“Heç Vaxt, Heç Vaxt Demə”: Trampdan Kanadanın ABŞ-ə Birləşməsi ilə Bağlı Açıqlama

“Keçmiş ABŞ prezidenti Donald Trampın Kanadanın ABŞ-ə birləşməsi ilə bağlı səsləndirdiyi fikirlər kökləri dərin olan bir ritorikanın davamıdır. Tramp bu mövzunu Kanadanın mühafizəkar liderlərindən Mark Karninlə görüşündə müzakirə edib. Trampın “Kanada heç vaxt ABŞ-nin bir hissəsi olmayacaq – heç vaxt heç vaxt deməyən Karnin” ifadəsi, bu ideyanın genişləndirilməsinə xidmət etsə də, əslində yeni bir fikir deyil. ABŞ-də Kanadanın birləşməsi ilə bağlı mülahizələr XIX əsrə, ABŞ-nin formalaşdığı ilk dövrlərə qədər gedib çıxır. Məsələn, ABŞ-dəki Vətəndaş müharibəsindən sonra, Kanada ərazisinin bir hissəsinin Britaniya tərəfindən konfederatlara dəstəkləndiyinə görə, ABŞ hökuməti Britaniyadan Kanada ərazisini kompensasiya olaraq tələb etmişdi”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.

Xatırladaq ki, Kanadanın Baş naziri Mark Karni ABŞ Prezidenti Donald Trampla görüşü zamanı bildirib ki, daşınmaz əmlak sahəsində elə ərazilər var ki, heç vaxt satışa çıxarılmır. Tramp isə bu mövzunu müzakirə etmək niyyətində olmadığını, lakin hadisələrin belə inkişafının Kanadaya bir sıra üstünlüklər verə biləcəyini qeyd edib: “Heç vaxt, heç vaxt demə”. Tramp daha əvvəl də Kanada sakinlərinin bir çoxunun ölkələrinin ABŞ-nin 51-ci ştatı olmasını istədiyini bildirmişdi. Onun fikrincə, belə bir birləşmə Kanadaya iqtisadi sabitlik qazandıracaq və ölkəni Rusiya və Çin kimi xarici təhdidlərdən qoruyacaq. Karni isə Kanadanın heç bir halda ABŞ-nin tərkibinə qatılmayacağını dəfələrlə bəyan edib. Tramp, həmçinin ABŞ, Kanada və Meksika arasında imzalanmış azad ticarət sazişinin ləğvini istisna etməyib.

Siyasi şərhçi bildirib ki, geosiyasi baxımdan Kanadanın ABŞ-ə birləşməsi hər iki ölkəyə həm iqtisadi, həm də hərbi güc baxımından üstünlük qazandıra bilər.

“Eyni zamanda, Şimali Amerikanın təhlükəsizliyi baxımından da bu addım müsbət nəticələr verə bilər. İqtisadi inteqrasiya baxımından isə bu iki ölkə onsuz da bir-birinə çox yaxındır. ABŞ və Kanada arasında sərhəd demək olar ki, açıqdır, insanlar arasında gediş-gəliş intensivdir, ortaq idman liqaları fəaliyyət göstərir və sosial-mədəni əlaqələr yüksək səviyyədədir. Məsələn, Toronto ilə Los Anceles arasındakı mobil həyat tərzi bu yaxınlaşmanın bariz nümunəsidir. Ancaq, reallıq budur ki, Kanadanın əhalisinin əksəriyyəti ABŞ ilə birləşmək istəmir. Mövcud sorğulara əsasən, yalnız 7-10 faiz arasında bir əhali bu ideyaya müsbət yanaşır. Kanada hökuməti də buna qarşıdır. Bu vəziyyət, belə bir birləşmənin indiki dövr üçün real olmadığını göstərir. Gələcəkdə beynəlxalq münasibətlərdə baş verə biləcək dəyişikliklər nəticəsində bu birləşmə reallaşa bilər, amma yalnız hər iki xalqın iradəsi ilə mümkün ola bilər. Trampın ifadələri populist bir ritorika kimi görünsə də, bu fikrin arxasında geosiyasi səbəblər dayanır”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az