- Siyasi müzakirə
- 20 Oktyabr 21:25
- 1 751
“Rusiya iqtisadi və hərbi böhran içindədir” - Azər Həsrət

“Rusiya bu təşəbbüsü irəli sürməkdə çox gecikib. Əslində, Ukrayna artıq dirənməyə başlamış bir vaxtda, Rusiya sülh təşəbbüslərinə “hə” deməli və atəşkəsə getməli idi. Getmədiyinə görə də Rusiya böyük itkilər verib və verməyə davam edir. İndi Ukrayna əvvəlki Ukrayna deyil. Müharibənin ilk aylarında Rusiya bəzi torpaqları işğal edə bilsə də, sonrakı dövrdə Ukrayna qarşısında ciddi müqavimət göstərib. Bu gün də Ukrayna xalqı ləyaqətlə dirəniş göstərir və Rusiya ordusu irəliləyə bilmir. Faktiki olaraq, müharibə dalana dirənib: Rusiya irəliləyə bilmir, Ukrayna isə özünü effektiv müdafiə edir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Xatırladaq ki, dünya yenidən böyük güclərin diplomatik qarşıdurmasının şahidi olmağa hazırlaşır. Ukrayna müharibəsi ilə bağlı gərgin beynəlxalq vəziyyət fonunda Budapeştdə planlaşdırılan Tramp–Putin görüşü, mümkün sülh razılaşması baxımından xüsusi diqqət çəkir. Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçiriləcək bu görüş yalnız iki lider arasında siyasi dialoq deyil, həm də münaqişənin gələcək taleyini müəyyən edə biləcək platforma kimi qiymətləndirilir. Danışıqların gündəmindəki təkliflər həm regional, həm də qlobal güc balansına təsir göstərə bilər. Ancaq sülhə gedən yolun nə qədər real olduğu və hansı güzəştlər fonunda mümkün olacağı sual doğurur.
Siyasi şərhçi bildirib ki, belə bir şəraitdə Putin reallığı dəyərləndirməli və buna görə də Trumpla görüşmək istəyir.
"Amma əvvəlcədən Budapeştdə mütləq razılaşma əldə olunacağını demək düzgün olmaz. Çünki bəzi məsələlər bağlı qapılar arxasında müzakirə olunacaq. Ukraynanın haqlı tələbləri çoxdur və əsasən torpaqlarının işğaldan azad edilməsini tələb edəcək. Bütün bunları nəzərə alsaq, Rusiya üçün bu atəşkəs razılaşmasının asan olmayacağını deyə bilərik. Əgər Trump Ukraynanı dəstəkləməyə davam edərsə, Rusiyanın vəziyyəti daha da ağırlaşacaq. Üstəlik, ölkə daxilində iqtisadi vəziyyət getdikcə pisləşir. Artıq Rusiyanın 84%-ində yanacaq qıtlığı hiss olunur və Ukrayna hər gün Rusiyanın yanacaq emalı zavodlarını, müəssisələrini vurur. Vəziyyət getdikcə daha da kəskinləşir. Ərzaqla bağlı problemlər yaranıb, müharibəyə cəlb edilənlərə ödənişlər kəskin azaldılıb. Ayrı-ayrı regionlarda bu məbləğlər bəzən 3–7 dəfə azaldılıb, izah isə budur ki, büdcədə kifayət qədər vəsait yoxdur. Beləliklə, Rusiyanın həm pulu yoxdur, həm yetərli canlı qüvvəsi, həm iqtisadiyyatı çətin vəziyyətdədir, həm də dünyəvi sanksiyalar onu boğur. Belə bir şəraitdə Putinin tək çıxış yolu ateşkəsə getmək, qərbin sanksiyalarını yumşaltmaq və Ukraynanın hücumlarını dayandırmaqdır. Ukrayna buna razılaşacaqmı? Razılaşacaqsa, hansı şərtlər daxilində? Bunu növbəti görüşdə öyrənəcəyik və nəticələri ictimaiyyətlə paylaşılacaq. Hazırki vəziyyət üçün isə Rusiya dalana dirənib və vəziyyəti həddən artıq çətindir".
Rəfiqə Namazəliyeva,
AzNews.az