- Siyasi müzakirə
- 14 Oktyabr 23:03
- 1 493
“Dünya çoxqütblü sistemə keçir — Turan yeni güc mərkəzi ola bilər” -Azad Məsiyev

“Dünyada gedən geosiyasi proseslər göstərir ki, dünya çoxqütblü sistemə doğru keçid edir. Belə olan halda, türk dövlətləri bu çoxqütblü sistemdə hansı mövqedə olacaq? Bu baxımdan, Türk Dövlətləri Təşkilatı bir təşkilat olaraq dünyada güc mərkəzlərindən birinə çevrilməkdədir. Hətta Türkiyə Prezidenti açıq şəkildə bildirib ki, dünya artıq “5-dən böyükdür”. BMT Təhlükəsizlik Şurası dünyada baş verən xaosu aradan qaldıra bilmir. Sülhün və əmin-amanlığın bərqərar olunmasında bu beş daimi üzv dövlət də yetərli təsir göstərə bilmir. Buna görə də dünya çoxqütblü sistemə keçməlidir. Bu baxımdan, Türkiyə, Azərbaycan və digər türk dövlətləri təşkilatının formalaşması prosesi gedir. Biz bir millət, bir ittifaq olaraq dünyada yeni güc mərkəzi, yeni qütbün bir sütunu ola bilərik. Dünyada sülhün bərqərar olması üçün yeni sivilizasiyaya ehtiyac var və bu, Türk təşkilatları fonunda, yəni Turan sivilizasiyası şəklində formalaşa bilər”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Xatırladaq ki, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışı zamanı üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif etmişdi. Dövlət başçısı, ölkələr arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda TDT-yə üzv ölkələrin birgə hərbi təliminin keçirilməsini irəli sürmüşdü. Prezidentin bu təklifi günlərdir geniş müzakirə olunur. TDT hələlik ortaq hərbi təlim keçirməyib, lakin təşkilata üzv ölkələr — Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan — əvvəllər ayrı-ayrı ortaq hərbi təlimlər təşkil ediblər. Ekspertlərin fikrincə, indiki mərhələdə belə bir ortaq təlimin keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Siyasi şərhçi bildirib ki, Turan sivilizasiyası dünyadakı xaosu aradan qaldırmaq və tərəflər arasındakı qarşıdurmaları azaltmaqda müsbət rol oynayacaq.
“Türk Dövlətləri Təşkilatı çərçivəsində Turan İttifaqının formalaşması üçün bir neçə mərhələ keçilməlidir: mənəvi inteqrasiya, iqtisadi inteqrasiya, siyasi inteqrasiya və hərbi inteqrasiya. Yaxın zamanda Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatı toplantısında Azərbaycan Prezidentinin çıxışı xüsusilə diqqət çəkdi. Məsələ türk dövlətlərinin ortaq hərbi təlimlərinin keçirilməsidir. Bu addım göstərir ki, artıq dünyada baş verən hadisələr beynəlxalq hüquqla tənzimlənmir; gücün qanunu hökm sürür. Türk dövlətlərinin iqtisadi, siyasi, mənəvi və hərbi inteqrasiyası vacibdir. Birgə təlimlər vasitəsilə türk dövlətləri həm hərbi gücünü formalaşdıracaq, həm də yeni güc mərkəzi kimi ortaya çıxacaq. Bəzi ekspertlər bunu Türk Dövlətləri Təşkilatının Rusiya və Çin əleyhinə formalaşması kimi təqdim edirlər, lakin bu yanlışdır. Əsl məqsəd dünyada sülhün və əmin-amanlığın bərqərar olunmasıdır. Turan sivilizasiyası yalnız türk dövlətlərini əhatə etməyəcək; sülh və əmin-amanlığı dəstəkləyən digər dövlətlər də bu təşkilatda iştirak edə bilər. Əgər Türk Dövlətləri Təşkilatı formalaşmasa, Birləşmiş Ştatlar Orta Asiya dövlətlərinə daxil olaraq daha kəskin addımlar ata bilər. Buna görə də təşkilat dolayısı ilə Rusiyanı və digər regional dövlətləri ABŞ və Qərbin təsirindən qorumağa xidmət edir. Turan İttifaqı həm Çini, həm Rusiyanı, həm də Qərbin təsir dairəsindən qismən qoruya biləcək bir “bufer zona” rolunu oynayacaq. Bu təşkilat Rusiyanın və Çinin əleyhinə deyil, əksinə, onlarla əməkdaşlıq edə bilər. Azərbaycan Prezidentinin Qəbələdə irəli sürdüyü ideya həm regional, həm də qlobal sülhün bərqərar olunmasına yönəlikdir. Bu çərçivədə türk dövlətlərinin hərbi strukturlarının inteqrasiyası həyata keçirilir və gələcək Turan İttifaqının təməli qoyulur. Mənəvi inteqrasiya prosesi artıq başlayıb: ortaq əlifba qəbul edilir, ortaq dil vahidi formalaşır, ortaq ideoloji baza yaradılır. İqtisadi inteqrasiya üçün qarşılıqlı tədbirlər həyata keçirilir və gələcəkdə ortaq pul vahidinin tətbiqi də mümkün olacaq. Siyasi inteqrasiya üçün ortaq parlamentin və qanunların yaradılması planlaşdırılır. Hər bir ittifaqda ortaq ordunun formalaşması vacibdir; bunun təməli isə birgə hərbi təlimlər vasitəsilə qoyulur. Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən ortaq hərbi təlimlər Türk Dövlətləri Təşkilatının hərbi inteqrasiyasının vacib hissəsidir. Bu tədbirlərin 2026-cı ildə həyata keçirilməsi gözlənilir və gələcəkdə qurulacaq Turan İttifaqı üçün uğurlu addım hesab olunur”.
Rəfiqə Namazəliyeva,
AzNews.az