil qaydaları, həm də "KİV haqqında qanun pozulur. Valideyn tərbiyəsi almayan uşaqlar ağızlarına gələni danışdıqları kimi, bunlar da ağıllarına nə və necə gəldisə, eləcə yazırlar".

Tanınmış jurnalist Seymur Verdizadə də saytların dil mənzərəsindən narazıdır. Amma o, dili qoruyan saytların bir neçəsinin adını konkret çəkir:
"Elektron media orqanlarının bəzilərində dil normaları pozulur. Buna səbəb orada çalışan bəzi jurnalistlərin nəinki filoloji, jurnalist, ümumiyyətlə ali təhsilli olmamaları ilə bağlıdır. Dil qaydalarını qorumaq istəyən saytlar da var. Hesab edirəm ki, Azertag.az - Dövlət İnformasiya Agentliyində dil normalarına ciddi riayət olunur.
Bu xüsusiyyətinə görə fərqlənən, dilin qorunduğu digər saytlar isə bunlardır: Qafqazinfo.az, Azadinform.az, Lent.az, APA.az, Axar.az, Modern.az saytlarında dil qaydalarının qorunmasının şahidi olmuşam. Saytların maddi şəraiti imkan vermir ki, bu çatışmazlıqları aradan qaldırmaq üçün əlavə peşəkar redaktor və korrektorla çalışsınlıar. Bəzən də onlayn medianın tələblərinə uyğun olaraq informasiyanı tez vermək, operativlik naminə bəzi dil xətalarına yol verilir".